Təzəcə daxil olduğunuz may ayı Azərbaycan və Ermənistan arasında sülh anlaşmasının əldə olunması baxımından çox əhəmiyyətli ola bilər. Hər halda, ay girər-girməz, xüsusən də supergüc ABŞ-ın timsalında görünməmiş diplomatik fəallıq müşahidə edilməkdədir.
Azərbaycan və Ermənistan XİN rəhbərləri artıq Amerikadadır. Dövlət katibi Entoni Blinken bu ərəfədə Ermənistan baş naziri Nikol Paşinlayanla, bir gün sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.
“ABŞ Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir və tərəflərin birbaşa dialoqunu Cənubi Qafqazda nizamlanmanın yeganə yolu hesab edir”.
Bunu XİN başçılarının görüşü ərəfəsində E.Blinken bəyan edib. Bakı-İrəvan sülh danışıqlarının önəmini vurğulayan Blinken ölkəsinin bu məsələdə yardım etməyə hazır olduğunu bildirib. (Yazı hazırlanarkən xarici işlər nazirlərinin görüşü hələ başlamamışdı. Danışıqların böyük hissəsi Vaşinqtondan kənarda yerləşən Corc Şultz adına Xarici İşlər üzrə Təlim Mərkəzində keçiriləcək. Bazar ertəsi Blinkenin Təlim Mərkəzində nazirlərlə ayrı-ayrılıqda görüşü, sonra isə onların ikitərəfli formatda danışıqları planlaşdırılırdı).
“Birləşmiş Ştatlar bu həftə Azərbaycan və Ermənistan arasında Qarabağ üzrə danışıqların növbəti raundunu keçirməyə və fikir ayrılıqlarını aradan qaldırmaq üçün "yol xəritəsi" hazırlamaqla hazırlaşır".
Bu sözləri isə diplomatik mənbələr “Turan”ın ABŞ-dakı müxbirinə bildiriblər. Qeyd olunur ki, Blinkenin dəvəti ilə ABŞ paytaxtına gələn Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü bir neçə gün davam edə bilər. Məlumdur ki, Blinken artıq həm xarici işlər nazirləri ilə (sonuncu dəfə keçən ilin noyabrında Vaşinqtonda), həm də iki ölkənin liderləri ilə (fevralda Münhen Təhlükəsizlik Konfransında) müzakirələr aparıb. Vaşinqtondakı budəfəki danışıqlar sülh üçün “yol xəritəsi”nin hazırlanmasında uğur qazanarsa, o zaman Avropa Azərbaycan və Ermənistan liderlərini “bir neçə həftə ərzində” sülh müqaviləsi bağlamaq üçün qəbul edəcək.
*****
“ABŞ Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantının təsdiq edilməsi üçün təzyiq edir”.
Bu barədə ötən həftə erməni mediası hakimiyyətdəki mənbələrinə istinadla yazmışdı. İddia edilir ki, sülh sazişinin layihəsini bu yaxınlarda ABŞ dövlət katibinin müavini Erika Olson baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilirdi ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur, ancaq onun Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin edilir.
Bu arada Nikol Paşinyan rəhbəri olduğu Mülki Müqavilə Partiyasının nümayəndələri ilə görüşüb. “Qraparak” qəzeti yazıb ki, görüş zamanı Paşinyan onlara Ermənistan üçün çətin zamanların yetişdiyini etiraf edib. O, beynəlxalq ictimaiyyətin artıq İrəvandan Azərbaycanla məsələnin qısa zamanda həll edilməsini və sülh müqaviləsi imzalamasını tələb etdiyini bildirib. Paşinyan həmçinin Qarabağın öz müqəddəratını təyinatı məsələsinin qeyri-real olduğunu bildirərək, Xankəndinin Azərbaycana reinteqrasiyasının vacibliyinə işarə vurub.
*****
Sadalanan gəlişmələr sülh anlaşması ətrafında iki il yarımdır davam edən qeyri-müəyyənlik mərhələsinin bitməsi və yeni, daha məhsuldar, hətta həlledici dönəmin başladığı qənaətini möhkəmlədir. Belədirmi? Sülh sənədinin imzalanması yaxındadırmı? ABŞ, ümumən Qərb bunda səmimi şəkildə maraqlıdırmı? Bəs Rusiya qısqanclıq amili səbəbi ilə nə dərəcədə sülhə əngəl yarada bilər?
