Moskvadakı "görünməz əl", Priqojin və Lukaşenko üçbucağı, iflas edən Putin – Üsyanın izi ilə
Ərəstun Oruclu: “Qiyam təhlükəsi hələ qalır, Putinin hakimiyyətdən getməsinə kimlərsə artıq qərar verib” “Vaqner” özəl hərbi şirkətinin Rusiyada törətdiyi və “yarımçıq qiyam” adlandırılan üsyan cəhdi ətrafında müəmmalar davam edir. İyunun 23-24-də baş verən qiyam zamanı “Vaqner” muzdluları iki şəhəri ələ keçirmiş, paytaxt Moskva yaxınlığınadək irəliləmişdilər. Lakin şirkətin rəhbəri Yevgeni Priqojin Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığından sonra “Ədalət marşı”nı dayandırdığını elan etdi. Qiyamla bağlı suallar və versiyalar çoxdur: bəziləri hesab edir ki, bu, Rusiya Prezidenti Vladimir Putin tərəfindən planlaşdırılmış “tamaşa” idi və bununla nəbz yoxlaması həyata keçirdi. Suallardan biri də Belarus Prezidentinin bu qiyamın yatırılmasındakı rolu ilə bağlıdır. “Necə ola bilər ki, Priqojin uzun illər dostu olan Putini dinləmir, qiyam qaldırır, amma Lukaşenkonun xahişi ilə qüvvələrini geri çəkir?” sualı beyinləri məşğul etməkdədir. Rusiyadakı 23-24 iyun tarixində baş verənlərlə bağlı AYNA-nın suallarına “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ilə cavab tapmağa çalışdıq:
- Rusiyada baş verənlər nələr idi – etiraz, çevriliş cəhdi yoxsa... - Əslində bu, qiyam deyildi. Ən yüksək dəyərləndirmələrə görə, 3-4 min muzdlu hərbçinin cəlb olunduğu, törətdiyi akt idi. Hansı ki, Priqojin özü bunu “Ədalət marşı” adlandırdı. Bunun hansı nəticə verəcəyi əvvəlcədən məlum idi. Rusiya kimi dövlətdə bu yolla nəsə əldə etmək absurd olardı. Priqojin də o qədər sadəlövh adam deyil ki, bunun yüksək nəticə verəcəyinə inansın. Amma Priqojin bu qiyam cəhdinin görünən tərəfi idi. Onun arxasında kim və kimlər dayanır, müxtəlif ehtimallar səsləndirmək olar. Hər bir halda, bunları Putin bilir. Çünki ən ağır nəticəni yarımçıq qiyam nəticəsində alan Putinin özü oldu. - Qiyam cəhdinin yatırılmasında Lukaşenkonun rolu nə qədərdir? - Əminəm ki, ondan Rusiyadan xahiş ediblər ki, hələ ki, Priqojini öz “qanadı” altına alsın və saxlasın, qorusun. Buradan görünür ki, Lukaşenko Rusiyada Priqojinin arxasında dayanan kimin və ya kimlərinsə sifarişini yerinə yetirir. Bundan da Belarus lideri öz piarı üçün, “qəhrəmanlığı”nı göstərmək üçün istifadə edir. Şübhəsiz ki, bununla Lukaşenko eyni zamanda, Kremlin boynuna minnət oyur. Yenə deyirəm, Priqojin o qədər sadəlövh adam deyil ki, Lukaşenkoya inana, onun yanına gedəydi. Biz bilirik ki, Belarusda keçirilən son prezident seçkilərində aranı qarışdıran qruplardan biri də “Vaqner”in 30-a yaxın muzdlusu olmuşdu. Hətta onlar Belarusda saxlanılmışdı da. Demək ki, burada "görünməz əl" var. Həmin "əl"in Lukaşenko və Priqojinlə kifayət qədər yaxşı əlaqələrinin olması ehtimalı ortaya çıxır. Bu qiyama start verənlər Rusiya hakimiyyətinin hərbi qanadında da ola bilər, siyasi qanadında da, Kremlin özündə də ola bilər. Çünki Rusiyadakı vəziyyət bu gün mütləq əksəriyyəti artıq qane etmir. Xüsusilə də Putinin başlatdığı avantürist müharibə siyasi elitada qəbul edilmir. Müharibə başlayan zaman Rusiya Təhlükəsizlik Şurasının toplantısına baxmaq lazımdır. Hətta, Patruşev və Narışkin kimi şəxslər buna etiraz etdilər. Bu mənada, qaranlıq məqamlar çoxdur. Ortada isə üçbucaq var: Moskvadakı "görünməz əl", Priqojin və Lukaşenko. - Qiyamı