Cənubi Qafqazda kommunikasiyaların açılması reallaşacaq? - ŞƏRH

Cənubi Qafqazda kommunikasiyaların açılması reallaşacaq?
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda kommunikasiyaların açılması barədə danışıb. Overçuk bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin son iclası 9 saat davam edib. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında razılaşma var: “2-3 fikir ayrılığı var, lakin ümumiyyətlə, mətn yüksək səviyyədə hazırdır”. Overçuk qeyd edib ki, bu iclasın nəticələrinə əsasən, prinsipial məqamlarla - dəmir yolunun haradan keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılaşma var: “Bu, adi bir dəmir yolu olacaq. Heç kim Ermənistanın suverenliyinə şübhə etmir. Bütün tərəflərin kommunikasiyaların tezliklə açılması prosesinə başlamaq istəyi var”.

Rusiya baş nazirinin müavini onu da əlavə edib ki, sərhəd nəzarətinin Rusiya Federasiyası FTX tərəfindən həyata keçirilməsi imkanları Ermənistandan asılı olacaq.

SİAM.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında deyib ki, Rusiyanın yenidən fəallaşması daha çox Moskvanın siyasi maraqları ilə bağlıdır. Professor vurğulayıb ki, Rusiya Qafqaza nəzarət mexanizminin əlindən çıxmasına çox sərt münasibət göstərir: "Azərbaycan və Ermənistan arasında ciddi platformaya çevrilən Vaşinqton və Brüssel Moskva görüşlərini kölgələyir. O baxımdan Rusiya Vaşinqton və Brüssel tərəfindən həll olunmasını istəmir. Azərbaycan üçün bütün variantlar sərfəlidir. Çünki hər üç variantda rəsmi Bakı öz mövqelərini ön plana çəkir və prinsiplərini ortaya qoyur. Hər üç platformada qazanan tərəf bizik. Hazırda beynəlxalq güclərin siyasi qarşıdurmasından yararlanmağa çalışırıq. Sovet vaxtı İrəvana dəmir yolu var idi. Dəmir yolu xətti Araz çayı boyunca keçir. Məsələ ondadır ki, Azərbaycandan Ermənistana gedən dəmir yol xəttinin çəkilişi Rusiyanın iqtisadi maraqlarına çox uyğundur. Moskvanın Avropaya çıxış problemləri var. Gürcüstan üzərindən hərbi yol həddindən artıq problem yaradır. Rusiyaya lazımdır ki, quru daşımaları daha rahat marşrut üzərindən həyata keçsin. Bu həm də, etibarlı yolla Avropaya açılmaqdır. Ermənistan da gec-tez nəqliyyat dəhlizlərinin reallaşmasına razılıq verməyə məcburdur. Çünki nəqliyyat xətləri həm də Ermənistanın siyasi-iqtisadi maraqlarının təmin olunmasına xidmət göstərəcək. Bu istiqamətdə aparılan işlər maraqlarımıza tam uyğundur. Bölgədə yeganə narahat olan İrandır. O da bizi maraqlandırmır".
Tarix: 10-06-2023, 23:24
Xəbəri paylaş





Xəbər lenti