Sərhəddə gərginlik artır: 14 maydan sonra nələr baş verəcək?
Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla növbəti dəfə qəsdən təxribat törədib. Gərginlik nəticəsində bir hərbi qulluqçumuz şəhid olub, biri isə yaralanıb. Planlı təxribat Rəsmi İrəvanın bu təxribatı məqsədyönlü və planlı icra etdiyini demək olar: Birincisi, hərbçimiz snayperdən açılan atəş nəticəsində yaralanıb. Bu, Ermənistanın öncədən əraziyə snayperləri cəlb etdiyini göstərir. İkincisi, Ermənistan insidentdən sonra dərhal zərbə dronlarından istifadə etdi. Yalnız hücum edən tərəf bunu öncədən hesablaya bilərdi. Üçüncüsü, Ermənistan Müdafiə Nazirliyi və onunla sinxron şəkildə Xarici İşlər Nazirliyi çox qısa intervallarla ardıcıl açıqlamalar və bəyanatlar verirdi. Vəziyyət barədə feyk məlumatların ardıcıl yayılması təxribatın qabaqcadan planlaşdırmasından xəbər verir. İrəvanın məqsədi Ermənistan ilk dəfə deyil ki, sərhəddə təxribat törədir. Budəfəki təxribat da müəyyən mənada gözlənilən idi. Ermənistanın növbəti dəfə vəziyyəti gərginləşdirməsində iki başlıca məqsədi var: Birincisi, rəsmi İrəvan bununla ənənəvi olaraq Azərbaycanı hər hansı addımlar atmağa məcbur etmək və son nəticədə vəziyyəti gərginləşdirməkdə və ya təcavüzdə ittiham etməkdir. Bu məqamda Fransanın Ermənistandakı səfirliyinə yeni hərbi atteşe təyin etməsi də diqqət çəkir. Belə ki, yeni atteşe Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Parisin Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarı da şəxsən Fransa Prezidenti Emmanuel Makron verib. Bu həm də onu deməyə əsas verir ki, insidentin pərdəarxasında dayanan ölkələrdən biri də Fransadır. İkincisi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən dörd günlük görüş sonrası və Brüsseldə keçiriləcək görüş öncəsi belə bir insidentin baş verməsi təsadüfi deyil. Rəsmi İrəvan görüşdən əvvəl təxribata əl ataraq kompromis yollarını bağlamaq, prosesin uzanmasını təmin etmək istəyir. Aydın məsələdir ki, Paşinyan Brüssel görüşünə “yox” deməsə də, bütövlükdə razılığa gəlinən məsələlərdən narazıdır. Çünki Ermənistan Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə çətin vəziyyətlə üzləşəcəyini, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması, əgər tanıyırsa, hansı çərçivədə bunu etdiyi barədə suala birmənalı cavab verməyə məcbur olacağını bilir. Buna görə də vəziyyəti gərginləşdirməklə, ənənəvi metod olan təxribata əl atmaqla vəziyyətdən çıxmağa çalışır. Nəticə Bu əməliyyat Ermənistanın məqsədli şəkildə həyata keçirdiyi hərbi-siyasi təxribat idi. Rəsmi Bakı təxribatların qarşısını alsa da, bənzər hücumların yenidən olması istisna deyil. Hesab etmək olar ki, 14 maydan sonra baş verəcək növbəti təxribata rəsmi Bakı daha sərt cavab verəcək. Baş verənlərə görə məsuliyyət isə Ermənistanın üzərinə düşəcək.
Müəllif: Politoloq Turan Rzayev,Siam.az
Tarix: 12-05-2023, 16:43