Hərb, yoxsa sülh? - GƏLİŞMƏ

Hərb, yoxsa sülh?
Sülhün əldə olunması üçün imkanların azaldığı hissi az qala günbəgün artır. Bu hiss gerçəkdir, yoxsa baş verənlərin yaratdığı yanlış təəssüratlardır? Bir qədər də səbr edək, hər nəsnə bəlli olacaq.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması labirintə çevrilib ki, daxilindəki Minotavr problemin həllini arayan Perseyin pusqusuna durub.

Son əsr yarımda ciddi münaqişələrə və qarşıdurmalara səbəb olan, 1992-ci ildən sonra isə Azərbaycan ərazilərinin 1/5 hissəsinin Ermənistan tərəfindən işğalı ilə sonuclanan aqressiya, militarizm, mağara irqçiliyi və şovinizmin səbəbləri ilə sonucları arasında qəribə, qəribə olduğu qədər də maraqlı əlaqələr var.

Azərbaycanın əzəli torpaqlarına ermənilərin köçürülərək yerləşdirilməsi prosesi başlayanda Çar Rusiyasının məqsədi yerli xanlıqlar arasında təfriqələri gücləndirməklə yanaşı, xanlıqların əhalisinə və hakimiyyətlərinə ciddi təzyiq vasitəsi qismində məhz ermənilərdən istifadə etmək idi.

Köçürülən ermənilər xristian icması sayılırdı və təbii ki, Sankt-Peterburqdakı çarizmin Qafqaz tatarları, müsəlmanlar və s. adlar verdiyi soydaşlarımıza qarşı effektiv müqavimət vasitəsi rolunu oynamalıydılar.

Yerli əhalinin total, yəni əzici çoxluğunun azərbaycanlılar olduğunu, müsəlmanlardan ibarət sakinlərin absolyut əksəriyyət təşkil etdiyini görən çarizm ermənilərə start şərtləri qismində imtiyazlar, güzəştlər və ən əsası - hakimiyyətin tam himayəsini verməklə Cənubi Qafqazda münaqişələrə zəmin yaratdı.

Sadəcə, bir fakt: Çar Rusiyasında azərbaycanlılar rəsmi olaraq hərbi mükəlləfiyyətdən azad edilmiş xalq sayılırdılar. Əslində bu, çarizmin bizdən qorxması, azərbaycanlıların əlinə silah vermək istəməməsi ilə bağlı idi.

Ermənilərə isə tam əksinə, orduda yaşıl işıq idi.

Məhz bu səbəbdən çarizm dönəmində azərbaycanlılarla müqayisədə ermənilərin hərbçiləri, generalları dəfələrlə çox olub.

Göründüyü kimi, erməni təbliğatının guya onların döyüşkən və hərbə meyilli xalq olmaları ilə bağlı iddialarının yanlışlığı, daha doğrusu, həyasızlıq səviyyəsindəki absurdluğu tək bir faktla əsassız sayıla bilər.

Çarizmdən sonrakı bolşevizm də Cənubi Qafqazda münaqişələri tənzimləmək və problemləri çözmək əvəzinə "Ermənistan Sovet Sosialist Respublikası" adlı süni dövlət yaradaraq Azərbaycan ərazilərinin bir qismini ermənilərə faktiki olaraq hədiyyə etdi.

20-ci əsrin 60-cı illərindən başlayaraq o dövrdəki "Dağlıq Qarabağ Muxtar Vilayəti"indəki ermənilər Moskvaya sürəkli məktublar, ərizələr və şikayətlər yollayaraq Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini bəyan etmələrinin də kökündə məhz sadalanan məqamlar durur.

Moskvadakı mərkəzi hakimiyyət ermənilərin şovinist, millətçi və irqçi tələblərinin daşıdığı təhlükəni qulaqardına vuraraq dünyanın müxtəlif ölkələrindəki ermənilərin diaspor təşkilatlarının Ermənistandakı və Xankəndindəki ermənilərlə birlikdə "Dağlıq Qarabağ münaqişəsi" formalaşdırmalarına imkan verdi.

1992-ci ildən sonrakı 30 il ərzində, 2020-ci ildəki 44 günlük İkinci Qarabağ Müharibəsinədək ermənilər "millətin öz müqəddaratını təyin etmək hüququ" pərdəsi ilə soyqırım, urbisid və vandalizmi bir araya gətirən "haizm"i gerçəkləşdirmişdilər.

Onlar indi də problemin həllini istəmir, yekun sülh sazişinin imzalanmasına yönələn prosesi maksimum uzatmağa, imkan olarsa isə ümumiyyətlə, dayandırmağa çalışırlar.

