Revanşist erməni deputat: Nikol Paşinyan qeyri-legitimdir, getməlidir


Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin növbəti tələbini yerinə yetirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin müxalifətdə olan “Hayastan” fraksiyasının üzvü Andranik Tevanyan tərəfindən səslənib.
Erməni deutat Azərbaycanın Ermənistan hakimiyyətindən “Qarabağ Azərbaycandır!” ifadəsini açıq şəkildə deməsini tələb etdiyini xatırladıb.
“Paşinyan uzun müddətdir ki, bunu təbliğ edir, lakin yalnız srağagün açıq şəkildə dilə gətirib”,-deyə Tevanyan bildirib.
Tevanyanın iddiasına görə, Paşinyan bu bəyanatı ilə özünü Ermənistanın dövlətçiliyi və Konstitusiyası çərçivəsindən kənarda qoyub. “O, qeyri-qanunidir. Bu qeyri-legitimliyin hüquqi, siyasi və mənəvi əsasları var”, - deyə erməni deputat bildirib.
Onun fikrincə, Paşinyan 2021-ci ildə yalançı sülh vədləri verərək və Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu təbliğ edərək yenidən seçilib və indi nəinki bu vədləri yerinə yetirir, əksinə, proses əks istiqamətdə gedir. Qarabağ artıq təslim edilir, Ermənistanın gələcəyi sual altındadır.
Tevanyana görə, Paşinyan hər mənada müflis fiqurdur və onun siyasi arenada sayılı günləri qalıb.
“Bunu hamı, o cümlədən onun partiyasının üzvləri dərk etməlidir. Kollektiv məsuliyyətsizlik burada işləməyəcək. Hər kəs etdiklərinə və etmədiklərinə görə cavab verəcək”,-deyə revanşist deputat üstəlik hədə-qorxu gəlib.
 
Tarix: 24-05-2023, 09:41
Xəbəri paylaş





Xəbər lenti