Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda keçirdiyi etiraz aksiyası başlanan gündən indiyədək Ermənistan Respublikasının rəsmilərindən tutmuş Kim Kardaşyana qədər hamı “humanitar fəlakət”, “genosid” deyibən, dünyaya səs salıblar. Bu millətin xarakteri belədir ki, siyasətdə də, məişətdə də “göz yaşları” töküb, başqalarının ( başqası fərd də olub, bütöv bir dövlət( lər) də) hesabına problemlərini həll etməyə çalışıblar. Bu gün də “timsahın göz yaşları” sel olub dünya siyasət salonlarını, kuluarlarını basıb və hədəf də Azərbaycan göstərilir. Ermənilər, xüsusilə onları idarə edən Rusiyanın “təxribat emissarı” Ruben Vardanyan Azərbaycanın şərtlərini qəbul etməyəcəklərini, sonadək dayanacaqlarını tez-tez səsləndirib, həm “qəhrəman xalq”, “dözümlü xalq” obrazını yaratmağın, həm də beynəlxalq cəmiyyətin diqqətini əvvəl-axır Xankəndinə yönələcəyinin təbliğatını aparırlar. Etiraz aksiyasının perspektivi necə görünür? Bir həftədən sonra aksiyanın bir ayı tamam olacaq. Bizim insan resurslarımız böyükdür və etiraz aksiyasını istədiyimiz qədər uzada bilərik. Qarşı tərəf də yenə “göz yaşları” töküb Azərbaycana təzyiq etmək çağırışlarını pik həddə çatdıracaq.
Məsələnin beynəlxalq hüquqa əsaslanan variantına keçməyin zəruriliyi ortadadır. Laçın yolunun hansısa ayrıcında deyil, məhz yolun sonundakı sərhəddə Azərbaycan və Rusiya sülhməramlı qüvvələrinin birgə nəzarət edəcəyi nəzarət-buraxılış məntəqəsinin və gömrük postunun yaradılması üçün Rusiya ilə danıçıqlar aparıb, tezliklə buna nail olmaq lazımdır. Nəzarət-buraxılış məntəqəsinin yaradılmasını qəbul etməyən ermənilərə haqlı sual ünvanlamaq lazımdır: “Əgər Azərbaycan ərazisinə qanunsuz yüklər-əsasən silahlar gətirib, qanunsuz yüklər- təbii sərvətlərimizi aparmırsınızsa niyə nəzarətdən qorxursunuz? Deməli, cinayət əməllərinizin üstünün açılmasını istəmirsiniz. Bütün dünya ölkələrinin sərhədləri kimi, bizim də ərazimizə daxil olan başqa dövlətlərin vətəndaşları yoxlanılmalıdır. Biz bilirik ki, Qarabağda yaşayan ermənilər də Ermənistan vətəndaşı pasportuna sahibdirlər. Ona görə də, Ermənistan qeydiyyatında olan şəxslərlə, Qarabağ ərazisində qeydiyyatı olanlara fərq qoyulacaq. Ermənistan qeydiyatı olan Ermənistan vətəndaşları Azərbaycan ərazisində bir aydan ( müddət şərtidir, dəyişmək danışıqların predmeti ola bilər) artıq qala bilməzlər və Qarabağ qeydiyyatında olanlar üçün bəlli bir müddətdən sonra Azərbaycan xarici pasportlarının alınması şərt olmalıdır.
Paralel olaraq vətəndaşlarımız hesab etdiyimiz Qarabağ erməniləri ilə onları idarə edən separatçı rejim liderləri arasında qarşıdurmanın yaranması üçün ( bu vacib faktordur) Azərbaycan dövləti yerli əhaliyə yönəlik kompleks humanitar proqramlar layihəsini irəli sürməli və Rusiya tərəfinin təhlükəsizlik tədbirləri çərçivəsində tədricən reallaşmasına nail omalıdır. O zaman “göz yaşları”nın süniliyini və bizim “katastrofa” deyil humanist addımlar attdığımızı şikayət olunan tərəflər də anlayışla qarşılayacaq. Əgər məsələ hərbi yolla deyil, dinc yolla həll edilirsə burada təsirli çevik diplomatiyaya ehtiyac var. Müharibə bitən müddətdən bu günədək qarşı tərəfin apardığı “zamanı uzatmaq” siyasət bizə məlum olduğu halda, nədən dinc və təsiredici əks siyasət yürütməyək və düşməni öz silahı ilə vurmayaq? Hesab edirəm ki, diplomatiyamızın təsir imkanları var və 2023-cü ildə bu təsirləri təzyiq səviyyəsinə qaldırmaq mümkündür.
Ekoloji aksiyayla yanaşı artıq Şuşanın kəndlərinin əhalisi də aksiya təşkil etməli, separatçıların etnik təmizləmə apraraq keçmiş Dağlıq Qarabağda yaşayan azərbaycanlıları son nəfərinədək çıxardıqlarını dünyaya bir daha göstərməliyik. İndiki aksiya iştirakçılarını “psevdo ekoloq” adlandıranlar Xankəndinin, Şuşanın, Xocavəndin, Ağdərənin azərbaycanlı əhalisinə “psevdo” adı qoya bilməzlər. Biz yurdumuza qayıdırıq və 10 noyabr üçtərəfli razılaşmasında qaçqınların geri qaytarılması ayrıca bənddir. Altmış mindən çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ ərazisindəki 63 yaşayış məntəqəsinə qayıtması təcili gündəmə gətirilməlidir. Ona görə ki, dünya ictimaiyyətində düşmən o təsəvvürü yaradıb ki, guya burada yalnız ermənilər yaşayıb. Azərbaycanlı qaçqınların Laçın yolunda etiraz aksiyasına qoşulmasının təşkil edilməsi və bununla da ermənilərin Qarabağda azərbaycanlıları etnik təmizləməyə məruz qoyması faktını indiki vaxtda dünya ictimaiyyətinin diqqətinə çatdırılması ermənilərin “göz yaşları” silahını əlindən alacaq.
Məğlub tərəf, xüsusilə separatçı rejim liderləri faktiki olaraq Azərbaycana meydan oxuyurlar. Laçın yolundakı aksiyanı da öz xeyirlərinə çevirmək üçün şərtlərimizi qəbul etməyəcəklərini hər gün elan edirlər. Cavabımız hələ ki, situasiyanı dəyişdirmir. Dəyişdirə biləcək ən real, həm də yaranmış vəziyyətdə hər üç tərəf üçün sivil həll yolu Laçın -Gorus istiqamətindəki dövlət sərhədinə Azərbaycanın nəzarət etməsidir. Burdan başlamalıyıq.
İlham İsmayıl
Tarix: 6-01-2023, 09:18