Tərtərdə “Heydər Əliyev İli-2023”: “Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğunun banisidir” mövzusunda tədbir keçirilib



Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi 
haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına 
əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər 
Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər 
Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər 
Əliyevin  100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanın 
müasir dövlət qulluğunun banisidir”  mövzusunda  tədbir keçirilib. Tərtərdə 
dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər. Əvvəlcə onlar Ümummilli 
Liderin xatirəsinə hörmət əlaməti olaraq  abidəsini ziyarət edib, önünə gül 
dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam 
etdirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, 
Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi 
Nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon 
icra hakimiyyəti başçısı aparatının, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, 
idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak 
ediblər.
Tədbirdə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda 
canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra 
dövlət qulluqçuları Azərbaycan Respublikasının Dövlət himnini  oxuyublar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını 
təbrlk edərək, onlara öz işlərində uğurlar, həmişə dövlətə və dövlətçiliyə sadiq 
olmağı arzulayıb. Rayon rəhbəri “Heydər Əliyev Azərbaycanın müasir dövlət 
qulluğunun banisidir” mövzusunda məruzə edib. Qeyd olunub ki, 23 iyun 
Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Azərbaycan 
Respublikasının Prezidenti cənab  İlham Əliyevin 2006-cı il 25 may tarixli 
Sərəncamı ilə təsis edilib.
Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu 
möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə 
sistemində həyata keçirdiyi islahatlardan başlayıb.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm 
nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun 
qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində 
vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr 
siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların 
hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul 
edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə 
çox mükəmməl bir hüquqi akt yaradılıb.
Bu gün bütün azərbaycanşünasların gəldiyi ortaq nəticə budur ki, sovet 
hakimiyyəti dönəmində dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr 
potensialının sistemli şəkildə hazırlanması Ulu Öndərin 1969-1982-ci illərdə 
Azərbaycana rəhbərlik etdiyi dövrdə baş vermişdir. Heydər Əliyev 
respublikaya rəhbər seçiləndə dövlət, sovet və partiya strukturlarında rus, 
erməni və digər millətlərin nümayəndələri güclü mövqeyə malik idilər. Məhz 
Heydər Əliyev dövlət qulluğunun milliləşməsi, strategiya və taktikasını SSRİ-
də gedən siyasi proseslərə elə məharətlə uyğunlaşdırdı ki, kimsə buna mane 
ola bilmədi. Ulu Öndər milli kadrları önə çəkməklə yanaşı, milli kadr 
potensialını da yaradırdı. Belə ki, ölkəyə lazım olan mütəxəssis kadrları 
yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar 
üzrə fakültələr açılır, ildə 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali 
məktəblərinə göndərilirdi.
  1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının parlamenti 
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını 
qəbul etdi. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk iki ilində ölkədə hökm 
sürən hərc-mərcliyin dövlət idarəetmə sisteminə də sirayət etməsi 
respublikamızı parçalanmaya və vətəndaş müharibəsinə sürüklədi. 
Müstəqilliyimizin və dövlətçiliyimizin təhlükədə olduğunu görən xalq yeganə 
çıxış yolunu ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə dəvət edilməsində 
gördü. Bu dəvət cavabsız qalmadı. Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi 
andan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas vəzifələri sırasına 
siyasi-iqtisadi, sosial-mədəni və mənəvi həyatın bütün sahələrinin yeni əsaslar 
üzərində qurulması daxil edildi.
  Dövlət qulluğuna və dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa 
ediməsi, habelə milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə 
Heydər Əliyevin siyasəti aşağıdakı istiqamətləri əhatə edirdi:
  -səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması;
  -dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi;
  -vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi;
  -dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə 
yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun 
formalaşdırılması.
 Rayon rəhbəri rayonumuzun ayrı-ayrı müəssisələrində-rayon icra 
hakimiyyətində, İƏD üzrə nümayəndəliklərdə, təhsil sahəsində, Gənclər və 
İdman idarəsində, Maliyyə idarəsində, Statistika idarəsində, mədəniyyət 
sahəsində 195 nəfər dövlət qulluqçusu vəzifəsinin olduğunu bildirib. Qeyd 
edib ki, həmin vəzifələrin 181-i inzibati, 14-ü yardımçıdır. 185 nəfərin ixtisas 
dərəcəsi var. Dövlət qulluğunda çalışanların 42  nəfəri qadınlar, 41 nəfəri 
gənclərdir. Həmin gənclərin  8 nəfəri 25 yaşa qədər, 25 nəfəri isə 25-29 yaşa 
qədərdir.
30-34 yaş arası 18 nəfər, 35-39 yaş arası 12 nəfər, 45-49 yaş arası 7 nəfər, 
50-54 yaş arası 19 nəfər, 55-59 yaş arası 38 nəfər, 60-64 yaş arası 40 nəfər, 
65 yaşdan yuxarı isə 4 nəfər dövlət qulluqçusu var.
Rayonumuzda 10 “Əməkdar müəllim”, onlarla “Tərəqqi” və “Dövlət qulluğunda 
fərqlənməyə görə” medalla təltif olunmuş dövlət qulluqçusu var.
Onlar müstəqil respublikamızda inkişafın təmin edilməsində, vətəndaşların 
hüquq və azadlıqlarının qorunmasında, əhalinin sosial məişət şəraitinin 
həllində mühüm rol oynayırlar.
Sonra rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Əli 
Qurbanov, rayon Məhkəməsinin sədri Tahir Qubadov, rayon Statistika 
idarəsinin rəisi Ədalət Məmmədov, Azərbaycan Respublikası Prezidentinin 22 
iyun 2023-cü il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” 
medalı ilə təltif olunmuş rayonun Əksipara kənd İƏD üzrə nümayəndəsi Pərviz 
Mustafayev çıxış ediblər. Onlar dövlət qulluqçularını peşə bayramları 
münasibəti ilə təbrik edib, hər birinə cansağlığı, uzun ömür, ailə səadəti 
arzulayıb, göstərilən diqqət və qayğıya görə tərtərlilər adından möhtərəm 
Prezidentimiz İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 
tərəfindən rayonun sosial-iqtisadi inkişafında fərqlənən bir qrup dövlət 
qulluqçusuna fəxri fərman, işlərində fərqlənən İƏD üzrə nümayəndəliklərin 
kollektivlərinə isə təşəkkürnamələr təqdim edilib.
Tarix: 23-06-2023, 23:42
Xəbəri paylaş





Xəbər lenti