Bakının növbəti parlaq diplomatik qələbəsi: Parisin qarşısı belə alındı!
2023-cü il ərəfəsində ölkəmiz diplomatiya tarixində növbəti qələbəyə imza atdı.Belə ki, Dekabrın 20-21-də Fransa və Ermənistanın Laçın yolundakı vəziyyət ilə bağlı BMT TŞ-na təqdim etdiyi ermənipərəst bəyanatının qəbulunun qarşısı alınıb. Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər. Nə baş verir? Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi gündür davam edir. 20 gündür Laçın yolundan qanunsuz məqsədlər üçün istifadə edə bilməyən Ermənistan guya Laçın dəhlizinin blokadada olmasını iddia edərək BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdi. Dekabrın 20-21-də isə BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi Fransa strateji tərəfdaşı və müttəfiqi Ermənistana dəstək olmaq məqsədi ilə Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlayıb BMT TŞ-nın iclasını çağırdı. Müqayisə üçün deyim ki, bu, ilk belə hal deyil. Belə ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra da Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Aydın məsələdir ki, sözügedən müraciət əsasında TŞ-nın gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. BMT TŞ-nın 4 qətnaməsi ola-ola 30 il ərzində BMT TŞ Ermənistanın Azərbaycana qarşı, təcavüzünə qarşı bir dəfə də olsun toplantı keçirməməsi də diqqət çəkir. Mümkündür ki, bu illər ərzində bənzər toplantının keçirilməsinin qarşısını alan ölkələrdən biri, hətta birincisi məhz Fransa idi. Paris və İrəvanın diplomatik fiaskosu Fransa-Ermənistan cütlüyünün 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı BMT TŞ-da qəbul etmək istədiyi sənəd kimi, dekabrın 20-21-də Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətndə BMT TŞ-nın iclasında qəbul edilmədi. Halbuki tərəflər 10 gündür ki, mətn üzərində sözün əsl mənasında işlər gedir, qəbulu üçün bütün vasitələrə əl atılırdı. Rəsmi Paris bəyanatın qəbul ediləcəyinə əmin idi. Çünki prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və E. Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı. Bu bəyanat qəbul etdiləcəyi təqdirdə növbəti addım kimi qətnaməyə çevirməsi mümkün idi. Lakin nə Ermənistanın, nə də Fransanın məkrli planı baş tutmadı. Azərbaycan ustaca qurulmuş xarici siyasət və diplomatiya sayəsində Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniyanı tərəfinə çəkərək Fransanın məkrli planını iflasa uğratdı. Azərbaycan Prezidentin usta diplomatiyası Əldə edilən diplomatik qələbədə ölkə başçısı Prezident İlham Əliyevin misilsiz xidməti var. Belə ki, Prezidentin Fransa və Ermənistanın atacağı addımı öncədən hesablaması və bunun qarşısını alacaq addımlar atması diqqət çəkir. Misal üçün Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı məkrli işlərin aparıldığına eyham etmişdi. Bundan başqa Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğunu bəyan etmişdi. Bütün bunlar ondan xəbər verir ki, ölkə başçısı çox öncədən Fransa və Ermənistanın Azərbaycana qarşı məkrli plan qurduğunu bilirdi və bunun anonsunu da vermişdi. Məsələ ondadır ki, Fransa əslində belə geosiyasi oyunlar ilə sadəcə Cənubi Qafqaza soxulmaq istəyir. Bunun üçün isə BMT TŞ-nın daimi və qeyri-daimi üzvlərini də öz çirkin xarici siyasətinə alət etməkdən çəkinmir. Nəticə etibarilə, Prezident İlham Əliyev üstün diplomatik göstəriciləri ilə Fransanı öz oyununda məğlub edərək əslində doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşdə işlətdiyi “Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan” ifadəsinin boşuna demədiyini göstərmiş oldu.
Müəllif: Politoloq Turan Rzayev,Siam.az
Tarix: 1-01-2023, 11:45