Şimal-Cənub qütbü” arasında sıxılan Azərbaycan-İran münasibətləri... - Hindistan “şifrəsi”

Şimal-Cənub qütbü” arasında sıxılan Azərbaycan-İran münasibətləri...
Azərbaycanla İran arasındakı münasibətlərin ruhunu əks etdirən canlı və üzdə olan məqamlarla yanaşı, az üzə çıxan səhifələrə də baxmaq lazımdır.

Azərbaycan-İran gərginliyindəki hərarəti soyuda biləcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı tərəflər arasında danışıqların gedəcəyini proqnozlaşdırmaq olar.

Multimodal nəqliyyat layihəsi olan bu dəhlizin başında Rusiya, İran və Hindistan dayanırlar. Azərbaycan, Qazaxıstan, Ermənistan, Belarus, Tacikistan, Qırğızıstan, Oman, Suriya, Türkiyə və Ukrayna həmin dəhlizin iştirakçıları, Bolqarıstan isə müşahidəçi dövlətdir.

Azərbaycan bu qitələrarası ticarət marşrutundakı həlqələri bir-birinə bağlayaraq “Şimal-Cənub” zəncirini formalaşdıracaq önəmli ölkədir.

Yəni Azərbaycan imkan verir ki, Rusiya öz mallarını İrandan keçərək Hindistana uzanan böyük ticarət marşrutu ilə daşısın.

Bu əlamətdar və cəlbedici ticarət yolu Rusiyanın Sankt-Peterburq şəhərindən başlayaraq, İranın Xəzər dənizindəki Ənzəli limanına, oradan Fars körfəzinə, Bəndər Abbas limanına çıxır, sonda Mumbaya çatır.

Azərbaycan müxtəlif limanlar arasındakı strateji keçidi təmin etmək, böyük məsafədəki dəhlizdə əlaqəni asanlaşdırmaq baxımından önəmə sahibdir.

Bu mənada Moskva-Tehran-Yeni Dehli üçlü iqtisadi habı Azərbaycanın qiymətini verməlidir, Rusiya ilə Hindistan isə İranın regional təhdid motorunu soyutmağı bacarmalıdırlar.

Lakin geoiqtisadi layihələri geostrateji məqsədlərə çevirmək istəyən Hindistanla İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından ikinciyə qahmar çıxan mövqedə dayanırlar.

Rusiya üçün bu xətt sərfəli deyil, çünki Moskvanın Ukraynada apardığı hərbi kampaniya onu qlobal tədarük yollarında keçilməz eşelonlarla üzləşdirir.

Rusiyanın hazırda ən vacib nəfəsliyi Şimal-Cənub beynəlxalq marşrutudur, ona görə də Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi dəhliz üzrə Rəşt-Astara dəmir yolunun yaradılması haqqında saziş imzaladılar.

Məntiqlə Rusiya Hindistanla İranın regional proqramlarını format etməyi vacib bilir, hərçənd, Cənubi Qafqazda gərginləşən iplər üzərində oynamaq həm Moskva, həm Tehran, həm də Yeni Dehli üçün çətindir.

Rusiya və İranın regional maraqları bəllidir, Hindistanın izləri isə daha qaranlıq “uçurum”lara aparır. Hindistan artan qlobal miqyasına uyğun olaraq infrastruktur və inkişaf izlərini genişləndirməyə çalışır.

Onun bu iddialı cəhdi karbohidrogenlərlə zəngin və strateji əhəmiyyətli Mərkəzi Asiya ilə əlaqə yaratmaq üçün alternativ yollar axtarmaq üçündür.

Hindistan bu yollarda vurnuxarkən Azərbaycanın strateji tərəfdaşı Pakistanın, özünün digər rəqibi Çinin Cənubi Qafqazdakı profillərini aşağı salmağı hədəfləyir, yəni Yeni Dehlinin qurcalanmasının daha geniş qlobal və regional konteksti var.

Azərbaycan-İran münasibətlərindəki gərginliyin məzmununa qlobal mühərriklərin Avro-Atlantik məkandan Asiya regionuna keçidi, bunun yaratdığı geostrateji dinamika kontekstində baxmaq lazımdır.

İran geosiyasi qütbləri çoxalan beynəlxalq sistemdə yeni qayda yaratmaq və özünün radikal mahiyyətini həmin nizamın ortasına yerləşdirmək istəyir.

Bəli, Şimal-Cənub Dəhlizinin işləməsi tərəflərin marağındadır, lakin bu maraqların formalaşdıra biləcəyi sistem uğrunda qızğın “müharibə” gedir.

İran, təbii ki, sözügedən beynəlxalq nəqliyyat dəhlizində Azərbaycanın iştirakını nəzərə almaq məcburiyyətindədir, amma Tehran böyüyən ambisiyalarını daha yüksəkdə tutacaq. Ona görə də Azərbaycan-İran gərginliyinin azalmasının geniş miqyasdakı tablosu həm də Şimal-Cənub Dəhlizi ilə bağlı parametrlərlə strateji gələcək arasında bağlantı qurmaqdan asılı olaraq qalmaqdadır.

Aqşin Kərimov - DİA.AZ
Tarix: 9-06-2023, 08:24
Xəbəri paylaş





Xəbər lenti