“Mənliyi təhqir edilən” ermənilər və ya “qoymayın, Paşinyan Ermənistanı türklərə satdı”

Analitik: “Erməni cəmiyyəti yaxşı bilir ki, əsrlərdir Rusiya tərəfindən təhqir edilirlər, 30 ildir də heysiyyətləri rusların ayaqları altındadır”
Türkiyənin yenidən Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edib. Mərasim çərçivəsində Türkiyənin müxtəlif şəxsləri ilə qeyri-rəsmi, ayaqüstü görüşlər keçirən Paşinyanın səmimi görüntüləri foto və videolarda əks edilib. Qeyd edək ki, Ermənistan Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevlə də ayaqüstü söhbət edib.
Paşinyanın Ankarada andiçmə mərasiminə qatılması, orada belə səmimi davranışları, ayaqüstü görüşlər keçirməsi Ermənistan müxalifəti tərəfindən sərt tənqidlə qarşılanıb. Erməni müxalif mediası əvvəlcə mərasimdə Paşinyanın əyləşdiyi yerə diqqət çəkib. Bildirilib ki, Paşinyanın 4 mindən çox qonağın iştirak etdiyi məclisdə Azərbaycan lideri Əliyevin arxasında oturdulması təsadüf deyil, qəsdən atılmış addımdır. Vurğulanır ki, Ərdoğan İlham Əliyevlə xüsusi görüşüb və bu zaman Paşinyan onları alqışlamağa məcbur olub.
Türkiyə ilə hazırda heç bir diplomatik əlaqəsi olmayan, sərhədləri belə bağlı olan Ermənistanın Baş nazirinin tədbirdə belə səmimi davranışı, görüşləri tənqid olunmaqla yanaşı, təhqirlə də qarşılanıb. Erməni müxalifəti Paşinyanı bir daha “satqın”, “türkün dostu”, “türklərə xidmət edən” adlandırıb və, Ankarada Ermənistanın biabır olduğunu iddia edib.

Erməni analitiklər də hesab edirlər ki, Paşinyanın əvvəlcə Ərdoğanı təbrik etməsi, sonra Ankarada andiçmə mərasiminə qatılması doğru addım deyil. Erməni türkoloq Ruben Melkonyan “Sputnik Ermənistan”a müsahibəsində deyib ki, Paşinyanın Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşacağına dair ümidləri reallıqla və realizmlə əlaqəli deyil. : “Ermənistan Baş nazirinin təbriki, Ankarada məclisə qatılması, orada səmimi söhbətlər etməsi Türkiyənin ölkəmizlə bağlı real siyasətini dəyişməyəcək”.
“Ermənistan-Türkiyə münasibətlərində normallaşma olmayacaq. Bəzi yaxınlaşma prosesləri baş versə belə, onlar Türkiyə tərəfinin təzyiqi ilə həyata keçiriləcək. Ermənistan indi müqavimət göstərmək qabiliyyətindən məhrumdur və dövlət milli ləyaqətini müdafiə etməyə hazır deyil. Türkiyə isə öz növbəsində son otuz ildə siyasətindən bir addım belə geri çəkilməyib”, - deyə Melkonyan bildirib.
Türkoloq hesab edir ki, Paşinyanın son davranışları Ermənistanı və erməni xalqını aşağılamaqdan başqa bir şey deyil: “Siz o məclisə diqqətlə baxsanız, hər şey aydın olacaq. Əlavə sözə ehtiyac yoxdur”.
Erməni analitik Qraçya Qalustyan isə hesab edir ki, Ərdoğanın andiçmə mərasimində Paşinyan acınacaqlı vəziyyətə gətirildi: “Və bu simvolik idi. Paşinyanın bu biabırçı davranışının da şahidi olduq. Onun Türkiyə Prezidenti Ərdoğanın andiçmə mərasiminə getməsi faktının özü dövlətimizin və xalqımızın tarixində növbəti biabırçı ləkədir. Söhbət indi dövlətimizin başında kimin olmasından gedir. Bu, Ankaranın və Bakının xəyalına belə gətirə bilmədiyi bir xarakterdir. Paşinyan Türkiyə və Azərbaycanın bütün planlarını həyata keçirdi. Onlarla müharibəni dayandıra bilmədi, uduzdu, təslim olmağa imza atdı. İndi isə Ankarada gedib xalqımızı alçaltmaqla məşğuldur”.
“Faktiki olaraq, Paşinyan Ankarada ictimaiyyət qarşısında alçaldıldı. Əliyevin ölkəmizin Baş nazirinə necə güldüyünü hamımız gördük. Hamımız başqa bir şey gördük. Ərdoğan andiçmə mərasimində iştirak edən digər dövlət və hökumət başçılarını sadalayanda hətta Paşinyanın adını belə çəkmədi. Ərdoğan Nikolun adını çəkməməyi vaxt azlığı ilə əlaqələndirdi. Bu bir bəhanə idi və hamı gördü ki, Paşinyanı acınacaqlı vəziyyətə salınıblar. Ərdoğan Əliyevlə öpüşüb-görüşən zaman Paşinyan sözün əsl mənasında Əliyevin arxasında dayanmışdı. Bu, diplomatik jest idi. Ərdoğan bununla demək istədi ki, Ermənistana elə oradaca yer ayırır - Türkiyə-Azərbaycan tandeminin arxasında”.

