Yeni formatda görüş və nəticələr: - “Tezliklə sülh sazişinin imzalanacağı gözlənilən deyil”

Yeni formatda görüş və nəticələr:
İyunun 1-də Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib. Görüşdən sonra açıqlama verən Mişel bildirib ki, Fransa Prezidenti və Almaniya kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündə may ayında keçirilən son görüşlərdə qaldırılan bütün məsələlər müzakirə edilib: hüquqlar məsələsi, sülh müqaviləsi, sərhədlərin delimitasiyası.

“Bugünkü görüş Brüsseldə iyulun 21-də baş tutacaq növbəti görüşümüzə hazırlıq idi”, - Mişel bildirib.

O, qeyd edib ki, fəal iş gedir: “Biz fəal işləyirik və Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün bütün müsbət addımları dəstəkləmək niyyətindəyik. Oxşar beştərəfli görüş Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti sammitində də baş tutacaq”. Mişel Əliyevlə Paşinyanın bu gün nə barədə razılığa gəldiyini açıqlamayıb.

Qeyd edək ki, Əliyevlə Paşinyan görüşünə paralel olaraq Kişinyovda iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan da qeyri-rəsmi görüş keçirib.

SİAM.AZ-ın məlumatına görə, Kişinyovdakı beştərəfli görüş və Qarabağda hazırda cərəyan edən proseslər barədə AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, bütün görüşlər əhəmiyyətli və vacibdir:

- Əhəmiyyətsiz görüş yoxdur. Kişinyovdakı görüş kifayət qədər əhəmiyyətli idi və orada geosiyasi məsələlər vurğulandı. Görüşün məhz Kişinyovda keçirilməsi də təsadüf deyil. Əsas məsələ odur ki, indiyədək görüşlərə moderatorluq edən Şarl Mişel idisə, bu dəfə Avropanın iki aparıcı dövlətinin rəhbəri də iştirak edirdi. Bundan başqa, görürük ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində vasitəçilik uğrunda Qərb-Rusiya yarışı gedir. Bu dəfə bütövlükdə Qərb danışıqlarda daha geniş formatda təmsil olundu. Bu, bir mesajdır ki, Qərb məsələdə geri çəkilmək niyyətində deyil. Nə qədər ki, Qərblə Rusiya arasında mübarizə gedir, nə qədər ki, Azərbaycanla Ermənistan arasında normallaşmada qeyri-müəyyənlik var, prosesi sürətlə irəli aparmaq çətindir. Qeyri-müəyyənlik də ona görədir ki, Bakı və İrəvan bu və ya digər şəkildə Moskvadan asılıdır, hər iki ölkənin ərazisində Rusiyanın hərbi kontingenti var, hər ikisi ilə Rusiya birbaşa yaxın qonşudur. Ən nəhayət, bu gün Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin müqəddəratı bəlli deyil. Ona gör də indiki məqamda Rusiyanın vasitəçiliyi ilə, yaxud da Qərbə üz tutub, Qərbin vasitəçiliyi ilə sülh sazişi imzalamaq əks tərəfləri qıcıqlandırmaq olardı. Ona görə də Kişinyovda hansısa sənədin imzalanacağı gözlənilən deyildi, bu, baş vermədi.

- Mişel açıqlamasında növbəti dəfə, iyulun 21-də Brüsseldə danışıqların aparılacağına razılığın olduğunu bildirdi. Bunu necə qiymətləndirirsiniz?

- Sülh danışıqları davam etməlidir və bu, son dərəcə önəmlidir. Çünki hər görüşdə, danışıqlarda müəyyən zidiyyətlər aradan qaldırılır, mövqelər dəqiqləşir. Sülh danışıqları nə qədər ki davam edir, bu, müharibədən uzaqlaşma deməkdir. Bu mənada, görüşlər əhəmiyyətlidir. Amma nəzərə alsaq ki, bölgədəki vəziyyətdə, Ermənistan-Azərbaycan münasibətləri məsələsinin arxasında geosiyasi faktorlar dayanır, asanlıqla, tezliklə sülh sazişinin imzalanacağı gözlənilən deyil.

