Paşinyan Rusiyadan “qaçış” yolunu tapıb: Kremli şantaj edir, Bakını isə savaşa çəkir


 

Rəsmi İrəvan Azərbaycana qarşı beynəlxalq təzyiqləri gücləndirə, Rusiyanı isə regional proseslərdə oyundankənar vəziyyətə sala biləcəyini düşünür... Paşinyan hakimiyyəti bir tərəfdən beynəlxalq dəstəyin hesabına Azərbaycana qarşı müdafiə sistemi qurmağa, digər tərəfdənsə, Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdırmağa can atır...

Cənubi Qafqazda hərbi-siyasi proseslər gərginləşməkdə davam edir. Üstəlik, gərginləşmə prosesi intensiv xarakter daşıyır. Hazırda Ermənistanın siyasi dairələri israrla situasiyanın xüsusi böhranlı məzmun daşıması üçün əlindən gələn hər şeyi etməkdədir. Və belə vəziyyət yaxın vaxtlarda regional hərbi-siyasi proseslərin nəzarətdən çıxma ehtimalına tamamilə real görüntülər verir.
Əslində, Cənubi Qafqazda situasiyanın artıq təhlükəli istiqamətlər almağa başladığını bəzi Qərb analitik-təhlil mərkəzləri də açıq mətnlə vurğulayırlar. Xüsusilə də, ABŞ-ın "Foreign Policy" nəşrinin analitikləri bu barədə ciddi şəkildə xəbərdarlıq etmişdilər. Onların fikrincə, regionda yeni savaşın baş vermə ehtimalının reallığa çevrilməsi üçün demək olar ki, olduqca ciddi səbəblər mövcuddur. Və bu təhlükədən yayınmaq o qədər də asan olmayacaq.
Məsələ ondadır ki, rəsmi İrəvan sülh prosesini normal siyasi-diplomatik təmaslar üzərindən davam etdirməkdə həvəsli deyil. Əksinə, Paşinyan hakimiyyəti üçün regional sülh prosesinin pozulması demək olar ki, əsas strateji hədəfə çevrilmiş kimi görünür. Üstəlik, Ermənistanın bu davranışlarında xarici amillərin birbaşa təsiri də olmamış deyil.

Bəzi ehtimallara görə, Paşinyan hakimiyyəti hazırda iki məqsədin ön plana keçirilməsinə can atır. Birinci məqsəd Rusiyanın Cənubi Qafqazdakı geopolitik rolunun şübhə altına alınmasından ibarətdir. Rəsmi İrəvan son dövrlərdə atdığı bütün addımlarla və Kremlə yönəlik siyasi ittihamlarla Rusiyanın nüfuzunu hədəfə alıb. Ona görə də, Paşinyan hakimiyyəti mümkün qədər Kremlin regional nüfuzunu sarsıtmağa cəhd göstərir. Və Rusiyanın Cənubi Qafqazda öz üzərinə götürdüyü öhdəliklərin öhdəsindən gələ bilmədiyini qabartmağa çalışır.
İkinci məqsədə gəldikdəsə, Paşinyan hakimiyyəti Ermənistanın Rusiyadan uzaqlaşaraq, Qərbə yaxınlaşmasını artıq dövlət proqramına çevirməyə başlayıb. Rəsmi İrəvan hər imkanda Rusiyanın Ermənistan qarşısında hərbi müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyini və ya bunu ümumiyyətlə, bacarmadığını iddia edir. Ermənistanın təhlükəsizlik maraqlarının təmin edilməsi mıəqsədilə Qərbdə yeni müttəfiqlərin tapılmasının vacibliyi qabardılır. Və bu statusa ən çox uyğun gələn ölkə kimi isə məhz Fransa ilə hərbi müttəfiqliyə üstünlük verildiyinə eyham vurulur.
Belə anlaşılır ki, rəsmi İrəvan bir tərəfdən Azərbaycan-Ermənistan yekun sülh sazişindən yayınır. Digər tərəfdənsə, Kremli açıq ittihamlarla hədəfə almaqla, məqsədyönlü şəkildə Ermənistanın Rusiya ilə münasibətlərini korlamağa cəhd göstərir. Böyük ehtimalla Paşinyan hakimiyyəti regionada mövcud olan situasiyanı və Rusiyanın Ukrayna savaşında zəifləməsini Ermənistan üçün yeni fürsət hesab edir. Yəqin ki, rəsmi İrəvan yeni savaşın başlayacağı təqdirdə, Fransa başda olmaqla, bəzi Qərb ölkələrinin Ermənistana dəstək verəcəyinə və beləliklə də yeni müttəfiqlərin ortaya çıxacağına ümid bəsləyir.
Ermənistan baş naziri Nikol Paşinyanın yeni açıqlamaları da avantürist məzmun daşıyır və Rusiyaya qarşı növbəti üstüörtülü ittihamlarla yüklənib. O, bildirib ki, beynəlxalq ictimaiyyətdən, xüsusilə də, BTM Təhlükəsizlik Şurasının daimi üzvü Rusiyadan konkret addımlar gözləyir. Erməni baş nazirin fikrincə, Rusiyan “sülhməramlı” qüvvələri bölgədə dislokasiya olunduğundan və Laçin yoluna nəzarət etdiyindən Kreml öz öhdəliklərini yerinə yetirməlidir.

