Siyasi şərhçi: "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması hələ bütün şərtlərin qəbul edilməsi anlamını vermir"


"Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması proqressiv nəticələrə doğru addımdır. Ancaq Ermənistan bu qərarlarını şifahi bəyanatlardan çıxararaq rəsmiləşdirilməlidir, sülh mətnində dediyinin üstündə duran sətirlərin əks olunmasına çalışmalıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 

Analitik qeyd edib ki, əks təqdirdə, regionda hərbi eskalasiya qalıcı ssenari kimi mövcud olacaq:

"İndiki halda belə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması hələ Bakının bütün şərtlərinin qəbul edilməsi anlamını vermir. Çünki Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, başqa şərt və tələbləri də mövcuddur, bura Qərbi Azərbaycanlıların köçürülməsindən tutmuş, sərhəd delimitasiyası, Zəngəzur dəhlizi layihəsinə qədər geniş spektr daxildir. 

Dəfələrlə qeyd etmişik ki, Ermənistanın sülh üçün ata biləcəyi digər mühüm addım özünün hərbi balansına nəzarət ediləcəyi öhdəliyini götürməsidir, çünki İrəvanın silahlanması region üçün təhlükələri sovuşdurmur. 

Ermənistan əbədi sülh üçün öhdəlik götürməlidir, digər oyunçuların atdığı yemə gəlməməlidir. Yemə gəldikdə isə Paşinyanın dedikləri şişən şardan başqa bir effekt verməyəcək.

Azərbaycan ərazilərində ilişib qalan separatçılara gəlincə, artıq onlara sərmayə qoymaq istəyən yoxdur, indi yatırımlar regionda güclü əl olmaq üçün daha böyük layihələrə qoyulur. Azərbaycan vəziyyəti, hərbi-siyasi əməliyyat şəraitini təhlil edərək nəticələr çıxarır və danışıqlara da həmin nəticələrlə yollanır".
Tarix: 25-05-2023, 22:58
Xəbəri paylaş





Xəbər lenti