Milli Məclisdə dövlət orqanları sərt tənqid edildi: “Bu, nə özbaşınalıqdır?”
Büdcənin icrasının müzakirəsi zamanı tənqidlər səsləndirildi: vəsaitlərin xərclənməsinə nəzarətin gücləndirilməsi istənildi Milli Məclisin yaz sessiyasında bu gün sonuncu plenar iclası keçirilib. Gündəliyinə 14 məsələ daxil edilən toplantıda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub. Qanun layihəsini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Qanun layihəsinə görə, 2022-ci il dövlət büdcəsinin icrası üzrə gəlirlər 30 milyard 679 milyon 646,4 min manat, xərclər isə 32 milyard 64 milyon 568 min manat məbləğində olmaqla təsdiq edilir. Sənədə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat olub. Bu da 2021-ci illə müqayisədə 4 milyard 283,4 milyon manat (16,2 faiz) çoxdur. Dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi isə 22,9 faiz təşkil edib. 2022-ci il dövlət büdcəsinin xərcləri ilkin olaraq 29 milyard 879 milyon manat məbləğində təsdiqlənib. Dövlət büdcəsinə yenidən baxılaraq, onun xərcləri artırılaraq 32 milyard 303,8 milyon manat məbləğində müəyyən edilib. Büdcə xərcləri 99,3 faiz həcmində icra olunub. Bu da 2021-ci illə müqayisədə 4 milyard 283,4 milyon manat (16,2 faiz) artıqdır. Komitə sədri: “İnflyasiyanın mənfi təsirləri azaldılıb” T.Mirkişili çıxışı zamanı bildirib ki, dünyada baş verən ümumi böhran fonunda Azərbaycanda 2022-ci il iqtisadi inkişaf baxımından uğurlu olub: “Ölkədə maliyyə-iqtisadi sabitlik qorunub saxlanılıb, ÜDM artımına nail olunub. Qarşıda duran hədəflərin icra olunması ilə bağlı müsbət nəticələr əldə edilib. 2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ÜDM-in həcmi 100 milyard manatdan çox olub. İlin sonuna olan göstəricilərə əsasən, ÜDM-in həcmi 133.8 milyard manat təşkil edib. Ümumilikdə ötən il həm neft-qaz sektorunu, həm də qeyri-neft sektorunu əhatə etməklə ÜDM-də 40.6 milyard manat əlavə artım müşahidə olunub. Neftin 1 barelinin qiymətinin 2022-ci ilin dövlət büdcəsində 85 ABŞ dolları ətrafında planlaşdırıldığını, lakin bu göstəricinin 103,6 ABŞ dolları ətrafında olduğunu deyərək, bu artım da dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərib”.
“Ölkədə 2022-ci ildə orta illik inflyasıya 13,9 faiz təşkil edib. İnflyasiya ilə mübarizə sahəsində Azərbaycanda bir çox zəruri tədbirlər görülüb. Bu istiqamətdə atılan addımlar inflyasiyanın mənfi təsirlərinin azalmasına gətirib çıxarıb”, - komitə sədri vurğulayıb. Deputat: “Sosial layihələrə ayrılan pullar bir çox hallarda icra edilmir” Müzakirə zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev büdcə vəsaitlərinə nəzarətdən narahat olduğunu deyib. Millət vəkili qeyd edib ki, büdcə vəsaitlərinin xərclənməsinə nəzarət gücləndirilməlidir: “Hesablama Palatası yaradılıb, qurumun hesabatlarını dinləməklə işimizi bitmiş hesab edirik. Lakin bu, belə olmamalıdır. Milli Məclis büdcəni ciddi icra etməyənlərə nəzarət, eyni zamanda, cəza tədbirlərinin görülməsini təmin etməlidir. Hesab edirəm ki, büdcədən ayrılmış və istifadə olunmayan vəsaitlər məsələsi həll olunmalıdır. Bəllidir ki, sosial layihələrə ayrılan pullar bir çox hallarda icra edilmir. Bölüşdürülməmiş xərclər məsələsi də öz həllini tapmalıdır”. “Düşünürəm ki, Milli Məclisdə “Büdcə və büdcəyə nəzarət” komitəsi yaradılmalıdır. Bundan əlavə, həmin komitə ciddi büdcə pozuntularını izləməli, qanun pozuntuları zamanı hesabat istəməlidir”, - Q.Həsənquliyev əlavə edib.
