Erməni separatçılarının qanunsuz silahlı dəstələri dünəndən etibarən Xocalıda “təlim”ə başlayıblar. Paşinyanın “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatından sonra Xankəndidəki separatçıların dərhal təlimə başlaması diqqət çəkir.
Mahiyyət etibarilə bu onların Paşinyanın məlum bəyanatını tanımadığını göstərir. Digər tərəfdən bu həm də onların “silahlı müqavimət”ə başlayacağı ehtimalını gücləndirir. Xocalıda “təlim”də bunun ilkin siqnalıdır.
Separatçıların ”cəsarəti”
Aydın məsələdir ki, separatçılar indiki məqamda böyük ölçüdə Ermənistandan asılıdır. Söhbət həm canlı qüvvə, həm də digər təminatlardan gedir.
Separatçıların Paşinyanın məlum bəyanatını tanımadıqlarını elan etməsi, Xocalıda “təlim”ə başlaması ondan xəbər verir ki, onlara başqa qüvvə dəstək olur. Söhbət Rusiya sülhməramlılarından gedir.
Məsələ ondadır ki, sülhməramlıların təlim keçdiyi Xocalıda həm də sülhməramlıların bazası yerləşir. Qanunsuz erməni silahlı dəstələrinin məhz burada təlim keçməsi rus sülhməramlılarının buna şərait yaratdığını göstərir. Bu 10 noyabr 2020-ci il bəyanatının kobud şəkildə pozulması ilə yanaşı həm də sülhməramlıların separatçıları cəsarətləndirdiyi, dolayı yolla isə Kremlin separatçılar vasitəsilə Ermənistan-Azərbaycan danışıqlarını baltalamaq istədiyini göstərir.
Bakının cavab addımı
Aydın məsələdir ki, Xocalıda keçirilən təlim bir xəbərdarlıq mesajıdır. Növbəti mərhələdə separatçılar “döyüşə” canlı qüvvə toplamaq üçün əlavə tədbirlərə əl ata bilərlər. Misal üçün həbsxanadakı məhbusların azadlığa buraxılması buna misal ola bilər. Bənzər təcrübəni Rusiya Vaqner üzərindən Ukrayna müharibəsində də tədbiq edir.
Rəsmi Bakı mövcud vəziyyət qarşısında mütləq cavab addımı atmalıdır:
Birincisi, rəsmi Bakı sülhməramlılara və Rusiyaya etirazını bildirməlidir. Qanunsuz erməni silahlı dəstələrinin məhz Xocalıda onların izni ilə təlim keçməsi rus sülhməramlıların 10 noyabr 2020-ci il bəyanatının tələblərini icra etməməsinin və bunu kobud şəkildə pozmasının nəticəsidir.
İkincisi, Azərbaycan və Ermənistan separatçılar məsələsində ortaq hərəkət etməlidir. Məsələ ondadır ki, Paşinyanın “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatı verdi. Bu bəyanat, bəyanat kimi qalmamalı, Paşinyan bunu əməldə də göstərməlidir. Hazırda separatçılara başlıca yardımlar, eyni zamanda bir çox təminat Ermənistandan gedir.
Rəsmi İrəvan bunu birmənalı şəkildə dayandırmalı, bununla da həqiqətən “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatını icra etdiyini göstərməlidir.
Ermənistanın separatçılara dəstəyinin dayanması onları sözün əsl mənasında küncə sıxışdıracaq. Rusiya sülhməramlılar vasitəsilə silah-sursat və bir sıra digər yardımlar etsə də qaz, işıq, internet, su kimi təminatı təmin edə bilməzlər.
Üçüncüsü, bütün hallarda rəsmi Bakı həm separatçılara, həm də Rusiya sülhmərmalılarına gözdağı vermək üçün aktivlik göstərməlidir. Burada söhbət bır sıra strateji yüksəkliklərin ələ keçirilməsi və ya regionda genişmiqyaslı təlimin başlanmasını misal göstərmək olar.
Separatçıların müqavimət göstərməsi rəsmi Bakını ən nəhayətində antiterror əməliyyatına başlamağa vadar edə bilər. Hələlik Azərbaycan reinteqrasiya prosesinin başlanması və ehtimal antiterror əməliyyatları fonunda mülki ermənilərin həyatını itirməsi ehtimalına görə bu variantdan istifadə etmir. Lakin 28 may sonrası separatçıların gərginliyi daha da artırması Bakının antiterror əməliyyatlarına başlamasına səbəb ola bilər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 24-05-2023, 14:30