“Guya ki, məğlub deyil və onun da öz tələbləri var...” - HƏQİQƏTƏN DƏ...
Mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Zirvə görüşü keçirilib. Üçtərəfli danışıqlardan əvvəl Rusiya Prezidentinin ayrılıqda Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə ikitərəfli danışıqları baş tutub. Görüşün ilk dəqiqələri mətbuat üçün açıq olsa da, sonradan bağlı qapılar arxasında davam etdirilib. Görüş Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) iclası çərçivəsində baş tutub və İlham Əliyev iclasda qonaq qismində iştirak edib.
Şuranın iclasında Nikol Paşinyan İlham Əliyevin Zəngəzur dəhlizi barədə fikirlərini “ərazi iddiaları” adlandırıb və Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda günahlandırıb. Öz növbəsində Azərbaycan lideri Laçın dəhlizinin qanunsuz bağlanması ilə bağlı Paşinyanın fikirlərinə cavab olaraq bəyan edib ki, bu yolda nəzarət məntəqəsi dövlət sərhədində quraşdırılıb və erməni millətinə mənsub ölkənin istənilən vətəndaşı oradan rahatlıqla keçə bilər. Göründüyü kimi, Ermənistanın Baş naziri bu dəfə öz ənənəsinə sadiq qalıb və Azərbaycanı günahkar obrazında təqdim etməyə çalışıb. SİAM.AZ xəbər verir ki, Azərbaycan Milli Məclisinin üzvü Arzu Nağıyev AYNA-ya açıqlamasında Moskva görüşünün mühüm əhəmiyyət kəsb etdiyini deyib: “Rusiya problemin həllində iştirak etməyə çalışır. Mövcud geosiyasi reallıqlar da Moskvadan bunu tələb edir. Sülh müqaviləsinin imzalanması isə Azərbaycan və Ermənistandan asılıdır. Ermənistan nəhayət bəyan edir ki, Azərbaycanın 86,6 min kv.metr ərazisinin suverenliyini tanıyır. Bu, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin yaratdığı reallıqdır. Bu qələbə regionaa yeni reallıqlar gətirib”.
“Əslində bunu etiraf etmək bu reallığın diqtəsidir. Düzdür, Ermənistan sülhyaratma prosesini pozmağa çalışır. Lakin onu da anlayır ki, prosesin artıq geriyə yolu yoxdur. Rusiya da çalışır ki, bu prosesdə nəzarəti təmin etsin və münqaqişə onun bilavasitə iştirakı ilə həllini tapsın. Bu da Kremlin regiona nəzarət etmək və davam edən Qərb-Rusiya münaqişəsində öndə olmaq istəyinə bağlı məqamlardır”, - deyə həmsöhbətimiz bildirib.
Deputatın sözlərinə görə, Paşinyanın bəyanatı məğlubiyyət eyforiyasından qaynaqlanır: “Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu diplomatik siyasət Azərbaycanın beynəlxalq miqyasda rolunu əhəmiyyətli dərəcədə artırır. Bunu Paşinyan, eləcə də ölkəmizi sevməyən, onun inkişafına mane olmaq istəyən digər xarici qüvvələr də görürlər. Anlayırlar ki, bu siyasət qarşıdakı dövrdə ölkəmizin geosiyasi mənada rolunu daha da artıracaq. Bu mənada Azərbaycanı beynəlxalq müstəvidə nüfuzdan salmağa, reputasiyasını zədələməyə çalışırlar”.
“Lakin öz məqsədlərinə nail ola bilmirlər. Nəticədə Azərbaycanın irəli sürdüyü reallıqla barışmaqdan başqa çıxış yolları da qalmır. Yaxşı olar ki, Paşinyan bu cür mənasız bəyanatlar səsləndirməkdənsə, sülh sazişini imzalasın və bununla da ölkəsini düşdüyü bataqlıqdan xilas etsin”, - deyə Nağıyev vurğulayıb.
DİA.AZ-ın məlumatına görə, politoloq Zərdüşt Əlizadə də AYNA-ya şərhində söyləyib ki, Paşinyanın Qarabağın Azərbaycan torpağı olduğunu bəyan etməsi Azərbaycanın növbəti diplomatik qələbəsidir: “Görünən odur ki, Ermənistan bu cür yanaşması ilə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu göstərməyə çalışır. Əslində, Ermənistan rəhbərliyi Moskva görüşündə “status” məsələsinin yenidən qaldırılmasını, onun gələcəyə saxlanması ilə bağlı yanaşmalardan da imtina etdiyini bəyan edir. Fakt odur ki, bu məsələdə Paşinyan Azərbaycanla həmrəy olduğunu göstərməyə çalışıb”.
“Amma digər yandan növbəti iddialar ortaya atır. Bunun da öz növbəsində müxtəlif səbəbləri var. Əsas səbəb odur ki, Paşinyan məğlub durumda olduğunu gizlətməyə çalışır. Elə rəy yaradır ki, guya bunun da tələbləri var. Əslində isə Paşinyan da bilir ki, münqaqişə artıq tarixə qovuşub. Bundan sonra əsas diqqət sülhyaratma prosesini təmin etməkdən ibarətdir. Məhz bundan sonra regiona sülh gələcək və bundan qazanan tərəflərdən biri də Ermənistan olacaq”, - deyə analitik qeyd edib.
Əlizadə hesab edir ki, Moskva münaqişəni süni yolla uzatmağa çalışır: “Rusiya hər zaman çalışıb ki, regionda söz sahibi olsun. Bu gün isə Moskva zəifləyir. Bütün dünya ilə mübarizə aparır. Ukraynada əhəmiyyətli mövqelər itirir. Belə bir şəraitdə nəzarətində görmək istədiyi torpaqlarda rolunun azalması ilə barışmaq niyyətində deyil. Çalışır ki, müxtəlif təzyiqlərlə münaqişənin ömrünü uzanasın. Kreml tarix boyu ixtilaflar yaratmaq, millətləri döyüşdürməklə gündəmdə qalmağa çalışır. Bu gün də ənənəvi siyasətini davam etdirir”.