Vaşinqton görüşü haqqında dünya mediasında, o cümlədən Azərbaycan və Ermənistan mətbuatında siyasi şərhlər, proqnozlar hələ də davam edir və müxtəlif rəylər olmasına baxmayaraq, bir məsələ aydındır ki, cəmiyyətdə də, elə şərhçilərin özlərində də detallı olaraq bu görüşün nəticələri barədə informasiya qıtlığı mövcuddur. Vaşinqtonun təşəbbüsü ələ alması, Rusiyanın Cənubi Qafqazda təsirini azaltmaq üçün münaqişə tərəflərinin onun çətiri altında sülh müqaviləsini imzalayacağını nümayiş etdirməsi, Rusiyanın bölgədən sıxışdırılması siyasəti barədə deyilən şərhlər yeni məsələ deyil, müharibədən sonra bütövlükdə Qərbin prioritet hədəfidir. Bu məlum. Rusiyanın əvvəllər də, indi də Brüsselin, Vaşinqtonun bu istiqamətdə apardığı siyasəti bəzən qısqanclıqla, bəzən qəzəblə qarşıladığı, sülhə yaxınlaşmaq meyllərinin artdığının reallaşdığını hiss edəndə buna hərbi-siyasi təxribatlarla cavab verdiyi də yenilik deyil. Ona görə də, ABŞ-dan “ tərəflərin sülhə yaxınlaşdıqlarında tərəqqi yaranıb” bəyanatları, amma açar məsələlərdə fərqli mövqelərin olduğu barədə verilən rəsmi informasiyalardan sonra -“ indi nə gözlənilir”, “ sülh müqaviləsi iyunun 1-də imazalana bilərmi”, “Moskvanın reaksiyası bundan sonra necə olacaq” kimi bu və ya digər suallar aktual olaraq qalır.
Brüsseldə, ümumiyyətlə Qərbdə keçirilən görüşlərdən sonra və ya əvvəl Ermənistan rəhbərliyinin Moskvaya, Soçiyə çağırılması az qala qanunauyğun hal alıb. Eyni zamanda Ermənistan rəhbərliyinin Qərbdə bir mövqe nümayiş etrdirib, Rusiyaya səfərdən sonra əks mövqelər bildirilməsi də bu qanunauyğunluğun tərkib hissəsidir. Vaşinqton görüşü yekunlaşmamış Praqada səfərdə olan Ermənistan baş nazirinin tələsik “gələn həftə Moskvaya səfər edəcəm” bəyanatı da qeyd etdiyimiz qanunauyğunluğun təzahürü kimi dəyərləndirilməlidir, baxmayaraq ki, Kremldən bu səfərin razılaşdırılmadığı və Putinlə görüşün olacağının müəyyən edilmədiyi barədə açıqlama gəldi. Paşinyanın bu səfər barəsində tələsik bəyanatı Rusiyanın Vaşinqton müzakirəsinə olan qəzəbini yumşaltmaq, daxildə olan təzyiqləri neytrallaşdırmaq məqsədi güdür. Nikol Paşinyanın belə reveransları artıq yenilik sayılmır, müharibə bitəndən bəri apardığı siyasətə sadiq qaldığını bir daha təsdiqləyir. Bütün bunlar-Rusiyanın, Ermənistanın sülh müqaviləsindən qaçmasına, zaman udmasına xidmət edən növbəti siyasi gedişlərdir. Bizim üçün yeni olmayan bu siyasi gedişləri xatırlatmağın bir səbəbi var: qarşı tərəflərin müharibədən sonra apardığı siyasətdə dəyişiklik yoxdur, iki il yarım müddətdə nəqliyyat infrastrukturlarının açılması, sülh dialoqu, delimitasiya, demarkasiya işləri, parlamentarilər və ictimayyət nümayəndələrinin görüşləri kimi süni şəkildə zamanın uzadılmasına xidmət edən, real sülhdən başqa hər şeyə xidmət edən təkliflərin nəticəsiz müzakirələri yenidən gündəmə gətirmək. Rusiya XİN müavini, bu vəzifəyə cəmi beş aydır təyin olunan Qaluzinin Vaşinqton görüşünə münasibəti barədə açıqlamaları məhz bu tezislər əsasında idi və uzun illərdir davam edən konfliktlərin bu tezliklə həll olunmasının qeyri-mümkünlüyünü xüsusi vurğulamaqla tərəfləri tələsməməyə çağırırdı.
