Güney təşkilatları niyə Bakıdan yox, Zelenskidən kömək istədi - İLGİNC
Güney Azərbaycan təşkilatları Ukrayna Prezidenti Vladimir Zelenskiyə məktub ünvanlayıb. Məktub müəllifləri Zelenskinin İran xalqına rejimin terrora dəstək verməsinə qarşı çağırışı xatırladıb. Bildirilib ki, Zelenskinin Rusiyanın Ukraynaya qarşı təcavüzündə İran terrorçu rejiminin iştirakı Güney Azərbaycan sosial şəbəkə hesablarında ciddi reaksiyalar doğurub: “Güney Azərbaycan türkləri bu savaşda insanların çəkdiyi əziyyətləri xüsusi həssaslıq və kədərlə izləyir. İran əhalisinin 40 faizini təşkil edən türk xalqı bir əsrdir ki, İran rejimləri tərəfindən şiddətli irqçi repressiyaya məruz qalır. İranda türklər hər cür ayrı-seçkilik və repressiyalarla üzləşirlər. Millətimiz onillərdir ki, İrandakı şah və molla rejimlərinin müstəmləkəçilik, irqçi siyasətlərinə qarşı mübarizə aparır. Biz çox yaxşı bilirik ki, siz və Ukrayna xalqı da irqçilik və faşizmlə mübarizənin ön cəbhəsindəsiniz. Açıq şəkildə deyə bilərik ki, Güney Azərbaycan türklərinin və Ukrayna millətinin bu mənada dərdləri eynidir. Təbii ki, faşizmin, irqçiliyin məğlubiyyəti məzlum və işğal olunmuş xalqların ortaq arzusudur”.
Güney Azərbaycan təşkilatları Ukrayna xalqını tam dəstəklədiklərini, İran rejiminin antiinsani siyasətini pislədiklərini vurğulayıb: “Siz yaxşı bilirsiniz ki, İran diktator rejimi İraq, Suriya, Yəmən, Əfqanıstan və s. ölkələrə terror müdaxilələri etdiyi kimi, İran daxilində də öz vətəndaşlarına, xüsusən də fərqli etnik və dini cəmiyyətlərə qarşı repressiv tədbirlər görür. Güney Azərbaycan türkləri olaraq İranın müdaxiləçi və terrorçu siyasəti, xüsusilə Ukraynanın günahsız vətəndaşlarını öldürmək üçün silah göndərməsi qarşısında səssiz qalmamışıq, bu terror siyasətinə qarşı çıxmışıq, çıxmağa davam edirik. Ümid edirik ki, siz də Ukrayna Prezidenti və faşizmə, irqçiliyə qarşı mübarizədə bir lider olaraq fars faşizmi tərəfindən əzilən Güney Azərbaycan türklərinin səsi olasınız”.
Axar.az-ın məlumatına görə, məktubu Azərbaycan Mərkəzi Partiyası, Azərbaycan Milli Müqavimət Təşkilatı, Azərbaycan Öyrənci Hərəkatı, Güney Azərbaycan Demokrat Partiyası imzalayıb.
Güney təşkilatları niyə Bakıdan yox, Zelenskində kömək istədilər? “Fars faşizmi tərəfindən əzilən Güney Azərbaycan türklərinin səsi olasınız” sözlərinin anlamı nədir?
SİAM.AZ xəbər verir ki, mövzu ilə bağlı millət vəkili Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, Bakı hər zaman Təbriz, Ərdəbil, Həmədan, Qəzvin, Urmiya və digər Güney Azərbaycan deyilən ərazilərdə yaşayan soydaşlarımızın səsi olub: “Bugünlərdə Güney Azərbaycandan olan bir neçə fəalla danışırdıq, onlar dedilər ki, maraq üçün biz İranın bütün ərazini gəzib, xəritəsini öyrənmişik, elə bir kənd yoxdur ki, orada türk yaşamasın. Yəni İran əslində tarixən bütövlüklə türklərin olub və indi orada farslar da yaşayır. İran-Turan savaşı artıq 500 ildən çoxdur ki, davam edir. Bu gün orada Turan da, farslar da var, amma hamısına İran deyib, türkləri bu sözün içərisində "əritmək" istəyirlər. Lakin türk millətini “əritmək” mümkün deyil. Doğrudur, onların arasında farslaşan da, öz kimliyinə yad çıxanlar da var, amma türk xalqı əsasən öz yerindədir. Qeyd etdiyim kimi, Güney Azərbaycanın səsini bildirən elə hər zaman Quzey Azərbaycan olub. Hətta sovet dövründə də bu olub, indi də gur səslə onların dərdini deyən bizik".
