“ABŞ-də Bakı ilə İrəvan arasında sülh danışıqlarının yeni mərhələsi baş tutacaq” - Dövlət Departamenti
“ABŞ tezliklə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək”.
Bu barədə çərşənbə günü jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.
“Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə səy göstərməyə davam etdikcə, biz tezliklə Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və sülhə nail olmaq üçün açardır”, - ABŞ-nin xarici siyasət departamentinin nümayəndəsi bildirib.
O, Rusiyanın bölgədə nizamlanmaya yönəlmiş vasitəçilik səylərindən də danışıb: “Əgər Rusiya bu məsələdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki, bunu etməkdə azaddır. Biz danışıqların irəlilədiyinə inanırıq. Birləşmiş Ştatlar burada mühüm tərəfdaş kimi çıxış edir və dövlət katibi Antoni Blinken prosesə şəxsən nəzarət edir”, - deyə Patel qeyd edib.
Sonda diplomat Vaşinqtonda Azərbaycan və Ermənistan arasında “çox yaxında” yeni görüşlərin baş tutacağını bir daha təkrar edib. (Mənbə: TASS)
Tarix: 22-06-2023, 09:18