Moskva, Vaşinqton və Brüssel “kartları” açır... - öz “ayağına” güllə atan güc mərkəzi kim?..

Moskva, Vaşinqton və Brüssel “kartları” açır...
İyunun 12-də Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ABŞ-ın moderatorluğu ilə sülh danışıqlarının növbəti çoxgünlük raundu təxirə salınıb. Azərbaycan XİN-dən bildirilib ki, müzakirələrin konkret tarixi dəqiqləşdiriləcək. “Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq”, - deyə XİN-in mətbuat katibi Ayxan Hacızadə vurğulayıb.

Ermənistan XİN iddia edib ki, danışıqlar Azərbaycan tərəfinin xahişi ilə təxirə salınıb. İstisna deyil ki, səbəb rəsmi Bakının prinsipial mövqeyi ilə bağlıdır. Söhbət ola bilsin, ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenterin, həmçinin Avropa Birliyinin ATƏT-dəki nümayəndəsinin Vaşinqton görüşləri ərəfəsində, təşkilatın toplantısında verdiyi və sülh prosesindəki pozitiv ab-havaya uyğun gəlməyən, faktiki separatçıların “çörəyinə yağ sürtən” anti-Azərbaycan bəyanatlarından gedir.

Görəsən “açıq səmada şimşək effektli” bu demarşlar kimə və nəyə lazım idi? Axı bu yol artıq keçilib. Üstəlik, belə açıqlamalar müstəsna olaraq, sülh prosesini hər vəchlə ləngitməyə çalışan Rusiya və İranın əlinə işləyir. Çünki nə Moskva, nə də Tehran Bakı ilə İrəvanın dil tapmasında, iki xalqın barışığında maraqlı deyil.

O zaman nə baş verir? ABŞ diplomatı təzəcə sürət götürən “sülh qayığı”nı aşırmaq üçün nədən onun yoluna sualtı daşlar düzür? Belə demarşın, “nala-mıxa vurma”nın anlamı nə? Yoxsa Vaşinqtonda xarici siyasətə cavabdeh olan bir-birindən xəbərsiz iki komanda var? Birləşmiş Ştatlar hökuməti nizamlama prosesinin qaydasında getdiyi zamanda niyə öz “ayağına güllə” atsın ki?

*****

“Kənardan tətbiq edilən sülhsevər düsturlar, xüsusən də sürətləndirilmiş rejimdə tətbiq olunanlar heç zaman yaxşı heç nəyə gətirib çıxarmayıb. Moskva Ermənistanla Azərbaycan arasında üçtərəfli formatda münasibətlərin normallaşmasına çalışır və üç ölkənin liderləri arasında imzalanmış sazişlər toplusunu mübahisəsiz yol xəritəsi hesab edir”.

Sitat Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya məxsusdur.

Sülh danışıqlarında son durumu qiymətləndirən Zaxarova öz ölkəsi adına vurğulayıb ki, “işlər plan üzrə gedir və tərəflərin yanaşmalarının yaxınlaşması, balanslaşdırılmış həll yollarının hazırlanması Moskva üçün prioritet olaraq qalır”.

Əlbəttə ki, ağ yalandır. Azı o səbəbə ki, Putinin imzası duran həmin o üçtərəfli sazişlərin heç biri, eləcə də 22 fevral (2022) Moskva Bəyannaməsi işləmir - təbii ki, Kremlin imperiya maraqları üzündən. Əks halda, niyə üç ildir ortada real nəticə olmasın? Olması mümkün də deyil, çünki Rusiya bütün rıçaqlarını və “kartları”nı sırf regionda qalmaq naminə işə salıb, Azərbaycan uğrunda Qərbə qarşı faktiki “hibrid” savaşı aparır.