- Müharibə demişkən, Qarabağda aktivləşmə müşahidə edilir, separatçılar silah-sursat cəmləyirlər, son üş gündə təxribatlara əl atıblar. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev Laçında separatçılara xəbərdarlıq etdi. Gedən prosesləri ümumi götürdükdə, demək olarmı ki, antiterror əməliyyatı keçiriləcək?

- Deyə bilmərəm ki, antiterror əməliyyatı keçiriləcək. Amma hesab edirəm ki, sülh danışıqları getdiyi, geosiyasi vəziyyətin indiki məqamında antiterror əməliyyatı çox uğursuz addım olardı. Bunun indiki məqamda səmərəsinin olacağını demək mümkün deyil. Birincisi, ona görə ki, əməliyyat sülh danışıqlarını pozmuş olacaq. Bakı üçün isə Azərbaycan-Ermənistan münasibətlərini, yaxud da azərbaycanlı-erməni münasibətlərini mərhələli həll etmək lazımdır. Əvvəlcə Azərbaycan-Ermənistan sülhünə nail olunmalıdır. Məhz o şərtlər çərçivəsində ki, bu, Bakıdan irəli sürülüb, İrəvan da artıq bunları qəbul edib. Hətta beynəlxalq aləmdə də Bakının şərtlərinə müəyyən mənada dəstək ifadə olundu.

Biz anlamalıyıq ki, separatçılar Ermənistandan ayrılıb. Deməzdim ki, tam ayrılıblar. Əlbəttə, Ermənistan Paşinyandan ibarət deyilı, Paşinyan da heç Ermənistan demək deyil. Paşinyan hökuməti sadəcə məcburdur ki, geosiyasi reallıqları qəbul etsin, Azərbaycanın ərazi bütövlüyünü tanımaq haqqında bəyanatlar versin. Amma bütün bunlar o demək deyil ki, Ermənistan bütövlükdə bunu qəbul edir. Təbii ki, revanşistlər var və onlara bu addımları diktə edən qüvvələr mövcuddur. Lakin indiki şəraitdə antiterror əməliyyatı sülh prosesinin əleyhinədir. Çünki bu zaman Paşinyan ağır təzyiq altında qalacaq. Özü də, təkcə Ermənistandakı opponentləri tərəfindən deyil, erməni cəmiyyəti tərəfindən də tənqid atəşinə tutulacaq. Unutmayaq ki, millətçilik məsələsinə gəldikdə, ermənilər alternativ görmürlər.

İkincisi, nəzərə almaq lazımdır ki, Qarabağda sülhməramlı adı altında Rusiya hərbi kontingenti var. Mən hələ Qərbin buna reaksiyasından danışmıram. Onlra da birmənalı şəkildə belə bəyanat verəcəklər ki, Azərbaycan sülh prosesini pozur və bu, Rusiyanın maraqlarına uyğundur. Ona görə də antiterror əməliyyatı Azərbaycanın əleyhinə işləyə bilər.

Hesab edirəm ki, Azərbaycan bu gün maksimum gərginlikdən uzaq dayanmalıdır. Təbii, xəbərdarlıqlar edilməlidir, separatçıları daim gərginlikdə saxlamaq lazımdır ki, vəziyyəti anlasınlar, başa düşsünlər ki, Azərbaycan antiterror variantını da seçə bilər. Əlbəttə, bütün mümkün vasitələr tükəndikdə antiterror əməliyyatı qaçılmaz ola bilər.

- Prezident İlham Əliyevin xəbərdarlığından sonra Xankəndidə bir pərakəndiliyin yarandığı barədə də məlumatlar var...

