Rusiya Azərbaycana qarşı “beşinci kolon”dan və qisasçılardan da istifadə edir - Ekspert danışır
“Amerikada effektiv danışıqların getdiyi bir vaxtda Qarabağda təxribatlar törədilir. Bununla Rusiya göstərməyə çalışır ki, Vaşinqtonda sülhyaratma prosesi və danışıqların qarşısını almaq niyyətindədir, hər hansı bir razılaşmanın əldə edilməsini istəmir. Hamı başa düşür ki, Azərbaycan ərazilərində olan Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri Azərbaycan dövlətinə və ordusuna qarşı silah işlədir. Əlbəttə, bu məsələdə Rusiyanın barmağı var. Bəzən Qərbin müəyyən dairələri də belə təxribatlarda maraqlı tərəf kimi görünürlər”.
SİAM.AZ bildirir ki, bunu Reyting.az-a professor Qabil Hüseynli ABŞ-da aparılan danışıqlara paralel olaraq ermənilərin Qarabağda törətdiyi növbəti təxribatlardan danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya belə fəaliyyətini Qərbin regionda fəllaşması və Rusiyanın bölgədən çıxarılması ilə əlaqələndirir.
Q. Hüseynli qeyd edib ki, Rusiyanın bu fitnəsinə onun Ermənistandakı “beşinci kolonu”, qisasçılar, Daşnaksütyun Partiyası və Qarabağdakı separatçılar dəstək verir: “Məsələn, son təxribatlardan sonra separatçılar dərhal xüsusi bəyanat hazırladılar və onu Ermənistanla Rusiya rəhbərliyinə göndərdilər. Danışıqların dərhal dayandırılması tələbini qoydular. Guya ki, bu danışıqlar Rusiya və Ermənistanın maraqlarına ziddir. Bəli, açıq görünür ki, prosesi pozmaq cəhdləri var. Amma bu cəhdlər nə Ermənistandakı, nə də Qarabağdakı kasıb və oyunlardan uzaq olan sadə ermənilərin maraqlarını ifadə etmir. Separatçılar anlayır ki, danışıqlarda nəticə onların maraqlarına uyğun deyil”.
Professor əmindir ki, belə təxribatçı hərəkətlərlə Rusiya prosesi poza bilməyəcək:
“Bir daha qeyd edirəm ki, Rusiya Ermənistandakı “beşinci kolonu” və Qarabağdakı sepatratçılar vasitəsilə prosesi dayandırmağa cəhdlər edir. Əminəm ki, prosesi poza bilməyəcəklər. Son illərin müşahidəsinə baxsaq görərik ki, Brüsseldə və ya Vaşinqtonda belə görüşlər ərəfəsində təxribatlar baş verir. Bunların da səbəbləri var. Çünki belə danışıqlar kimlərinsə xoşuna gəlmir”.