Ermənistan ordusunun Kəlbəcər istiqamətində hərbi təxrbat törətməsi Azərbaycanla son vaxtlar intensivləşən danışıqlar prosesinə zərbə vura bilər.
Hələlik hər iki ölkənin liderlərinin mayın 14-də Brüsseldə keçiriləcək görüşə gedəcəyi təsdiqlənsə də, Ermənistanın silahlı hücumları Paşinyan hökumətinin sülhə hazır olmadığını göstərir. Bu səbəbdən tərəflər arasında gərginliyin artması sülh prosesini əngəlləyir. Qeyd edək ki, Brüssel danışıqlarından sonra mayın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada, iyunun 1-də isə Prezident İlham Əlievlə Baş nazir Nikol Paşinyanın Kişinyovda görüşlərinin keçirilməsi nəzərdə tutulub. Yəni növbəti müzakirələrin baş tutması Brüsseldə tərəflər arasında razılaşmanın əldə olunmasından çox asılıdır.
Əks halda, Ermənistan növbəti təxribata əl ata bilər. Ona görə də rəsmi Bakının Kişinyov görüşünə qədər real vəziyyəti nəzərə alaraq, addım atacağı proqnozlaşdırılır. Azərbaycan Xarici İşlər Nazirliyi liderlərin Kişinyovda görüşünün keçiriləcəyi barədə yekun razılığın hələ əldə olunmadığını bildirib. Buna baxmayaraq, danışıqların təşəbbüskarı kimi çıxış edən Avropa İttifaqı Siyasi Şurası və ABŞ Moldovada sülh sazişi ilə bağlı əhəmiyyətli razılaşmanın əldə olunmasına çalışır.
SİAM.AZ-ın məlumatına görə, politoloq Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, Qərbin diplomatik səyləri vasitəçilik prosesində Şərqi Avropa xəttinin canlandırılmasından xəbər verir:
“Kişinyovda nəyin dəyişəcəyini demək çətindir. Ancaq görünür ki, müzakirələrin Brüsseldə keçirilməməsi Fransanın mərkəzçiliyi üzərindən təsir mexanizminin məhdudlaşdırılmasına hesablanıb. Ola bilsin ki, görüşdə Avropanın hansısa strukturlarının iştirakına yönəlik mexanizm təklif edilə bilər. Bu baxımdan, ATƏT-in adını çəkmək olar.
Ümumiyyətlə, hesab edirəm ki, bütün platformalarda danışıqları davam etdirmək lazımdır. Azərbaycanın mövqeyi prosesi dondurmaq deyil, irəliyə aparmaqdır. Bu, sülh prosesi də olacaq, anlaşma da. Hər halda bu danışıqların dondurulması deyil. Azərbaycan da bu mövqedən çıxış edir. Sərhəddə baş verən son təxribatı da Qərbin təşəbbüsü ilə aparılan müzakirələrin sabotaj olunması cəhdi hesab edirəm. Lakin mayın 14-də və 19-da keçiriləcək görüşlər də var. Hər halda tərəflərin yekun sazişə doğru getdiyi hiss olunur. Bu baxımdan, sazişin reallaşmasına yönəlik konkret təkliflər, razılaşmalar var. Hətta bu razılaşmaların bir qismi masadan kənarda əldə olunub”.
Qeyd edək ki, iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında “Münasibətlərin Tənzimlənməsi Sazişi” adlı çərçivə sənədinin imzalanacağına dair məlumat yayılıb. “İravunk” nəşri isə yazır ki, iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında yekun sənəd imzalana bilər. Məlumata görə, Avropa Siyasi Şurasının Kişinyovda keçiriləcək sammiti çərçivəsində baş tutacaq görüş sənədin imzlanması ilə tarixə düşə bilər:
“Lakin bundan əvvəl 14 mayda Brüsseldə keçiriləcək görüş həlledici olacaq. Böyük ehtimalla İlham Əliyevlə Paşinyan yekun sənəddən öncə Brüsseldə detalları müzakirə edib, razılaşdıracaqlar”.
Nəşr qeyd edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüssel görüşündən əvvəl ciddi qorxuları var.
“Bu qorxular ilk növbədə diasporla bağlıdır. İstər Paşinyan, istərsə diasporla iş üzrə baş komissar Zareh Sinanyan səviyyəsində baş tutan son təmaslar göstərdi ki, bundan sonra diaspor susmayacaq və etiraz edəcək”, - nəşr qeyd edir.
Əziz Əlibəyli hesab edir ki, birbaşa sülh müqaviləsinin imzalansı real görünmür. Bu, Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Ona görə də yekun sənəddən öncə “çərçivə sazişi” imzalanmalıdır:
“Sülh sazişindən əvvəl həll edilməli olan məsələlər var. Gələcəkdə daha ciddi addımların atılması üçün “çərçivə sazişi” mütləq imzalanmalıdır. Azərbaycan ilk növbədə kommunikasiyaların açılmasını, Qarabağdakı terrorçuların taleyinə aydınlıq gətirilməsini istəyir. Bunlar əvvəlki illərlə müqayisədə xeyli asanlaşıb. Laçında nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasından sonra Ermənistanın bölgədəki maraqlarına ciddi zərbə dəydi.
Ona görə də bunları həyata keçirmək xeyli asanlaşıb. Hesab edirəm ki, Ermənistana Azərbaycan qarşısında öhdəlik götürməlidir. Yəni Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir. Amma İrəvan bunu gələcəyə saxlamaq niyyətində görünür. Bu səbəbdən, Ermənistan Qarabağla bağlı öhdəliyə imza atmalıdır. Həm işğal nəticəsində yaranmış vəziyyətə, həm orada formalaşmış düşmən mühitə, həm oradakı terroçulara, silahlara, minalanmış sahələrə görə Azərbaycan kəskin mövqe ortaya qoymalıdır”.
Qeyd edək ki, Kişinyov danışıqlarında Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun iştirakı təklif edilsə də, Azərbaycan görüşün beştərəfli formatda keçirilməsindən imtina edib. Bundan sonra müzakirələrin yalnız Şarl Mişelin vasitəçiliyi ilə aparılmasına dair razılıq əldə olunub. Lakin Mayın 12-də Şarl Mişelin mətbuat xidmətindən “Azadlıq” radiosunun erməni bürosuna verilən açıqlamada danışıqlara Fransa və Almaniya liderlərinin qatılacağı bildirilib.
Bu isə Azərbaycanı Kişinyov görüşündən çəkindirən amilə çevrilə bilər. Ekspertin sözlərinə görə, Fransanın masadakı iştirakı Azərbaycanı qane etmir. Bu da rəsmi Parisin Azərbayacana qarşı düşmən mövqe tutması ilə bağlıdır. Almaniya isə problemi bütün Avropa ərasizində həll ertməyə üstünlük verir. Hər iki dövlət Cənubi Qafqazı coğrafi baxımdan Avropanın tərkib hissəsi kimi görür.
“Amma bu prosesi başa çatdırmaq üçün Fransa Azərbaycana təzyiq üsullarından istifadə etməyə çalışarsa, Almaniya da bu siyasəti dəstəkləyə bilər. Bu da Azərbaycanı qane etmir. Ona görə də bu formatlar əvvəldən müəyyənləşməlidir. Prezident İlham Əliyev də Azərbaycana təhdidlərin olduğunu dedi. “Beşlik” formatı da bu təhdidlərdən biridir. Qərbin bu formatı işə yaramaya da bilər. Çünki Azərbaycan Prezidenti mübariz xarakterli şəxsdir”.