Dekabrın 31-də Azərbaycan və İran xarici işlər nazirləri Ceyhun Bayramov ilə Hüseyn Əmir Abdullahian ikitərəfli gündəliyin aktual məsələlərini, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat sahələrində əldə edilmiş razılıqlar çərçivəsində icra edilən layihələri müzakirə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, nazirlər arasında telefon danışığı zamanı “Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” İran tərəfindən yeni həmsədrinin təyin edilməsi ilə komissiyanın işinin intensivləşdirilməsi niyyəti ifadə olunub.
“Tərəflər, həmçinin bölgədə post-münaqişə dövründə vəziyyəti, habelə daha geniş regional məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar”, xəbərdə qeyd edilir.
İRNA agentliyi isə İran Xarici İşlər Nazirliyinin məlumatına istinadən bildirir ki, Hüseyn Əmirabdollahian qeyd edib ki, iki ölkə arasında nəqliyyat və tranzit sahələrində əməkdaşlıq gücləndirilməlidir və onlar iki ölkə arasında ticarət mübadiləsini artırmağa hazırdır.
“Nazir İranın bölgədə xarici ölkələrin mövcudluğuna qarşı olduğunu vurğulayaraq, bölgədəki problemlərin müsbət yanaşmalarla region ölkələri ilə həll oluna biləcəyini vurğuladı. Hər iki tərəfin media fəaliyyəti ilə bağlı işçi qruplarının yaradılması və iki ölkə arasında ortaq sərhəddə Araz çayının su qıtlığı və çirklənməsi ilə bağlı araşdırmaların aparılması İranın xarici işlər naziri tərəfindən gündəmə gətirilən və müzakirə edilən məsələlərdəndir,” İran Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
İran-Azərbaycan münasibətlərində gərginlik artıq 3 aydan çoxdur davam edir. Belə ki, oktyabr-noyabr aylarında İran Azərbaycanla, Azərbaycan isə İranla sərhəddə hərbi təlimlər keçirib.
Rəsmi Tehran Şiraz şəhərində terror hadisəsi ilə bağlı Azərbaycan vətəndaşlarını saxladığını, Azərbaycanın təhlükəsizlik qurumları isə İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat-pozuculuq fəaliyyəti ilə əlaqəli olduğu bildirilən azı üç qrupu həbs etdiyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi İran vətəndaşlarının Azərbaycan ərazilərinə qanunsuz keçidi ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsi məqsədilə dekabrın 3-də İranın Azərbaycandakı səfirliyinə nota göndərildiyini bildirib.
Belə ki, İran vətəndaşları qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə (Dağlıq Qarabağa) daxil olduğu barədə xəbərlər yayılıb.
Azərbaycan xarici işləır naziri Ceyhun Bayramov 2022-ci il dekabrın 27-də Azərbaycan-İran münasibətləri ilə bağlı sualın cavabında deyib ki, son müddət ərzində Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var.
“Mən vəziyyəti çox dramatikləşdirməzdim. Çünki burada problemli istiqamətlər də var. Ancaq eyni zamanda hətta son dövrlərdə də bir sıra istiqamətlərlə bağlı müsbət nəticələr də var. İqtisadi sahədə əldə olunmuş razılaşmalar var və onlar icra olunur. Ancaq Azərbaycan-İran münasibətləri mövcud durumdan daha yaxşı ola bilərdi yoxsa yox? Bəli, daha yaxşı ola bilərdi. Hesab edirəm ki, daha yaxşı olmalıdır. Ən azından münasibətlərin gərginləşməsində Azərbaycan Respublikası heç bir fonda, heç bir istqamətdə təşəbbüskar olmayıb. Dəfələlrə bu barədə həmkarım Hüseyn Əmir-Abdullahianla danışıqlarımız olub, o da hər zaman münasibətlərin yaxşılaşması, münasibətlərin daha müsbət məcrada inkişafının tərəfdarı olduğunu bildirib. Azərbaycanın mövqeyi belədir ki, bu dost, qonşu münasibətləri qarşılıqlı hörmət, bir-birinin maraqlarının nəzərə alınması, bir-birnin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmalı və inkişaf etməlidir”, nazir qeyd edib.
Amerikanın səsi
Tarix: 2-01-2023, 16:14