- Orada pərakəndəliyi, zidiyyətləri yaradan amil təkcə bu deyil. Xankəndidəki separatçılar arasında zidiyyətlərin yaranmasında Moskvanın rolu var, həm də xeyli dərəcədə. Orada eyni zamanda, Ermənistan təsiri var. Məsələn, Xankəndidə qondarma rejim uğrunda mübarizə aparan tərəflərdən İrəvana güvənəni də var. Qondarma rejimin “rəhbəri” Araik Arutunyanı Ermənistanın adamı olmaqda ittiham edirlər. Ona qarşı hücuma keçənlər də Moskvaya və Rusiyanın xüsusi xidmət orqanlarına bağlı şəxslərdir. Nəhayət, yerli maraqlar mövcuddur. Söhbət Qarabağın dağlıq hisəsindəki resurslara nəzarətdən söhbət gedir, qondarma qurumun başında dayanmaq istəyindən söhbət gedir və s. Bütün bunları nəzərə alsaq, hesab edirəm ki, Azərbaycan üçün dinc, diplomatik vasitələrdən istifadə daha önəmlidir, nəinki antiterror əməliyyatı. Əməliyyata o zaman başlamaq olar ki, onlar həqiqətən də ciddi silahlı təxribatlar törətsinlər. Bu halda, əlbəttə, Azərbaycanın heç nəyə məhəl qoymadan antiterror əməliyyatı keçirməyə haqqı var.

- Prezidentin separatçılara çağırışını son xəbərdarlıq kimi qiymətləndirmək olarmı?

-Prezidentin çağırışı çoxvektorlu idi. Məsələn, orada amnistiya işarəsi vardı. Bilirsiniz ki, Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törədənlər təkcə qondarma rejimin başında dayananlar və onlarla “hakimiyyət” mübarizəsi aparanlar deyil. Minlərlə erməni var ki, silahlı dəstələrin tərkibində iştirak ediblər. Vaxtilə qətllərdə, Azərbaycan ərazilərinin işğalında, talançılıqda, dinc əhaliyə işgəncə verilməsində və s. iştirak edənlər mövcuddur. Bunlara amnistiya mesajı ünvanlandı. Məsələ burasındadır ki, onların qaçmağa yerləri də yoxdur. Düşünməyək ki, bu quldurları Ermənistanda gül-çiçəklə qarşılamağa hazırdırlar. Ermənistanın özünün vəziyyəti imkan vermir ki, Qarabağdakı 20-30 min ermənini qəbul etsin. Ümumiyyətlə, Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında da toplum olaraq ciddi zidiyyətlər var. Söhbət təkcə siyasi zidiyyətlərdən getmir. Ermənistandakı ermənilər Qarabağ erməniləri üçün ölmək istəmədiklərini bəyan edirlər. 44 günlük müharibə göstərdi ki, ölənlərin əksəriyyəti Qarabağ erməniləri yox, Ermənistan erməniləri idi. Bunu Ermənistan erməniləri qəbul etmir. Azərbaycan Prezidentinin mesajı Ermənistanda qəbul edilməyəcək ermənilərə idi ki, hansısa güzəştlər edilə bilər.

Bundan başqa, mesaj qondarma qurumun “rəhbərlərinə” idi ki, onlara deyildi: “hazırlaşın, çıxın və gedin özünüzə sığınacaq axtarın”. Prezident vurğuladı ki, kimlərində əlində oyuncaq olub bizə qarşı təxribat törətməyə davam etsələr, cavab ağır olacaq. Mesaj verildi ki, ümumiyyətlə, indiyədək törətdiklərinə görə cavab verməli olacaqlar. Eyni zamanda, mesaj beynəlxalq aləmə idi ki, Azərbaycan heç nəyə baxmayaraq, xoş məram ifadə edir. Beynəlxalq aləmin nəzərinə çatdırıldı ki, biz hətta, amnistiya da elan edə bilərik. Əsas mesajlar bunlar idi və düşünürəm ki, bunlar ünvanına çatdı. ABŞ Dövlət Departamentinin Prezidentin bəyanatını alqışlaması da göstərir ki, amnistiya mesajı beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Tarix: 2-06-2023, 22:22
Xəbəri paylaş





Xəbər lenti