Mayın 3-də Rusiyanın paytaxtı Moskva ardıcıl dron zərbələrinə məruz qalıb. İlk zərbə Kremlə endirilib. Hücum nəticəsində ölən və yaralanan olmasa da, Kremlin üstündəki Rusiya bayrağının bərkidildiyi gümbəz yanıb. Günorta saatlarında isə yenidən Moskva səmasında dronlar görünüb. 17:38 radələrində Bolşaya Polyanka küçəsində müşahidə edilən dronlar təxminən bir neçə dəqiqə sonra həmin əraziyə zərbə endirib.
Hücumu bu ölkə təşkil edib…
Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.
Prezident Volodimir Zelenski deyib ki, Ukrayna öz ərazisini, kənd və şəhərlərini qoruyur.
Zelenskinin bu sözlərini səmimi hesab etmək olar. Ukrayna hazırda Rusiyanın növbəti genişmiqyaslı hücumlarına hazırlaşır. Yəni bir əks-hücum olacaqsa belə, rəsmi Kiyevin bunu dəf edəndən sonra hərəkətə keçməsi daha məntiqli olardı. Digər tərəfdən Zelenskinin də qeyd etdiyi kimi Ukrayna ordusunda hazırda ciddi silah-sursat çatışmazlığı var.
Prinsip etibarilə Kremlin vurulmasının arxasında Kiyevdən çox, Moskvanın olduğu görünür:
Birincisi, Ukrayna dronlarının bu qədər uzaq məsafəni qət edib radar sistemlərinə görünmədən Kremlə və Moskvanın digər nöqtələrinə zərbə vurması mümkün deyil. Mümkündür ki, dronlar elə Moskva ətrafı ərazidən havaya qalxıb.
Sakinlərin PUA-ların Moskvaya doğru uçduğunu görüb hakimiyyət orqanlarına məlumat verməsinə baxmayaraq, qurumların məsələyə əhəmiyyət verməməsi də hadisənin Kreml tərəfindən təşkil edildiyini sübuta yetirir.
Rusiya Prezidentinin mətbuat xidməti bildirib ki, hərbçilər və xüsusi xidmət orqanları iki PUA-nı sıradan çıxarıb. Yəni istənilsə bütün PUA-lar sıradan çıxarılardı. Məhz iki PUA-nın sıradan çıxarılması da hücumun Ukrayna tərəfindən törədildiyi təəssüratı yaratmaq üçündür.
İkincisi, dron hücumunun Kremlə və Moskvanın bəzi nöqtələrinə təşkil edilməsi təsadüf deyil. Rusiya bununla Ukraynanın dron hücumu ilə Prezident Vladimir Putini hədəf aldığını, bu yolla öldürmək istədiyini göstərməyə çalışır.
Aydındır ki, Putin gecə saat 3-də Kremldə olmur. Rusiya prezidentinin olduğu obyektlər yüksək təhlükəsizlik sistemləri ilə müdafiə olunur.
Kremlin məqsədi
Kreml dron tamaşası ilə bir sıra nəticələrə nail olmaq istəyir:
Birincisi, Rusiya bu hücumlarla ictimai rəyi Ukrayna müharibəsinə çəkmək, döyüş ruhunu artırmaq və aparılan müharibənin lazımlılığını sübut etməyə çalışır. Hücumun məhz 9 May paradından öncə olması da bunu təsdiq edir.
İkincisi, Kreml hücumun Kiyev tərəfindən təşkil edildiyi təəssüratını yaradaraq ABŞ başda olmaqla Qərbin Ukraynaya dəstəyinin qarşısını kəsmək istəyir. Bununla Kiyevə olan inamı zəiflətməyə çalışır.
Üçüncüsü və ən əsası, Rusiya bu şou ilə Ukraynaya ediləcək növbəti hücum əməliyyatlarını legitimləşdirməyi düşünür. Hətta Rusiyanın taktiki nüvə silahından istifadə etməsi də mümkündür.
Prinsip etibarilə Kreml bunu daha əvvəl etmək istəyirdi. Misal üçün, 2022-ci ilin fevralında, savaşdan bir qədər əvvəl Vladimir Putin Rusiyanın strateji nüvə qüvvələrinin (RSNQ) “xüsusi döyüş vəziyyətinə” gətirilməsinə dair əmr verib və təlimlərini keçirib. O, daha sonra Rusiya ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu demişdi.
Moskva onu da yaxşı bilir ki, ABŞ və NATO tammiqyaslı nüvə müharibəsinin başlanması riskindən yayınaraq, münaqişəni daha da gərginləşdirmək istəmir. Bu mənada Kreml taktiki nüvə silahından istifadə etmədən öncə Qərbin Ukraynanı danışıqlar masasına oturması üçün təzyiq etməsini gözləyə bilər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 4-05-2023, 18:07