Əsrlərdən bəri gələn "haizm" xəstəliyini qısa müddətdə müalicə edərək erməniləri reallığı görməyə və anlamağa sövq edə biləcəyimizi düşünürüksə, yanılırıq.

Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinin qarşısında Ermənistan və erməni diasporu, habelə bölgəmizdə gərginliyin artmasında maraqlı olan qüvvələr tərəfindən yaradılan süni maneələrlə uydurma əngəllərin sonu bitmir. Bir şərt bitir, digər marazmatik tələb gündəmə gətirilir: o istifadədən çıxarılır, daha yeni marazm və ya ultimatum səsləndirilir.

Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəmizdə sərhədçilərin atəşə tutulması, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdən mövqelərimizə qarabağlı ermənilərin silahlı dəstələrinin atəş açmaları, diversiyalar, hücum cəhdləri və s. - bütün bunlar regional geosiyasətə kobud müdaxilə cəhdləri ilə yanaşı, Azərbaycana təzyiq cəhdləri sayılmalıdır.

Vəziyyət belədirsə, sual yaranır: Hərb, yoxsa Sülh?

Ermənistanın hakimiyyət dairələri, ələlxüsus da Baş nazir Nikol Paşinyan gerçəkdən də dərk etmirlər ki, erməniləri tarixlərində artıq neçənci dəfədir vasitəyə çevirmək, istifadə edəndən sonra bir kənara atmaq istəyirlər? Ermənilər üçün ən pisi odur ki, istifadə zamanı ən ağır zərbələri onlar alacaq, itkiləri onlar verəcək, bəlalarla onlar qarşılaşacaqlar.

Efemer xülyalar, mümkünlüyü 0 səviyyəsində olan ehtimallar və təxəyyül məhsulu olan proyektlər Ermənistan vətəndaşları ilə qarabağlı ermənilərə yaxşı heç nə vəd etmir.

Bəli, rəsmi Bakı da etiraf edir ki, qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyası asan, sürətli və qısamüddətli proses deyil. Doğulandan bəri beyinləri hayizm xəstəliyinin tərkib hissəsi olan narrativlərlə yuyulan, şüurlarında hələ də Tiqranın və ya Vardanın hakimiyyət illərində guya ermənilərin müstəsna qüdrətinin əks-sədası ilə oynayan zavallılar gerçəkləri qəbul etmirlər.

Bakı etiraf edir ki, qarabağlı ermənilərin koqnitiv dissonans səviyyəsinə tənəzzül etmiş kollektiv şüurlarının adekvat fəaliyyətə qaytarılması uzunmüddətli prosesdir.

Ən nəhayət, tam əksəriyyəti səfillik həddində olan, aralarındakı qismən yoxsulları az qala bəxtəvər sayan qarabağlı ermənilərin sosial-məişət problemlərinin həlli, müşküllərin çözülməsi üçün milyardlarla dollar vəsait gərəkdir.

Bunu da bilirik.

Hər şeyə rəğmən, rəsmi Bakı qarabağlı erməniləri terrorçuların əsarətindən, saxta narrativlərlə şüurları yuyan propaqandaçıların köləliyindən və Xankəndindəki separatçı rejimin bərbad idarəçiliyindən qurtarmağa hazırdır.

Ermənistanın Baş naziri Nikol Paşinyan da qarabağlı ermənilərlə bağlı problemin həllini istədiyini desə də, onlara qulpu qırıq çamadan kimi baxır: nə ata bilir, nə də özü ilə götürməyi bacarır.

Qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliklərinin təminatı üçün beynəlxalq təminat mexanizmi ilə bağlı ermənilərin tələblərinə gəldikdə isə, bu, birmənalı olaraq N.Paşinyanın və kamarliyasının Rusiyanın Sülhməramlı Kontingentini nəzərdə tutaraq səsləndirdiyi ifadələrdir.

Fransanın və İranın da bölgədəki situasiyanı ifrat gərginlik həddinə çatdırmaq istəyi ilə destruktiv fəaliyyətlərini davam etdirməsi vəziyyəti asanlaşdıran məqamlar deyil.

Hərb, ya sülhün seçimi indi eyni vaxtda bir neçə hamiyə xidmət etməyə çalışan ermənilərdən asılıdır.

Yanılsalar, Ermənistanı itirəcəklər.
Elçin Alıoğlu
//trend//
Tarix: 17-06-2023, 22:28
Xəbəri paylaş





Xəbər lenti