“Xarici və daxili siyasət əsasən düzgün aparılır, amma sosial-iqtisadi sahədə...”
“Xüsusən də 44 günlük savaşdan zəfərlə çıxmış qalib xalq bu vəziyyətdə olmamalıdır..." “Bütövlükdə götürsək, hesab edirəm ki, Azərbaycan dövlətinin həm xarici, həm daxili siyasəti əsas etibarilə düzgün istiqamətdə aparılır. O cümlədən siyasi-dplomatik sahədə, xüsusən də hərbi sahədə, Qarabağla, ərazi bütövlüyümüzlə bağlı atılan addımları müsbət qiymətləndirirəm”.
Bu fikri
Moderator.az-a açıqlamasında Azərbaycan dövlətinin 2022-ci ildə daxili və xarici siyasət sahəsində gördüyü işlərin dəyərləndirilməsi mövzusunda sualı cavablandıran politoloq Sülhəddin Əkbər söyləyib.
“Burada Azərbaycan ordusunun qardaş Türkiyə ordusunun kiçik modelinə uyğun yaradılması, bu istiqamətdə islahatların aparılması, yeni komando hərbi birliklərinin formalaşdırılması, eləcə də Türkiyə generalına Azərbaycan vətəndaşlığı verilərək müdafiə nazirinin müşaviri təyin olunmasını xüsusi qeyd etmək istəyirəm. Türkiyə ilə birgə bir il ərzində keçirilmiş 12 hərbi təlim də çox təqdirəlayiq addımdır...
Eyni zamanda Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin həm Rusiya, həm İranın “5-ci kalon”larına qarşı atdığı addımlar da bu kontekstdə müsbət dəyərləndirilə bilər”- açıqlamasının davamında bunları söyləyən həmsöhbətimiz dövlətin sosial-iqtisadi sahədə gördüyü işləri yetərli saymır.
“Amma zənnimcə, sosial-iqtisadi sahədə atılan addımlar qənaətbəxş deyil. Xüsusən də 44 günlük savaşdan zəfərlə çıxmış qalib xalq bu vəziyyətdə olmamalıdır. Və Azərbaycanda iqtisadi sahədə köklü demokratik islahatlar aparılmalıdır. Xüsusən də iqtisadiyyatın 3 başlıca problemi köklü şəkildə həll olunmalıdır. Əvvəla, monopoliya, inhisarçılıq sözdə deyil, əməldə aradan qaldırılmalıdır. İkincisi, korrupsiya ilə ciddi mübarizə aparılmalıdır. Üçüncüsü isə gizli iqtisadiyyat aradan qaldırılmalıdır. Gizli iqtisadiyyatla mübarizə sahəsində müəyyən addımlar atılsa da, bu, qaneedici deyil. Xüsusən də yeni iş yerlərinin açılması, maaşların artırılması, sosial müdafiə və təminatın gücləndirilməsi xüsusilə vacib məsələdir. Neft və qaz ölkəsində nə orta aylıq əmək haqqı, nə minimum yaşayış həddi qaneedici səviyyədə deyil. Bir tərəfdən inflyasiyanın yüksək səviyyədə olması və insanların real gəlirlərinin əslində artmaması sosial-iqtisadi durumu daha da ağırlaşdırır” – deyə Sülhəddin Əkbər vurğulayıb.
Sultan Laçın
Tarix: 2-01-2023, 21:31