Ərdoğanın növbəti prezidentlik dönəmində Türkiyə iqtisadiyyatını nələr gözləyir?


Beynəlxalq təşkilatların hesablamaları belədir ki, ilin sonuna qədər lirə 30 faizədək dəyər itirə bilər”
Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın mayın 28-də keçirilən prezident seçkilərinin II turunun nəticələrini qazanması yenidən ölkə iqtisadiyyatının durumunu müzakirə mövzusuna çevirib.
Xüsusən də iqtidarın seçkiöncəsi kampaniya zamanı atdığı addımların ölkə iqtisadiyyatını çıxılmaz vəziyyətə saldığı bildirilir.
Buraya kommunal xərclərdə güzəştlər, pensiya və əmək haqlarının müvəqqəti artımı və əsas məsələ – milli valyutanın dəyər itirməməsi, sabit qalması üçün xərclənən vəsaitlər daxildir.
Bir ara beynəlxalq media lirənin məzənnəsinin sabit saxlanması üçün ölkənin qızıl ehtiyatlarının da böyük hissəsinin əldən çıxarıldığını yazırdı.
İqtisadçı Fərid Mehralızadə də deyir ki, Türkiyə iqtidarı seçkidən öncə “seçki iqtisadiyyatı”na əl atıb. Yəni iqtidar partiyası öz səslərini qorumaq və artırmaq üçün seçkidən öncə bütün resurslarını səfərbər edib:
“Bu addımlar seçkidən əvvəl insanlara kommunal ödənişlərlə bağlı müəyyən güzəştlərin edilməsi, dövlət qurumlarında çalışanların əmək haqlarının artırılması, pensiya və ödənişlərdə yüksəlmələrdir. Hökumət buna əhalinin narahatlığını nisbətən azaltmaq üçün getdi. Görünən odur ki, həmin artımlar heç də dayanıqlı gəlir mənbələri hesabına təmin edilməyib. Bu artımlara, güzəştlərə, sadəcə, seçki xatirinə gedilib. Təbii ki, seçkidən sonrakı dövrlərdə Türkiyə iqtisadiyyatının həmin artan xərcləri qarşılamaq potensialı aşağıdır”.
İqtisadçı əlavə edir ki, digər ölkələrə, iqtisadi nəzəriyyəyə baxanda Türkiyədə anlaşılmaz görünən iki əsas tətbiqetmə var. Bunlardan biri faiz dərəcələri ilə bağlıdır.
Fərid Mehralızadə bildirir ki, normalda milli valyutaya təzyiqlər olanda mərkəzi banklar uçot dərəcələrini artırır, amma Türkiyə bu, azaldılırdı. Hökumət bunu: “Biz daha çox iqtisadi aktivliyin artmasında maraqlıyıq”, – deyərək əsaslandırdı.
Buna görə də Türkiyənin milli valyutası qarşıdakı dövrlərdə daha çox dəyər itirməklə bağlı risklərlə üz-üzədir. Çünki artıq Türkiyə Mərkəzi Banıkının da rezervləri tükənmək üzrədir, hətta ölkədə qızıl ehtiyatlarının satılması ilə bağlı məlumatlar var. Ona görə düşünürəm ki, Türkiyə hökuməti seçkidən öncəki kimi lirənin dəyərinin ucuzlaşmamasına çalışmayacaq. Çünki bunu bir müddət də davam etdirmək üçün resursları yoxdur. Ona görə də sərt maliyyə tədbirləri həyata keçirilməsə, beynəlxalq təşkilatların da hesablamaları belədir ki, ilin sonuna qədər lirə 30 faizədək dəyər itirə bilər” – deyə o bildirib.
İqtisadçı düşünür ki, lirənin il sonunacan yüksək faizlə dəyər itirməsi riski çox yüksəkdir.
O, əmindir ki, seçkidən sonrakı dövrlərdə dünya Türkiyə milli valyutasının ucuzlaşmanı müşahidə edəcək. Üstəlik, zaman keçdikcə bu ucuzlaşmanın faizi daha yüksək ola bilər.

