Azərbaycanın 3 şərtindən biri: - “Qarabağda 12 iyuna kimi...”

Azərbaycanın 3 şərtindən biri:
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane olan səbəbləri açıqlayıb.

Ceyhun Bayramov Azərbaycanın ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistandan qarşılıqlı siyasi iradə gözlədiyini bildirib. Birinci istiqamət Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi, yəni silahlı birləşmələr saxlaması ilə bağlıdır. Nazir bildirib ki, ikinci istiqamət Azərbaycanın daxili işlərimizə ardıcıl müdaxilə faktıdır.

Söhbət Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli sakinləri arasında dialoqa Ermənistanın mane olmasından gedir. Üçüncü istiqamət kimi nazir beynəlxalq miqyasda, o cümlədən, ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılmasının Azərbaycanla Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneə olduğunu diqqətə çatdırıb.

Ancaq Ermənistanın sülh prosesinə əngəl törədən bu maneələrin aradan qaldırılmasında siyasi iradə nümayiş etdirməyə nə qədər hazır olması hələ sual olaraq qalır. Bu da öz növbəsində, problemlərin siyasi-diplomatik yolla çözülməsi imkanlarına zərbə vurur.

DİA.AZ-ın məlumatına görə, millət vəkili Hikmət Babaoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan sülhün əldə edilməsi üçün Azərbaycanın xarici işlər nazirinin dediyi hər üç istiqamətdə tələbləri yerinə yetirməlidir:

“Danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqeyi sülhün əldə olunmasına maneə yaradır. Doğrudur, may ayında Vaşinqtonda keçirilən görüşdə nazir Ceyhun Bayramovun da ifadə etdiyi kimi, bir sıra irəliləyiş baş verib. Ancaq Azərbaycan ərazisində erməni silahlı birləşmələri qaldıqca sülh mümkün olmayacaq. Artıq onların sayı da məlumdur. Azərbaycan Prezidenti də bildirib ki, Qarabağda 10 mindən çox terrorçu var.

Ona görə də xarici işlər naziri sülhə nail olunması üçün qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb etməkdə haqlıdır. İkinci istiqamətə gəlincə, bu məsələdə mövqelərin müəyyən qədər yaxınlaşdığını görmək olar. Ermənistan Azərbaycanda yaşayan ermənidilli əhali ilə rəsmi dövlət orqanları arasında hər hansı beynəlxalq mexanizmin tətbiq olunması iddiasından geri çəkilmək üzrədir. Amma Azərbaycan ərazisində qanunsuz hərbi birləşmələr var”.

O bildirib ki, ermənilər beynəlxalq münasibətlər sistemində Azərbaycan əleyhinə daim kampaniya aparırlar:

“Artıq erməni kilsəsi də buna qoşulub. Livanda yerləşən Erməni Kilikiya Kilsəsinin katalikosu I Aram Kanadaya səfər edib və dünyanın hər yerində Azərbaycan əleyhinə təbliğat aparır. Üçüncü istiqamət üzrə qeyd edilən, yəni Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan dövlətlər isə əsasən Avropa İttifaqına və ATƏT-ə üzv olan ölkələrdir. Bu dövlətlər Ermənistanı özlərinə yaxın tərəfdaş hesab edir və özlərini ermənidən artıq erməni sayırlar.

Bu sırada Fransa birinci yeri tutur. Əgər Ermənistan sülh istəyirsə, Fransa amilini də danışıqlardan çıxartmalıdır. Yəni Ermənistan təsir altına düşməməli və Fransanın Cənubi Qafqazdakı iddialarına görə özünü alət etməməlidir. Ermənistanb dərk etməlidir ki, tarix boyu bir dəfə kiminsə vassalı olub və hərbi bazaya çevrilib, bunun da nəticəsinin nə olduğunu görüb. Ona görə də Ermənistan dövlət olmaq üçün Azərbaycan əleyhinə bu fəaliyyətindən əl çəkməlidir”.

Deputat hesab edir ki, Ermənistan bu problemlərin həllində siyasi iradə nümayiş etdirməyə hələ hazır deyil:

“Əgər Ermənistan sülh istəsəydi, xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçiriləcək görüşünə qədər öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarardı. Bu isə Azərbaycan tərəfindən isti mesaj kimi qəbul oluna bilərdi. Halbuki, ötən ilin sentyabr ayında Ermənistanın xarici işlər naziri silahlı birləşmələri Azərbaycan ərazisindən çıxaracaqlarını bildirsə də, hələ bu vədinə əməl edilməyib.

Ona görə də Azərbaycan həm diplomatik, həm də hərbi müstəvilərdə tədbirlərə əl atmalıdır. Çünki Ermənistan sülhə məcbur edilməyənə qədər sülhə gəlməyəcək. İyunun 12-də Vaşinqtonda keçiriləcək görüşdə Ermənustanın mövqeyində konstruktiv yanaşma hiss olunmasa, Azərbaycan antiterror əməliyyatı keçirərək bütün terrorçuları son nəfərinə qədər zərərsizləşdirəcək”.
Tarix: 7-06-2023, 22:38
Xəbəri paylaş





Xəbər lenti