"Ermənistan əsas bu iki maddəni yerinə yetirməyib" - Ekspert danışır
“Laçın dəhlizinin, Laçın yolunun bağlanmasının səbəbləri də, səbəbkarları da elə ermənilərin özləri, Ermənistan tərəfidir. İyunun 15-də səhər bizim hərbi qulluqçumuz gizir Elşən Rüstəmovu Ermənistan tərəfindən snayperlə yaraladılar. Bundan sonra da bizim tərəfdən baş prokuror tərəfindən cinayət işi açıldı. Hazırda istintaq gedir və ona görə də həmin nəzarət buraxılış məntəqəsi bağlandı. Ermənilər bu təxribatçı işlərindən əl çəkməlidirlər. Əks təqdirdə doğrudan da onlar üçün pis olacaq”.SİAM.AZ xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Onun sözlərinə görə, Ermənistanda yaşayan millətçi ermənilər 35 ildən artıqdır ki, Qarabağda yaşayan erməniləri özlərinin siyasi ambissiyaları üçün alət ediblər. Onlardan istifadə edir, onlar adına dünya ermənilərindən, diasporadan çox böyük, küllü miqdarda vəsait yığırlar. Özlərinin ambissiyalarını yerinə yetirmək istəyirlər. Əhali isə onların girovuna çevrilib. Orada yaşayan əhali bu 35 ildə, yəni 88-ci ildən bu yana həddindən artıq pis vəziyyətə, yoxsulluq vəziyyətinə gəlib çatıblar.
“Bunlar faktdır. Biz onlara xoş münasibət göstəririk. Biz onlarla bağlı humanitar tədbirlər görürük, qayğı göstəririk. Ancaq ermənilər isə bundan öz işləri üçün istifadə edirlər. Əksinə Azərbaycana qarşı terror-təxribat hadisələri törədirlər. Vəziyyəti gərginləşdirəndə və terror təxribat hadisəsi törədəndə ermənilərdir. Onlar 2020-ci ilin noyabrın 10-da bağlanmış “üçtərəfli” bəyannamənin hələ 2 maddəsini qətiyyən yerinə yetirməyiblər. Sülhməramlı qüvvələr Ermənistanla sərhəddə daxil olanda və Azərbaycan ərazisində olan revanşist qüvvələr çıxarılmalı idi. Ancaq bu gün biz bilirik ki, onlar çıxarılmayıb. Orada 10 minə yaxın erməni silahlı qüvvələri var. Onlar çıxarılmalıdır”-deyə politoloq bildirib.
Politoloqun sözlərinə görə, müqavilədə Azərbaycanın Naxçıvanla birləşməsi üçün dəhlizin Zəngəzur dəhlizinin açılması göstərilmişdi.
Ancaq bu da yerinə yetirilməyib.
“Azərbaycan bütün maddələri yerinə yetirib. Ancaq Ermənistan isə əsas bu iki maddəni yerinə yetirməyib. Rusiya ciddi təsir göstərməlidir ki, Ermənistan bu maddələri də yerinə yetirsin. Rusiyanın Azərbaycan-Ermənistan sülh müqaviləsinin bağlanmasında Rusiyanın rolu getdikcə azalır. Bu da artıq hiss olunur. Çünki Rusiya Ukrayan zəiflədi. Onun həm diplomatik, həm də siyasi çəkisi azaldı. Bu səbəbdən də, Qərbin, Avropa ittifaqının və Amerikanın rolu daha da artır”-deyən Elşad Həsənov qeyd edib ki, ümumiyyətlə iyunun 26, 27-də Vaşinqtonda gözlənilən növbəti xarici işlər nazirləri ilə görüşlər müəyyən nəticələr verəcək. Amerikanın və Avropa ittifaqının təzyiqi ilə Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsini imzalayacaq.
Tarix: 27-06-2023, 09:28