Vaşinqton danışıqlarındakı “tərəqqi” və: “Prinsipial məsələlərdə fikir ayrılığı qalır”

Analitik: “Görüşlərin davam etməsi, bəzi əlavə maddələrin razılaşma layihəsinə daxil edilməsi irəliləyişdir”
İyunun 27-29 iyun tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb. Danışıqlarla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd edilib ki, Vaşinqtonda olarkən nazirlər onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
“Nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib”, - deyə məlumatda vurğulanıb.
“Entoni Blinken bu gün yenidən iki xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşlər keçirib. O, növbəti üçtərəfli görüşü keçirəcək. Danışıqların səmərəli olduğuna inanırıq”. Bu sözləri isə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller XİN başçılarının görüşünü şərh edərkən bildirib.
Blinken isə görüşlə bağlı açıqlamasında əldə edilmiş tərəqqiyə görə hər iki tərəfə təşəkkür edib: “Düşünürəm ki, biz nə qədər yaxınlaşsaq, razılaşmaya bir o qədər yaxınlaşacağıq. Bu səylərimizi önümüzdəki həftələrdə və aylarda davam etdirəcəyik. Avropa İttifaqındakı həmkarlarımızın ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir.

ABŞ-da keçirilən növbəti danışıqlar “raundu” barədə AYNA-nın suallarını siyasi icmalçı Asif Nərimanlı cavablandırıb. Analitikin fikrincə, bu görüşü ümumi danışıqlar prosesi baxımından əhəmiyyətli hesab etmək olar: -Çünki Qərb platformasında Brüssel formatı əsas ünvan olub, lakin Fransanın təşəbbüsü ələ almaq iddiası bu formatı zəiflətmişdi. Format yenidən aktivləşsə də, daim arxa plana keçə biməsi riski həmişə var. Bu isə Rusiyanın sülh sazişinin imzalanması prosesində öz maraqlarını diktə etmək imkanını genşləndirir. Bu baxımdan, Vaşinqton formatı Qərb platformasında Rusiyaya qarşı sağlam alternativ kimi qəbul edilməlidir. O cümlədən, Fransanın pozucu manevrlərinə qarşı yaxşı imkandır. Növbəti raundun keçirilməsi formatın dayanıqlılığı üçün müsbətdir. Hərçənd, tərəflərin razılaşmaya o qədər də yaxın olmadığı etiraf edilməlidir. Xüsusilə prinsipial məsələlərdə fikir ayrılığı davam edir.
- Həmin fikir ayrılıqları hansılardır?
- Əgər birinci raundda bunun əsasən Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üzərində olduğu görünürdüsə, ikinci raundda məsələlər bir qədər də genişlənib. Qarabağdakı ermənilərlə yanaşı, sərhədin delimitasiyası, erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması kimi fikir ayrılığı olan məsələlər aktuallaşıb. Burada əhəmiyyətli məqamlardan biri Vaşinqtonda məhz erməni qoşunların Qarabağdan çıxarılmasının müzakirə edilməsi olduğu fikrindəyəm. Bu, Rusiyanın vasitəçiliyi ilə imzalanan 10 noyabr razılaşmasının 4-cü bəndində ehtiva olunur, lakin indiyə qədər icra edilməyib. Məsələnin Vaşinqton masasına daşınması Rusiyaya üçtərəfli bəyanat legitimliyini itirir mesajı hesab oluna bilər. Bu məqam Moskvanı bəyanatın legitimliyini saxlamaq üçün bunu icra etməyə sövq edir, əks təqdirdə, ABŞ-ın təşəbbüsü ələ almaq imkanları genişlənir. Nəticə əldə etmək istəyən Bakı üçün hər iki situasiya – istər Moskvanın erməni qoşunların çıxarılmasına sövq edilməsi, istər bəyanatın legitimliyini itirməsi baxımından sərfəlidir. Ümumilikdə, görüşü Vaşinqton formatının davam etməsi baxımından müsbət qiymətləndirəm olar, lakin fikir ayrılıqlarının davam etməsi və dərinləşməsi problem olaraq qalmaqdadır.
- XİN görüşlə bağlı açıqlamasında “əlavə tərəqqiyə nail olunub” deyə yazıb. Söhbət hansı tərəqqidən gedir?
- Bunun görüşün ümumi abu-havasına uyğun qeyd olması da istisna deyil. Eyni ifadə Ermənistan və ABŞ tərəfindən də vurğulanmışdı. Görünür, hər üç tərəfin bəyanatı görüşdə razılaşdırılıb. Lakin “Sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsinin müzakirə edilməsi, hətta masadakı sənədə konkret adın verilməsi belə mövcud şərtlərdə tərəqqi hesab edilə bilər. Bununla yanaşı, görüşlərin davam etməsi, bəzi əlavə maddələrin razılaşma layihəsinə daxil edilməsi irəliləyişdir. Hərçənd, “bəzi əlavə maddələr” dedikdə konkret nələrin nəzərdə tutulduğu sual altındadır. Çünki tərəflər prinsipial məsələlərdə fikir ayrılığı yaşayır, “bəzi əlavə maddələr” ümumi məsələlər ola bilər. Məsələn, ərazi bütövlüyünün qarşılıqlı tanınması və s. Bu məsələ Brüssel formatında əksini tapıb, Vaşinqton da baza olaraq bunu götürür.

- Vaşinqton formatının davam edəcəyi bildirilsə də, bəzi ekspertlər təxribatların fonunda bu formata inamın zamanla azalacağını iddia edirlər. Bu iddia nə qədər əsaslıdır?
- Təxribatların bu formata təsiri həlledici deyil. Əslində görüşlər vaxtı Ermənistanın və Qarabağdakı qanunsuz silahlı dəstələrin təxribatı Bakıya bölgədəki vəziyyəti daha real nümunələrlə təqdim etmək imkanı verir. Vaşinqton formatına inam digər formatlardakı vəziyyət yaranacağı təqdirdə azala bilər. Müharibədən sonra iki əsas format var idi: Moskva və Brüssel formatı. Hər iki format əhəmiyyətini itirməsə də, davamlı şəkildə konkret nəticənin əldə edilməməsi inamın azalmasına səbəb oldu. Əgər Vaşinqton formatında da nəticə əldə edilmədiyi halda raundların sayı artacaqsa, eyni yanaşma ilə üzləşəcək.
- Görüş zamanı ermənilər davamlı təxribatın danışıqlara hansı mənfi təsirləri oldu?
- Bu təxribatlar Ermənistanın “Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxalq mexanizm olmalıdır” iddiasını irəli sürməsi şərait yaradan amildir. Təxribatlar eksalasiyanı tətikləyir və İrəvan “beynəlxalq mexanizm olmasa erməni əhalisinin təhlükəsizliyinə zəmanət yoxdur” mövqeyini sərgiləyir. Bəllidir ki, görüşün getdiyi vaxt təxribatların yaşanması buna hesablanmış addım idi. Tərəflərin fikir ayrılığının davam etdiyini nəzərə alsaq, nəticənin əldə edilməməsində bu təxribatların da payının olduğunu düşünmək olar.
Tarix: 2-07-2023, 12:26
Xəbəri paylaş





Xəbər lenti