O zaman biz nə etməliyik? Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınır, Qarabağla bağlı şərtlər irəli sürür və sülh müqaviləsini imzalamır. Yəni, sülh istəmir. Olsun. Dövlət başçısı dediyi kimi, sülh istəmirsə olmayacaq! Deməli, Ermənistanla sülh məsələsi arxa plana keçməli, birbaşa Qarabağda dövlət nəzarətimizin yaranmasına yönəlik siyasi proseslərin “yol xəritəsini” ortaya qoyub hərəkətə keçməliyik. Müharibədən sonra Azərbaycanın istər diplomatik, istərsə də hərbi uğurları birbaşa Qarabağla bağlıdır. Fərrux dağına, Sarıbabaya, Qırxqıza, Laçın rayon mərkəzinə, Zabux və Susa nəzarətimiz, nəhayət sərhəd nəzarət buraxılış məntəqəsinin yaradılması bizim taktiki və strateji uğurlarımızdır. Bu uğurlu prosesi Rusiya sülməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə davam etdirməliyik. Keçən yazımızda qeyd etdiyimiz kimi, Rusiya və Ermənistan Azərbaycanı yenidən danışıqlar labirintinə istiqamətləndirib əsas hədəfdən – Qarabağa dövlət nəzarətimizi yaratmaqdan yayındırmaq siyasətinin növbəti mərhələsinə keçid etməyi planlaşdırır. Biz bu mənasız görüşlərə, danışıqlara qarşı prinsipial mövqemizi qoymalıyıq. İlk olaraq Azərbaycan 10 noyabr bəyanatını əsas gətirib erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən mayın sonunadək çıxarılması tələbini RF və Ermənistan qarşısında qoymalı, əks halda hərbi güc tətbiq etməklə qanunsuz silahlı qüvvələri suveren torpaqlarımızdan çıxaracağını elan etməlidir. İkincisi, silahlı qüvvələr çıxarıldıqdan sonra, yenə də 10 noyabr bəyanatına əsasən Qarabağ iqtisadi bölgəsində ermənilərlə azərbaycanlıların reinteqrasiyası prosesinə start vermək üçün azərbaycanlı qaçqınların doğma yurdlarına qayıdışı təmin olunmalı, bu istiqamətdə zəruri hesab edilən bütün siyasi, inzibati, iqtisadi, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi planı qarşı tərəflərə çatdırılmalıdır.
Müharibədən sonra bütün uğurlarımız, xüsusilə nəzarət buraxılış məntəqəsiniun fəaliyyətə başlaması bir daha sübut edir ki, birbaşa Qarabağla əlaqədar həyata keçirdiymiz hərbi, siyasi addımlar daha təsirlidir, düşməni hesablaşmağa məcbur edir. Biz Qarabağda işimizi görək, o zaman Ermənistan da, Rusiya da bizi sülh müqaviləsinin şərtləri və vaxtı ilə şantaj edə bilməyəcəklər. Onlar nə plan qurursa qursun, biz “çayı vurub keçməliyik”. Ermənilərin ”ay qoymayın, etnik təmizləmə, genosid baş verir” çığırtılarına biz də, dünya ictimaiyyəti də çoxdan doyub. Onlar qışqıracaq, bizim Qarabağ karvanımızsa gedəcək.
P.S. Yeri gəlmişkən, Rusiya hərbi kontingentinə Azərbaycan ərazisini tərk etmək haqqında xəbərdarlıq etməyə düz iki il vaxt qaldı. Görəcəyimiz işlər qarşısında çox az müddətdir, odur ki, gecikə bilmərik. İlham İsmayıl
Tarix: 7-05-2023, 17:59