Separatçıların iki seçimi var...-Turan Rzayev


Azərbaycan Prezidenti İlham Əliyev artıq neçənci dəfədir ki, Xankəndidəki separatçılara açıq mətnlə mesaj göndərir. Separatçıların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da çıxıb gedəcəklər.
Prezidentin Laçındakı çıxışının motivləri rəsmi Bakının təklifinin sonuncu olduğunu deməyə əsas verir. Söhbət Azərbaycan tərəfinin Bakıda müzakirələrin keçirilməsinə dair iki təklifindən gedir. 
Separatçıların bu təkliflərdən imtina etdiyini xatırladan Prezident “Üçüncü dəvət olmayacaq, ya özləri boyunlarını büküb gələcəklər, ya da hadisələr başqa cür inkişaf edəcək” dedi. 
Rəsmi Bakı Xankəndi və ətraf ərazilərə nəzarəti tam bərpa etmək istəyir. Regionda və dünyada baş verən siyasi proseslər xeyrimizə işləyir. Müstəqillik tariximiz boyu bəlkə də ən uyğun geosiyasi vəziyyət yaranıb:
Birincisi, Azərbaycanın əsas strateji və hərbi müttəfiqi Türkiyədə prezident və parlament seçkiləri yekunlaşdı. Rəcəb Tayyib Ərdoğan və Cümhur İttifaqı hər iki seçkidə qələbə qazandı. Bu, rəsmi Bakı üçün ən məqbul ssenari idi.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev seçkilərdə qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda onu Azərbaycana dəvət etdi. 
Mümkündür ki, Ərdoğanın Azərbaycan səfəri zamanı iki lider separatçıların regiondan təmizlənməsi və Xankəndi əməliyyatlarının detallarını müzakirə etsin.
İkincisi, İsrail ilə Səudiyyə Ərəbistanı arasında danışıqlar yenidən bərpa edildi. Mahiyyət etibarilə bu, kiçik nüans kimi görünsə də, pərdəarxası məqamları olduqca ciddidir. 
Məsələ ondadır ki, hər iki ölkənin Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Bakının Təl-Əviv və Ər-Riyada baxışı müsbətdir. Hər iki ölkə 44 günlük müharibə zamanı Azərbaycana dəstəyini ifadə edib. Ölkələr arasında münasibətlərin normallaşması istiqamətində gedən danışıqlarda Bakı pərdəarxası vasitəçi ölkədir. 
İsraillə Səudiyyə arasında yaxınlaşmanı nəzərdə tutan “İbrahim anlaşmaları”nın yenidən qüvvəyə girməsi və Bakının burada vasitəçilik missiyası ehtimal Xankəndi əməliyyatları zamanı Təl-Əviv və Ər-Riyadın dəstəyini almaq baxımdan önəmlidir. 
Onu da nəzərə almaq lazımdır ki, 30-31 may tarixlərində İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Respublikasına rəsmi səfərə gəliblər.
Mümkündür ki, Hersoq və Əliyev arasında ikili görüşlər zamanı Xankəndi əməliyyatları və Təl-Əvivin dəstəyi mövzusu müzakirə edilsin. 
Üçüncüsü, Taliban İran gərginliyi. Taliban-İran gərginliyi son günlər hərbi toqquşmalar kontekstinə keçib. Hətta Taliban lideri Əbdülhəmid Xorasani İrana müharibə elan etdiklərini açıqladı. Hazırda sərhəddə şiddətli döyüşlər gedir və Taliban ağır hərbi texnikanı sərhədə yeridib. 
Taliban-İran toqquşması indiki məqamda Bakının maraqlarına uyğundur. Belə ki, Tehran ilə Bakı arasında münasibətlər gərgin olaraq qalır. Bundan  başqa, İranın ermənilərlə bağlı sərgilədiyi mövqe, həmçinin separatçılara verdiyi dəstək də məlumdur.
Xankəndi əməliyyatlarından əvvəl Tehranın başının Talibana qarışması molla rejiminin diqqətini Cənubi Qafqazdan çəkməsi deməkdir. 
Dördüncüsü, Rusiya-Ukrayna müharibəsi. Müharibənin ikinci ili olmasına baxmayaraq, nə Rusiya istədiyi nəticələri əldə edib, nə də Ukrayna. Bundan başqa, hər iki tərəfin əks-hücum əməliyyatlarına başlamaq niyyətində olduğuna dair xəbərlər yayılır. 
Son günlər Moskvaya ardıcıl dron hücumlarının edildiyini nəzərə aldıqda Kremlin növbəti əks-hücum əməliyyatlarına başlamaq üçün hüquqi zəmin yaratdığını demək olar. Rəsmi Bakı Kremlin diqqətinin Ukraynada olmasından istifadə edə bilər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 31-05-2023, 14:49
Xəbəri paylaş





Xəbər lenti