Azərbaycanlı ekspertlər isə fərqli düşünürlər. Siyasi şərhçi Zərdüşt Əlizadə AYNA-ya bildirib ki, Paşinyanın Ərdoğanı təbrik etməsi, Ankarada Ərdoğanın andiçmə mərasiminə qatılması ağıllı addımdır: “Paşinyan dərk edir ki, ölkəsinin taleyi, gələcəyi, regionda dövlət kimi qalması Türkiyə ilə əməkdaşlıqdan, Azərbaycanla sülhdən keçir. Ona görə də ağıllı addım ataraq, ağıllı siyasət apararaq Ankarada o tədbirə qatıldı. Hesab edirəm ki, Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasının tezləşdirilməsinə çalışır. Ona görə də Ərdoğanı təbrik etdi, Ankaraya inauqurasiyaya qatıldı. Nikol bölgədə hansı proseslərin getdiyini dərk edir, ölkəsini xilas etmək üçün də zamanında mütərəqqi addımlar atır”.
“Onu Ermənistanda bu addımına görə qınayanlar başı boş müxalifətdir. Marginal dəstələr Paşinyanı Ankaraya getdiyinə görə təhqir edirlər, söyürlər. “Qoymayın, ermənilərin şərəfi təhqir edildi”, “Türk Nikol Ermənistanı türklərə satdı”, “Bizim heysiyyətimizə toxundu”, “Baş nazirimizi aşağıladılar” kimi ritorikadan istifadə edən müxaliflərə erməni cəmiyyətinin böyük hissəsi əhəmiyyət vermir”, - deyə Əlizadə söyləyib.
Analitikin sözlərinə görə, erməni cəmiyyəti yaxşı bilir ki, əsrlərdir Rusiya tərəfindən təhqir edilirlər, 30 ildir də heysiyyətləri rusların ayaqları altındadır: “Rusiya bu illər ərzində Ermənistana nə verdi?! Təbii ki, heç nə. Bir münaqişə qoydu ki, xeyli gənci də müharibədə qırıldı. 30 ildir Türkiyə ilə sərhədləri bağlıdır, ticarət əlaqələri yoxdur. Halbuki, əksi olsaydı, Ermənistan indi inkişaf etmişdi. Paşinyan ölkəsinin nicatının Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasından keçdiyini dərk edir. Ona görə də belə addımlar atır. Ermənilər də başa düşürlər ki, Paşinyan düz edir. Cəmiyyət Paşinyanın bu siyasətini dəstəkləməsəydi, müharibədən sonrakı seçkilərdə onu haklimiyyətdə saxlamazdı. Lakin Paşinyana bu doğru siyasətini icra etmək üçün xalq yenidən mandat verdi”.
“Ermənistanda 15-20 faiz revanşist düşüncəli şəxslər və onları absurd ideyalara səsləyən bir qrup merkantil maraqlı siyasilər var. Hazırda Paşinyana qarşı xalqı qaldırmaq istəyənlər də bu şəxslərdir. Hansı ki, Rusiyaya bağlıdırlar, diasporaya bağlıdırlar. Amma onların niyyətləri baş tutmayacaq. Çünki ilk növbədə cəmiyyətin böyük əksəriyyəti Paşinyanın siyasətini dəstəkləyir. Baxın, müharibədən sonra dəfələrlə mitinqlər, küçə yürüşləri keçirdilər. Ətraflarına narazı kütlə toplaya bilmədilər. Erməni cəmiyyəti də artıq boş xəyallardan, “Böyük Ermənistan” ideyasından bezib, müharibə, qan-qada istəmir”, - deyə Əlizadə fikrini tamamlayıb.
Tarix: 6-06-2023, 14:07
Xəbəri paylaş





Xəbər lenti