“Rusiya öz vasitəçiliyi ilə sülh müqaviləsinin bağlanmasında da maraqlı deyil”-Ekspertlərdən ilginc açıqlamalar
“Bu gün Cənubi Qafqazda ciddi geosiyasi prosesləri müşahidə edirik. Qlobal səviyyədə müharibə aparan güc mərkəzləri Azərbaycan və Ermənistan arasında sülh, sabitlik və təhlükəsizlik uğrunda savaşa giriblər”.Politoloq İlyas Hüseynov bu fikirləri
Musavat.com-a açıqlamasında söylədi. Ekspert Moskvada baş tutan XİN rəhbərlərinin görüşünə diqqət çəkərək bildirdi ki, ötən il Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına nail olmayan vasitəçilər yenidən aktiv fəaliyyətə keçiblər: “Brüssel, Vaşinqton, Kişinyov, Qranada, Moskva şəhərlərində sülh müqaviləsinin yol xəritəsi və ya ilkin variantı imzalana bilər”.
İ.Hüseynov son gəlişmələrə də diqqət çəkdi:“Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazi bütövlüyünü və suverenliyini Brüsseldə tanıdıqdan sonra bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan Reykyavikdə bir daha bəyan etdi. 86.6 min kvadrat kilometr və 29.8 min kvadrat kilometr ərazi bütövlüyünü tanınması delimitasiya və anklavlarla bağlı da məsələyə aydınlıq gətirir. Regionda sülhün, sabitliyin qorunmasına və saxlanılmasına böyük ehtiyac olmaqla yanaşı, Qarabağ iqtisadi zonasında etnik ermənilərin hüquqları, sağlamlığı və təhlükəsizliyinə dair Bakı tərəfindən zəmanət verilir. Burada hansısa beynəlxalq mexanizmlərə də ehtiyac yoxdur. Eyni zamanda kommunikasiyalar və ya dəhlizlər üzərində suverenlik hüququ haqqında razılıq da Rusiyanın və Qərbin Cənubi Qafqazda mövqe mübarizəsini göstərir. Lakin yeni geosiyasi prosesləri və reallıqları da qəbul etmək və hesablaşmaq lazımdır”.
Politoloq Məhəmməd Əsədullazadə xarici işlər nazirlərinin Moskva görüşündən ciddi nəticə gözləmədiyini söylədi: “Vaşinqton və Brüssel formatı gündəliyə gəldikdən sonra Moskva fəallaşdı. Moskva görüşü Qərbin sülh vasitəçiliyinin qarşısını almaqdır. Maraqlıdır ki, Rusiya öz vasitəçiliyi ilə sülh müqaviləsinin bağlanmasında da maraqlı deyil. Rusiya istəyir ki, Ermənistanla Azərbaycan sərhədinə ordusunu gətirsin. Qarabağda erməni icmasına status verilsin. Rusiyanın planı budur”. Ekspert xatırlatdı ki, Avropa İttifaqı İrəvanın istəklərini yerinə yetirmədiyi üçün Paşinyan yenidən manevr edir, vaxt qazanır: “Vaxt qazanmaq da əslində onun öz əleyhinə işləyir”.
Politoloq Moskvada baş tutacaq liderlərin görüşündə sənəd imzalana biləcəyini ehtimal etmir: “Düzdür, bu kimi sənədlər imzalanıb. Ona görə də düşünürəm ki, real bir irəliləyiş yalnız Qərbin vasitəçiliyi ola bilər. Moskva ortaya giribsə, prosesi pozacaq. Brüssel və Kişinyovda növbəti görüşlərdə sülh olmayacaq. Amma, sülh üçün ciddi razılıq əldə edilə bilər. Ümumiyyətlə, cənab prezident İlham Əliyev Rusiya tərəfinin vasitəçiliyinə deyil, Qərbə etimad etsə də, ilk növbədə güclü ordumuzla Ermənistanı sülhə məcbur edəcək. Ermənistan bundan ciddi nəticələr çıxarmalıdır”.
Tarix: 19-05-2023, 23:09