Sabir Rüstəmxanlı qeyd edib ki, güney azərbaycanlılar təkcə Zelenskiyə deyil, dünyanın bütün xalqlarının dövlət rəhbərlərinə müraciət etməlidirlər ki, dünyanın gözü qabağında 40 milyonluq bir xalqı dilindən adət-ənənəsindən, mədəniyyətindən, adından məhrum ediblər və bu xalqın səsinə səs vermək lazımdır: “Zelenskiyə müraciət, sadəcə, o anlamdadır ki, Rusiya ilə İranın mövqeyi bir-birinə bənzəyir. Rusiya o günə qalıb ki, İran ona silah, dronlar verir. Bu dronlarla Ukrayna vurulur, torpaqları işğal edilir, şəhərləri dağıdılır. Fikrimcə, burada Zelenskinin yadına salmaq istəyirlər ki, sizə qarşı vuruşan qüvvə ilə bizə, insanlığa qarşı çıxan rejimin münasibətləri eynidir. Rusiya neçə yüz ildir ki, öz çevrəsindəki xalqları istismar, işğal etməklə ruslaşdırmaqla məşğuldur, şükür ki, buna nail ola bilməyib və tərkibindən bir sıra dövlətlər müstəqil olaraq ayrılıblar. Onlardan biri də Ukraynadır və Rusiya bu ölkəni yenidən öz tərkibinə qatmaq istəyir. Yəni hesab edirəm ki, Güney Azərbaycan təşkilatları bütün bu paralelləri apararaq, Zelenskiyə müraciət ediblər”.
Güneyli fəal, siyasi şərhçi Çingiz Göytürk isə mövzuya bu cür şərh bildirib: “Rusiya imperiyasının Azərbaycan xalqına və onun dövlətçiliyinə qarşı açdığı savaşlar və bu savaşlar nəticəsində 1813-cü ildə "Gülüstan", 1828-ci ildə imzalanan "Türkmənçay" müqaviləsi bu gün Azərbaycan xalqının yaşadığı faciələrin təməlini təşkil etməkdədir. Azərbaycan xalqı dövlətçiliyini itirdikdən sonra fars şovinizminə qarşı hərəkatların basdırılmasında da rusların "əvəzsiz" xidmətləri olub. Yəni fars şovinizminin bu günə qədər hakimiyyətdə qalmasında rus imperiyasının rolu inkar edilməzdir. Bu gün isə Ukraynanı işğal edən Rusiyaya ən ciddi dəstək verən ölkələrin başında İran terrorçu dövlətinin durması heç də təəccüb doğurmur. Çünki fars şovinist dövləti öz varlığının davamının məhz Rusiyaya bağlı olduğunu bilir və ona görə də Ukrayna xalqına qarşı törədilən cinayətlərdə könüllü olaraq ruslarla ortaqlıq edir. Bu həqiqətlərin fərqində olan Güney Azərbaycan türkləri və onun təşkilatlarının Ukrayna xalqının yanında durması və ona dəstək verməsi tamamilə normaldır və məntiqə uyğun haldır.
Lakin unudulmamalıdır ki, Azərbaycanın Güneyini ən yüksək tribunalarda təmsil edəcək bir dövləti var, o da məhz Azərbaycan dövlətidir. Azərbaycan Prezidenti xüsusən də son bir il ərzində dəfələrlə ən yüksək tribunlardan çıxış edərək, Azərbaycanın Güneyindəki soydaşlarının problemlərini, hədəf və istəklərini dilə gətirməsi onların taleyinə biganə qalmadığının və 50 milyonluq Azərbaycan türkünün dövləti olduğunun açıq göstəricisidir. Bu həqiqəti nəzərə alaraq, Ukrayna dövləti və prezidentinin eləcə də digər dünya dövlətləri və ictimaiyyətinin Azərbaycanın Güneyindəki hərəkata dəstək verməsini arzu etmək heç də qeyri-adi məsələ deyil".