Fərid Mehralızadə deyir ki, bu baxımdan qarşıdakı dövrlərdə Türkiyədə inflyasiyanın daha da artması müşahidə ediləcək:
Onsuz da iki ilə yaxındır ki, Türkiyədə inflyasiya ikirəqəmli həddədir, 50 faizə yaxındır. Bəzi aylarda 80 faizədək yüksəlib. Bu baxımdan milli valyutanın ucuzlaşması hər bir ölkədə olduğu kimi inflyasiyanın daha da yüksəlməsinə gətirib çıxaracaq. Bu da insanların xərclərinin artması deməkdir”.
İqtisadçının fikrincə, Türkiyədə olan digər qəribə tətbiqetmə isə xarici valyuta ilə olan bank depozitlərinin milli valyutanın dəyər itirməsinə görə kompensasiya edilməsidir.
Onun sözlərinə görə, bu da ölkə iqtisadiyyatının maliyyə mənbələrini çətinləşdirən və əlavə yük yaradan amildir:
“Məncə, Türkiyə hökuməti bu tətbiqetməni daha çox davam etdirə bilməyəcək. Bu da öz növbəsində milli valyutaya olan riskləri artıracaq”.
Türkiyədə iqtisadi vəziyyətin ağırlaşması, lirənin dəyər itirməsinin Azərbaycana təsirlərinə gəlincə, Fərid Mehralızadə deyir ki, rəsmi məlumatlara görə, Türkiyədə oturum icazəsi ilə 70 min azərbaycanlı yaşayır.
O düşünür ki,bu ölkədə kifayət qədər qeydiyyatsız azərbaycanlı da məskunlaşıb:
Onları da nəzərə alsaq, bu gün Türkiyədə 100 mindən çox azərbaycanlı yaşayır. Onlar orada işləyir, Azərbaycandakı ailələrinə pul göndərir. Bu, o deməkdir ki, Azərbaycanda 10 minlərlə ailənin dolanışığı Türkiyədən qarşılanır. Türkiyənin milli valyutasının dəyər itirməsi, iqtisadiyyatının çətin duruma düşməsi həmin ailələrin az pul alması demək olacaq. Bu da həmin ailələrin gəlirinin azalmasına, sosial vəziyyətlərinin pisləşməsinə gətirib çıxaracaq”.
Başqa bir iqtisadçı Qubad İbadoğlu isə bildirir ki, seçkidən iki gün keçib və artıq Türkiyədə lirəyə təzyiqlər başlayıb. Üstəlik, Türkiyədə xarici valyuta qıtlığı səbəbindən alış və satış məzənnələri arasında 10 faizdən çox fərq yaranıb:
Onu da deyim ki, valyuta dəyişmə məntəqələri yaranmış vəziyyətdən yaxşı qazanırlar. Banklarda xarici valyuta ilə depozitlərin faizlərini inanılmaz dərəcədə  yüksəldən, valyuta rezervlərinə görə 21 il geridəki duruma düşən Türkiyə Cumhuriyyəti Mərkəzi Bankı (TCMB) yenidən valyuta yığımına başlasa da, buna hələ nail ola bilmir, çünki qeyri-müəyyənlik səbəbindən gözləmə mövqeyində olanlar TCMB-da yeni qərarlar gözləyirlər. Bu səbəbdən də TCMB lirənin məzənnəsinin kəskin ucuzlaşmasına imkan vermir. Hazırda TCMB məzənnəsi ilə 20,34 lirə 1 dollardır. Əslində isə real bazar məzənnəsi rəsmi məzənnədən getdikcə uzaqlaşır və hazırda bu fərq 10-15 faiz arasında dəyişir”.

İqtisadçı bildirir ki, valyuta ilə depozitlərin “dövizdən dönən kur korumalı” yanaşması ilə 3, 6, 9 və 12 ay müddətdə cəlb edilməsinə çalışan TCMB qısa müddətli dövrdə valyuta ehtiyaclarını ödəməyə çalışsa da, orta və uzun vədəli dövrdə bu banklar üçün böyük problemlər yaradacaq.
İqtisadçı, deputat Vüqar Bayramov Rəcəb Tayyib Ərdoğanın qələbəsinin Türkiyə və region iqtisadiyyatı üçün nə vəd etməsi ilə bağlı açıqlama verib.
O bildirib ki, son illər Türkiyə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən, bu ölkənin iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb.
2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa, bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq:
“Bununla yanaşı, qısamüddətli dövrdə ən ciddi iqtisadi hədəf qiymətlərin optimallaşdırılması və məzənnə stabilliyinə nail olmaqdır. Pandemiya və Rusiya-Ukrayna müharibəsi səbəbindən son illər Türkiyədə yüksək inflyasiya qeydə alınıb. Ötən il 72.31 faiz inflyasiya qeydə alınan Türkiyədə bu ilin aprel ayında qiymətlər 43.68 faiz artıb. İnflyasiya səviyyəsinin müqayisəli azalmasına baxmayaraq hələ də qiymətlərin optimallaşdırılması əsas prioritetlərdən olaraq qalıb”.
Deputat bildirib ki, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdısa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir.

Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. Bu isə o deməkdir ki, qardaş dövlət növbəti illərdə iqtisadiyyatın keyfiyyətcə daha da genişləndirilməsinə nail ola bilər.
Turizm gəlirləri fonunda innovativ sənaye məhsulları ixracatı ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq.
Mayın 28-də Türkiyədəki prezident seçkisinin ikinci turunda rəcəb Tayyib Ərdoğan 52 faizdən çox, rəqibi Kamal Kılıcdaroğlu isə 48 faizə yaxın səs yığıb.
Qərb, eyni zamanda, müstəqil analitiklər düşünür ki, qarşıdan gələn 5 il Türkiyə, eləcə də növbəti dəfə seçilmiş R. T. Ərdoğan üçün asan olmayacaq.
“The Associated Press” yazır ki, Ərdoğan yaşam xərclərini yüksəldən inflyasiya ilə mübarizə aparmalıdır. Bundan əlavə, azı 50 min nəfərin həyatına son qoymuş zəlzələ zonasında bərpa işlərini sürətləndirməlidir.
Eyni zamanda, sayt yazır ki, Rəcəb Tayyib Ərdoğan növbəti prezidentlik dönəmində NATO-nun digər üzvləri ilə alyansın gələcəyi, eləcə də Ukraynadakı müharibəylə bağlı daha incə davranmalı olacaq.
Ərdoğanın daha çox Türkiyədəki mühafizəkar kəsimin dəstəyini qazanaraq qalib gəldiyi düşünülür.
Onlar onu Türkiyənin islam profilini, eləcə də beynəlxalq siyasətdə ölkənin nüfuzunu yüksəltməsinə görə sevirlər.
2010-cu ildən CHP-ni idarə edən Kemal Kılıcdaroğlu isə seçiləcəyi təqdirdə Türkiyəyə gəlmiş minlərlə qaçqını geri göndərəcəyini vəd edirdi.
O, zamanla Türkiyə iqtisadiyyatının normal hala salınacağını da bildirirdi.
Tarix: 30-05-2023, 18:57
Xəbəri paylaş





Xəbər lenti