“Xidmət haqqının çox olduğu AZAL-a niyə subsidiyalar verilməlidir ki, bu qədər vəsaiti yenidən öz hesablarında saxlasınlar?!” Deputat hesab edir ki, Milli Məclis təkcə dövlətdən qanun layihələri gözləməli deyil: “Hətta biz görürük ki, bəzi dövlət orqanları hələ də hesabatlarını verməyiblər. Bu nə özbaşınalıqdır? Bundan başqa bəzi qurumlar var ki, maliyyəni hələ də öz hesabında saxlayır. Məsələn, xidmət haqqının çox olduğu AZAL-a niyə subsidiyalar verilməlidir ki, bu qədər vəsaiti yenidən öz hesablarında saxlasınlar?! Hökumət üzvlərinin burada olmasından istifadə edərək daha bir məsələni – metrodakı, ictimai nəqliyyatdakı sıxlıqla bağlı danışmaq, onları məlumatlandırmaq istəyirəm. Nəqliyyatda sıxlıq həddindən artıqdır. Düşünürəm ki, bunun aradan qaldırılması üçün ciddi zəruri tədbirlər həyata keçirilməlidir”. “Min nəfərlik məktəbdə 2500 uşaq təhsil alır ki, bu, təhsilimizə mənfi təsir edir” Deputat Fazil Mustafa sahibkarların problemlərinə toxunub. Millət vəkili çıxışı zamanı deyib ki, sahibkarlara vəsait əldə etmələri üçün rahat şərait yaradılmalıdır: Sahibkarlara rahat şərait yaradılmalıdır ki, burada müsbət irəliləyişi görmək mümkün olsun. Çünki dövlətin yaradacağı iş yerləri ilə problemləri həll etmək çətindir. Təcrübədən görürük ki, dövlət əli ilə iş yerlərinin açılması effekt vermir. Bəllidir ki, sahibkarlıq sahəsinə ayrılan subsidiyalar asan şəkildə əldə olunmur”. “Düşünürəm ki, yerli özünü idarəetmə sahəsində problemlər həll olunmalıdır. Onlara ayrılan vəsaitlərin icra mexanizmi diqqətdə saxlanılmalıdır. Digər tərəfdən, ölkədə bəzi müəssiələrdə yer problemi var. Məsələn, min nəfərlik məktəbdə 2500 uşaq təhsil alır ki, bu, təhsilimizə mənfi təsir edir. Yaxud da, təsəvvür edin, həbsxanada min yataq yeri olduğu halda 2 min şəxs saxlanılır. Həbsxanaya salınan məhbusların böyük əksəriyyəti narkotik istifadəçilərdir. Bu, özünüz bilirsiniz ki, daha çox problemlərə səbəb olur. Bütün bu problemlərə diqqət yetirilməli və həll olunmalıdır”. “İlk şəhid həkimimizin ailəsi müraciət edib, şəhid ailəsi kimi ev ala bilmir” Deputat Qənirə Paşayeva şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsində problemləri gündəmə gətirib. Millət vəkili bu sahədə çatışmazlıqların hələ də həllini tapmadığını deyib: “Məncə, yaxşı olardı ki, hər il hesabat kimi nə qədər qazi və şəhid ailəsi işlə təmin olunduğu hesabatda açıqlansın. Hesabatda nə qədər şəhid ailəsi və qazinin işlə təmin olunmadığı da göstərilməlidir. Digər tərəfdən, qazi adının alınmasında, qazilərin dərman təminatında problemlər var. Bu ailələrlə bağlı məsələlərə individiual yanaşılmalıdır”. “İlk şəhid həkimimizin ailəsi müraciət edib, şəhid ailəsi kimi ev ala bilmir. Şəhid ailəsinə deyiblər ki, Kəlbəcərdə ev tikiləndə sizə ev verəcəyik. Anlamıram, o şəhiddir, onsuz da ona Kəlbəcərdə ev verilməlidir. Çünki onun işğaldan öncə Kəlbəcərdə evi olub. Düşünürəm ki, bu ailə hər iki imtiyazdan yararlanmalıdır”, - deyə Paşayeva vurğulayıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.