Putinin özünün hazırladığı, bunun bir şou olduğu iddiaları var. Bununla razısınızmı? - Razı deyiləm. Çünki qiyamı Putinin özünün hazırlaması üçün heç bir əsas görmürəm. Bu yarımçıq qiyam nəticəsində ən ağır zərbəni məhz Putin almış oldu. Nəzərə alsaq ki, bunun ardınca Putin “Rosqvardiya”nın ən ağır silahlarla təchiz edilməsinə qərar verir, deməli, əsl qiyamçılar başqalarıdır. Sadəcə hələlik onlar üzdə görünmürlər. Bəs əsl qiyamçılar kimlər ola bilər? Söhbət bütövlükdə Rusiya ordusundan və ya onun hansısa birləşmələrindən gedə bilər. Ona görə də bu qiyam cəhdini Putinin şousu hesab etmirəm. Təsəvvür edin ki, “Vaqner”in bu addımı ilə Putinin imicinə zərbə dəydi, onun “toxunulmaz liderliyi”nin üzərindən xətt çəkildi. Eyni zamanda, Kreml rəhbəri dünyada gülüş hədəfinə çevrildi. Ona görə də qiyamı Putinin özünün hazırladığı versiyası məntiqli deyil. - Priqojinin Belarusa sığındığı bəlli oldu. Sizcə, onun bundan sonrakı taleyi necə olacaq? - Priqojin artıq heç kimə lazım deyil. O, artıq öz işini görüb. Priqojini qiyamın sifarişçiləri və ya reputasiyasını yerə çırpdığı Putin də aradan götürdə bilər. Amma bu heç nəyi dəyişməyəcək. Hesab edirəm ki, Priqojin bu prosesdə icraçı idi və işini gördü. İndi Priqojinin məhvi hər iki tərəfin – həm ona yarımçıq qiyam təşkil etməyi sifariş edənlərin, həm də Putinin marağındadır. Birincilər Priqojini “aradan götürməyi” ona görə istəyə bilərlər ki, bundan sonra nələrisə açıqlamasın. Bu gün hər yerdə çox ciddi cəhdlə məlumatlar yayılır ki, onu Putin məhv etdirəcək, öldürdəcək və s. Yəni bir növ, məsələni gələcəkdə Putinin üzərində qoymaq kimi yol axtarılır. İkinci variant isə odur ki, Putin ənənələrinə sadiq qalaraq, xəyanət etmiş adamları məhv etdiyi kimi, Priqojini də “aradan götürdür”. Amma dediyim kimi, bu, heç nəyi dəyişməyəcək. - Bundan sonra Rusiyada nələr baş verəcək? - Dediyim kimi, əsl qiyamçılar hələ ki, kölgədədirlər. Onlar Priqojin vasitəsilə test həyata keçirdilər. O test göstərdi ki, Rusiyadakı demək olar ki, bütün güc strukturları prosesə heç bir reaksiya vermədilər. Bundan başqa, məlum oldu ki, guya Putinin siyasətini dəstəkləyən əhalinin 90 faizinin heş bir faizi onun müdafiəsinə qalxmadı, qiyama qarşı çıxmadı. Bu, artıq Putinin iflası deməkdir. Bundan sonra əlbəttə ki, müəyyən siyasi dəyişikliklər olacaq. Yəqin ki, Putin siyasi cəhətdən, yaxud da ola bilər ki, fiziki cəhətdən, hakimiyyətdən kənarlaşdırılacaq. Fiziki baxımdan dedikdə, mən onun məhvini nəzərdə tutmuram. İstefa verəcək, yaxud “xəstələnib” postunu tərk edəcək. Hər şey ola bilər. - Qiyam variantı gündəmdə qalırmı? - Əlbəttə, qalır. Rusiyada tarix boyu hakimiyyət zorakı yolla dəyişib. İndi hakimiyyətin qiymala dəyişdirilməsindən başqa yol da qalmayıb, seçim yoxdur. Putin dirəniş göstərsə, növbəti mərhələdə əsl qiyamçılar üzə çıxacaq və Putinin hakimiyyətdən kənarlaşdırılması həyata keçiriləcək. Düşünürəm ki, Putinin etibar etdiyi “Rosqvardiya”ya tank və ağır silahların verilməsi qərarı da məhz əsl qiyamçılardan özünü qorumaq məqsədi ilə idi. Demək ki, qiyam təhlükəsi hələ qalır, Putinin hakimiyyətdən getməsinə kimlərsə artıq qərar verib. Bu həmin nöqtədir ki, artıq geriyə yol yoxdur, tərəflər irəli getməlidirlər. Çünki kim geriyə çəkilsə, o, məhv ediləcək. Ona görə də Rusiyada qarşıdurmanın növbəti mərhələləri istisna deyil.