Yəni hədəf Bakı və İrəvan arasında ədalətli sülh müqaviləsinin imzalanması yox, uzaqbaşı özünə sərfəli bir sənədin təsdiqlənməsinə nail olmaqdır. Beləcə, Kreml əvvəlki dönəmlərdəki kimi konflikti şəriksiz idarə eləmək istəyir. Ki, lazım bildiyi anda onu “dondursun”, ehtiyacı olanda təzədən qızışdırsın.

Azərbaycanın əsas məramı isə kritik seçkilərdən sonra yenidən toparlanacaq qardaş Türkiyəni, digər müttəfiqlərimizi təzədən öz yanına alıb Ermənistanla düşmənçilik səhifəsini həmişəlik qapatmaq və bölgədə daha güclü mövqeyə çıxmaqdır. Özünün ərazi bütövlüyü və suverenliyinə təhdidləri birdəfəlik və geridönməz şəkildə uzaqlaşdırmaqdır.

*****

Şübhəsiz, Güney Qafqazın açar dövləti Azərbaycandır. Demək, onun beynəlxalq hüquqla təsbit edilmiş ərazi bütövlüyü, suverenliyi qeyd-şərtsiz qəbul etməyən heç bir dövlət hər hansı ad altında nə regiona girə, nə də orada möhkəmlənə bilər. Bunu hətta kapitulyant ölkədə də etiraf edirlər.

“Bölgədə Azərbaycan uğrunda Qərblə Rusiya arasında əsl mübarizə gedir”.

“Yeni Musavat” erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Stepan Danielyan bildirib.

“Azərbaycanın Qafqazda geosiyasi əhəmiyyəti böyükdür. Azərbaycan həm Rusiyanı İranla birləşdirən nəqliyyat arteriyasına çevrilə, həm də və eyni zamanda, Rusiyanı İrandan təcrid edən əraziyə çevrilə bilər. Bu sülh müqaviləsi ətrafında hansı variantın - Qərb, yoxsa Rusiyanın seçiləcəyi önəm kəsb etməkdədir”, - deyə Stepanyan qeyd edib.

Azərbaycanın dost-müttəfiqi olmağın əsas şərti isə çoxdan bəlli. Amma, məsələn, Rusiya nə edir? Erməni mediasının yazdığına görə, Rusiya “sülhməramlıları” ermənilərin Qarabağdan çıxışına maneələr törədir. Bu məqsədlə Xankəndidən Ermənistana gedən yolda nəzarət gücləndirilib. Niyə? Hansı haqla?

Sülhməramlı məgər Azərbaycanın razılığı ilə Qarabağa ona görə yerləşdirilib ki, ermənilərin Ermənistana sərbəst çıxıb getməsini əngəlləsin? Axı yaşayış yerini könüllü dəyişməyin özü də insan haqqıdır.

Yaxud Rusiya hərbi kontingentinin silahlı separatçıları tərk-silah eləmək əvəzinə, himayə eləməsi, onlara qanunsuz təlimlər keçmək üçün hər cür şərait yaratması, ümumiyyətlə, iki qonşu xalqın barışığına qarşı, dialoqa qarşı əlindən gələni əsirgəməməsi. Məgər “sülhməramlı” qüvvələrin əsas vəzifələri bunlardır?

Əsla. Tam tərsinə.

*****

Bir yandan da Qərbdən ara-sıra Azərbaycana qarşı sərgilənən qərəzli mövqelər, ehtiyatsız hərəkətlər. O sırada Avropa Parlamentinin, Fransanın bitmək bilməyən ermənipərəst addımları və qətnamələri. ABŞ-ın, Avropa Birliyinin ATƏT-dəki səfirlərinin Bakıya yersiz və lüzumsuz çağırışları.

Bütün bunlar Azərbaycanı haqq yolundan sapdıra bilməz. Azərbaycanı belə şeylə qorxutmaq mümkünsüz. Laçının girişində nəzarət-buraxılış postu qoyulduqdan sonra heç mümkünsüz!..
“Yeni Müsavat”
Tarix: 10-06-2023, 10:03
Xəbəri paylaş





Xəbər lenti