Ermənistan baş naziri demək istəyir ki, Rusiya öhdəliklərini yerinə yetirmir və ümumiyyətlə, Kreml regionda aciz duruma düşüb. Yəni, erməni baş nazir üstüörtülü şəkildə Rusiyanı şantaj etməyə çalışır. Qərb hərbi-siyasi iradə mərkəzlərinin regionda Rusiyanı əvəzləməsinin vaxtının çatdığına eyham vurur. Çünki baş nazir Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsinə və Laçın yoluna beynəlxalq missiyanın gösdərilməsinə yönəlik son çağırışlarına bundan fərqli anlam vermək çox çətindir.
Göründüyü kimi, rəsmi İrəvan Ermənistanın Rusiyanın təsir dairəsindən qoparılması üçün əlindən gələn hər şeyi edir. Hətta bu məqsədlə Azərbaycanla yeni savaşın baş vermə ehtimalından belə, istifadə etməyə çalışır. Çünki hazırda Paşinyan hakimiyyəti sülh prosesindən ciddi şəkildə uzaqlaşıb. Və bütün mümkün vasitələrlə Azərbaycanın savaş variantı məcburiyyətində qalması üçün müəyyən təxribatlar törədir.
Məsələ ondadır ki, sülh danışıqları prosesinin başlanğıcından fərqli olaraq, rəsmi İrəvan hazırda Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı-terrorçulardan bərk-bərk yapışmağa çalışır. Yəni, Paşinyan hakimiyyəti məhz Laçın yolundakı dinc aksiyaları bəhanə edərək, Azərbaycana qarşı “etnik təmizləmə” kimi absurd və məntiqsiz ittihamlar irəli sürür. Və bununla da sülh danışıqlarını böhranlı mərhələyə keçirtməyə çalışır.
Halbuki, Laçın yolu da, Qarabağ bölgəsi də Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Rəsmi İrəvanın bu mövcuda açıqlama verməsi, iddialar irəli sürməsi Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Paşinyan hakimiyyəti də tam dəqiqliyi ilə bilir ki, rəsmi Bakı heç kimə Azərbaycanın daxili işlərinə müdaxilə etmək imkanı verməyəcək. Və bu baxımdan, erməni baş nazirin beynəlxalq ictimaiyyəti “ardıcıl şərtlər” irəli sürməyə çağırması təxribat xarakteri daşıyır.

Bütün bunların ardıca baş nazir Nikol Paşinyanın Ermənistanın bütün üçtərəfli anlaşmalara, o cümlədən də Praqa Bəyannaməsinə sadiq olduğunu vurğulaması da konkret məqsədlərə hesablanmış riyakarlıqdan başqa bir şey deyil. Erməni baş nazir beynəlxalq ictimaiyyət qarşısında Ermənistanı “öhdəlikləri yerinə yetirən tərəf” qismində göstərməklə, mövcud situasiyaya görə bütün günahı Azərbaycan və Rusiyanın üzərinə atmaq məqsədi güdür. Və bu, Paşinyan hakimiyyətinin sülh danışıqlarına qayıtmaq niyyətinin olmadığını, sadəcə, böhtan, şantaj məzmunlu açıqlamlarla beynəlxalq himayədarlar qazanmağa can atdığını qabarıq şəkildə biruzə verir.
Halbuki, bütün üçtərəfli anlaşmaları və Praqa Bəyannaməsini icra etməyən yeganə tərəfin məhz Ermənistan olduğunu sübuta yetirmək o qədər də çətin deyil. Yalnız elə Ermənistan ordusunun tör-töküntülərinin hələ də Azərbaycanın Qarabağ bölgəsində qaldığını xatırlatmaq tamamilə yetərlidir. Rəsmi İrəvan Praqa Bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etsə də, Ermənistan ölkəmizin təbii sərvətlərinin talanmasında birbaşa iştirakçıdır. Yəni, rəsmi İrəvan bütün anlaşmalara riayət etsəydi, Azərbaycan və Ermənistan arasında elə bir ciddi problem qalmazdı, yekun sülh sazişi də çoxdan imzalanmış olardı.
Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan nəyin bahasına olursa-olsun, regionda yeni müharibənin baş verməsinə can atır. Paşinyan hakimiyyəti bu savaşın qısamüddətli olmasında və beynəlxalq siyasi dairələrin Ermənistana dəstək verməsində maraqlıdır. Əslində, rəsmi İrəvan da anlayır ki, Ermənistanın yeni savaşa tab gətirmək üçün hərbi potensialı yoxdur. Ancaq Paşinyan hakimiyyəti bunu Ermənistana beynəlxalq dəstəyin verilməsi ilə balanslaşdıra biləcəyinə və savaşın qısa müddətdə yekunlaşdırılmasına nail ola biləcəyinə ümidlidir.
Böyük ehtimalla rəsmi İrəvan bu variant hesabına Azərbaycana qarşı beynəlxalq təzyiqlərin gücləndirilməsinə cəhd göstərir. Eyni zamanda, Rusiyanı da regional proseslərdə oyundankənar vəziyyətə sala biləcəyini düşünür. Əgər, Paşinyan hakimiyyətinin bu “taktika”sı baş tutarsa, rəsmi İrəvan bir tərəfdən beynəlxalq dəstəyin hesabına Azərbaycandan müdafiə oluna, digər tərəfdənsə, Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdıra biləcəyi qənaətindədir. Halbuki, Ukrayna savaşı, beynəlxalq böhranlar və nəhəng dövlətlərin kəskin maraq toqquşmaları şəraitində Paşinyan hakimiyyətinin bu əsassız qənaətləri olduqca absurd, mənasız və bəsit görünür.
Elçin XALİDBƏYLİ,

“Yeni Müsavat” 
Tarix: 5-01-2023, 21:18
Xəbəri paylaş





Xəbər lenti