Bir şeyi əminliklə söyləmək olar ki, zaman Ermənistana işləmir və “miatsum” qatarı geri dönməyəcək. Bunu kapitulyant ölkədə anlayanların sayı yavaş-yavaş da olsa artmaqdadır.
“Qarabağı Azərbaycandan qoparmağa ümid yox idi, amma bizdə dedilər ki, Qarabağ Ermənistandır və nöqtə”.
Bunu Stenford Universitetinin siyasi elmlər doktoru, erməni politoloq Artur Xaçikyan deyib. O, Paşinyanın bu açıqlamasını “məsuliyyətsizlik” adlandırıb və Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra Ermənistanda Rusiya əleyhinə aparılan təbliğatın şiddətləndiyini söyləyib.
Onun sözlərinə görə, “Rusiyanın məsuliyyəti” haqda danışarkən və Bakıya etiraz edərkən, bir şeyi nəzərə almaq lazımdır ki, İrəvan Praqa bəyanatı ilə Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
“Başa düşmək lazımdır ki, heç kim, o cümlədən Rusiya Azərbaycan və Türkiyəyə qarşı döyüşmək istəmir. Avropa Azərbaycana qarşı hər hansı sanksiya tətbiq etməkdən imtina edir, ABŞ Azərbaycana qarşı sanksiyaların olmayacağını deyir. Avropanın, Amerikanın nümayəndələri bir-birinin ardınca gedib Bakıda Əliyevlə (Prezident İlham Əliyev - red.) görüşürlər”, - Xaçikyan vurğulayıb.
Erməni ekspertə görə, Rusiya ilə yanaşı, Avropa Birliyi və ABŞ da Azərbaycanı öz yanlarında görmək istəyir. “Bu durumda Ermənistan öz qayğısına özü qalmalıdır. Ermənistanın "məxməri xəyalları" heç nəyə gətirib çıxarmadı, Qərb açıq-aydın Azərbaycanın tərəfindədir. Biz uçuruma gedirik, təşviq etdiyimiz sülh gündəliyi iflasa uğradı", - deyə o əlavə edib.
*****
Öz növbəsində politoloq Fikrət Sadıqov hesab edir ki, Vaşinqton müzakirələri sülh sazişinin imzalanmasına yol aça bilər. Bu barədə o, Musavat.com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, həm ABŞ və Fransa, həm də Rusiya düşünür ki, Qarabağda yaşayan etnik ermənilərin hüquqları ciddi şəkildə müdafiə olunmalıdır: “Sanki Azərbaycan hansısa bir etnik qrupun hüquqlarına təzyiq göstərir”.
Politoloqun fikrincə, Vaşinqtonda bir sıra ciddi məsələlər müzakirə olunacaq: “Ancaq hesab etmirəm ki, xeyli müddət ərzində aparılan danışıqların nəticəsi birmənalı şəkildə müsbət olsun. Hər halda, bizim mövqeyimiz konkret və prinsipialdır. Ermənistan isə çabalayan bir mövqedədir. Biz görürük ki, onlar bəzi hallarda mövqelərini dəyişirlər, həm Qarabağda yaşayan etnik ermənilərlə, həm də sazişin imzalanması ilə bağlı verdikləri bəyanatlarla vəziyyəti mürəkkəbləşdirmək istəyirlər. Vaşinqtonda aparılacaq danışıqlardan ciddi və yekun bir nəticə gözləmirəm. Amma hər halda, mövqelər yenidən səsləndiriləcək, saziş ətrafında ciddi müzakirələr gedəcək. Bu da sülh sazişinin imzalanmasına yol aça bilər”.
Prosesin bu axarda gedib-getməyəcəyi isə bir neçə günə bilinəcək. Çox şey təbii ki, İrəvanın özünü nəhayət, adekvat və konstruktiv aparacağından, həmçinin ABŞ-ın “qərbçi” Paşinyana təzyiq edib-etməyəcəyindən asılı olacaq... “Yeni Müsavat”