Globalinfo.az sülh danışıqları fonunda son vaxtlar Qarabağda və Ermənistanla şərti sərhəddə baş verən hadisələr barədə siyasi analitik Orxan Amaşovla müsahibəni təqdim edir:– İyunun 15-də Həkəri körpüsündə baş verən təxribatdan sonra Laçın yolu boyunca bütün növ hərəkət tamamilə dayandırıldı. Bir neçə gün öncə isə körpünün “Laçın” postuna keçid hissəsinə beton sədd çəkilməsi ilə bağlı görüntülər yayıldı. Hazırkı vəziyyətdə bu addımın atılması nə üçün vacib idi?– Rəsmi Bakı Qarabağda yaşayan ermənilərin bütün ehtiyaclarının Azərbaycanın resursları hesabına qarşılanmalı olduğuna dair mövqeyini ortaya qoyub. Bu, həmçinin bölgədə müvəqqəti yerləşən sülhməramlılara da aiddir. Çünki ora Azərbaycanın suveren ərazisi daxilindədir. Bununla bağlı proses son iki ildə mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələdə üçtərəfli bəyanatın tələblərindən yola çıxaraq köhnə Laçın koridorunun yeni Laçın yolu ilə əvəzlənməsi prosesini həyata keçirdik. Maraqlarımıza uyğun olaraq bu məsələ sürətlə yerinə yetirildi. Baxmayaraq ki, Ermənistan bu prosesi ləngitmək istəyirdi. Köhnə Laçın koridoru ilə yeni yol arasındakı fərq sadəcə koridorun Laçın şəhərindən keçməsi ilə deyil, həmçinin enerji xətləri ilə də bağlıdır. Bu həm də üçtərəfli bəyanatın müddəaları çərçivəsində separatizmin belinin sındırılmasının bir mərhələsi idi.
İkinci mərhələ isə Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin təsis olunması idi və bu asan başa gəlmədi. Sübut etdik ki, bu yolun bir rejimi var və o rejimdən kənar istifadə halları olur. Sərhəd-buraxılış məntəqəsinin təsis olunması qanunsuz istifadənin qarşısının alınması və yolun öz rejiminə uyğun fəaliyyət göstərməsi üçün gərəklidir. Amma biz bu mərhələni də həyata keçirdikdən sonra 15 iyun tarixində yeni insident baş verdi. Bu zaman ortaya bir məsələ çıxdı. Azərbaycan Laçın yolunda ikitərəfli hərəkətə zəmanət verir, amma orada təhlükəsizlik riski var və bu risk aradan qaldırılmayana kimi biz yolda təhlükəsizliyə zəmanət verə bilmərik. Ona görə də yolu bağladıq və bizim buna dair konkret tələblərimiz var.
– Laçın yolunun bağlanmasından sonra Azərbaycanın bölgədəki sülhməramlı kontingentə ehtiyaclarının Ağdamdan qarşılanmasını təklif etdiyi bildirilir. Bu, Qarabağdakı ermənilər üçün də keçərlidir?– İndiki mərhələdə isə Azərbaycan öz addımlarının dairəsini genişləndirir. Bəli, post müvəqqəti bağlanıb və gələcəkdə Qarabağ erməniləri oradan istifadə edə biləcəklər. Amma sülhməramlı kontingentin ehtiyacları Azərbaycanın daxili resursları hesabına qarşılana bilər. 2022-ci ilin mart ayından bu yana bir neçə amili sübut etdik. Birincisi odur ki, sülhməramlıların şərti məsuliyyət zonası adlanan ərazidə əməliyyatlar keçiririk, bizimlə hesablaşılır. İkincisi, biz posta real olaraq nəzarət edirik. Orada hər hansı koridora ehtiyac yoxdur.
Proseslər ona hesablanmışdı ki, köhnə “Dağlıq Qarabağ”ın bütün ehtiyacları Ermənistan tərəfindən qarşılansın və Azərbaycan bölgədən mümkün qədər qopsun. Koridorun mahiyyətində bu dayanırdı. Amma biz bu mahiyyəti mərhələli şəkildə aşındırdıq. İndi isə bu qənaətdəyik ki, həmin ərazinin hər hansı humanitar daşınmalara ehtiyacı yoxdur. Ehtiyaclar tərəfimizdən qarşılansın və reinteqrasiya tamamilə həyata keçirilmiş olsun. Bütün bunlar beynəlxalq hüquqa uyğundur, həm də üçtərəfli bəyanatın məntiqindən kənara çıxmır.
– Ermənistanın Baş naziri Nikol Paşinyan gələn həftə XİN rəhbərlərinin Vaşinqtonda növbəti görüşünün keçiriləcəyini bildirdi. Bu görüşdən gözlənilər nələrdir? Danışıqlarda müsbət irəliləyiş ola bilərmi?– İndi növbəti Vaşinqton görüşü gözlənilir və bu çox vacibdir. Amma gərək tarixi daha dəqiq açıqlansın. Çünki adətən Paşinyan gələn həftə görüş olacağını deyəndə, bu, növbəti həftə baş tutur. Mən ümidliyəm, həmin görüşdə müəyyən razılaşmalar ola bilər. Çox güman ki, bu görüş 3-4 gün davam edəcək, maraqlı olacaq. Amma biz onun nəticəsini iyulun 21-də Brüsseldə həyata keçirilməsi nəzərdə tutulan görüşdən sonra öyrənə biləcəyik. Bölgədə kommunikasiya xətlərinin açılması məsələsi daha çox Rusiyanın moderatorluğu ilə davam edən bir prosesdir. Amma çox güman ki, Vaşinqtonda müzakirə olunacaq. Bu məsələdə Azərbaycan və Ermənistan arasında ziddiyyət qalır. İrəvan hesab edir ki, Zəngəzur dəhlizinin Mehridən keçən hissəsindən öncə digər kommunikasiya xətləri açıla bilər. Amma bunların hamısının ümumi nəzərdən keçirilməsi vacibdir. Unutmamaq lazımdır ki, üçtərəfli bəyanatda Zəngəzur koridoru termini işlənməsə də, Mehridən keçən hissə ayrıca qeyd olunub və mərkəzi hissədə yer alır.
– Paşinyanın davamlı şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması bəyanatlarından sonra ilin sonuna kimi sülh müqaviləsinin imzalanması real ola bilərmi? Hazırkı vəziyyətdə bu, nə dərəcədə mümkündür?– İki il ərzində bölgədə müəyyən dəyişikliklər baş verməsəydi, Nikol Paşinyan da Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıdığını bəyan etməyəcəkdi. İlin sonuna kimi iki ölkə arasında müqavilə imzalana bilər, bu, məntiqlidir. Çünki Vaşinqton formatında haradasa oktyabr, yaxud noyabr ayı üçün belə bir sənədin ərsəyə gəlməsini gözləyirlər. Amma yenə də hər şey Ermənistanın addımlarından asılı olacaq.
Tarix: 25-06-2023, 22:33