Ukraynanın Rusiya qoşunlarına qarşı əks-hücum əməliyyatları hələ ilkin mərhələdədir, bu etapda Moskvanın nüvə silahının tətbiqi üçün siqnala basacağı barədə həyəcanlı bəyanatlar verilir.Belə bəyanatlardan biri ABŞ Prezidenti Co Baydenə aiddir, o, Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirilməsi fonunda Kremlin düyməyə basa biləcəyinə eyhamlar vurub.
Ukraynanın əks-hücum əməliyyatlarının miqyası genişlənsə, Rusiyanın ilhaq etdiyi ərazilərdəki müdafiə qabiliyyəti sarsıla bilər, üstəgəl Kiyev Krımı da zərbə altında saxlamağa qərarlı olduğu müddətdə Moskva üçün qırmızı işıqlar yanmağa davam edəcək.
Rusiyanın döyüş meydanında əks-hücumların ağırlığı altında əzilmə ehtimalları belə narahatlıqları artırır. Çünki qorxu var ki, Rusiya Prezidenti Vladimir Putin hərbi məğlubiyyətə cavab olaraq nüvə qılıncını qaldıra bilər.
Qərb koalisiyası indi çətin taktiki seçim qarşısındadır, bir tərəfdən Ukraynanın qalibiyyəti üçün xərclənən vəsaitlərin bəhrə verməsini gözləyərkən, digər tərəfdən iqtisadi sıxıntılara məruz qalır, başqa yandan isə Rusiyanın nüvə şantajlarının real ölçülərindən çəkinir. Bu, strateji lövhələrə də təsirlərini göstərir.
Strateji miqyasdakı qalibiyyət və ya məğlubiyyəti təyin edəcək faktorlardan biri nüvə fəlakətidir, bu baxımdan NATO həlledici qərar vermək çağırışı ilə rastlaşıb – görəsən Rusiya Ukraynanı nüvə bombaları ilə zərbə altına qoysa, Alyans buna cavab verməlidirmi?
NATO-nun Rusiyaya adekvat zərbələri üçün resursları var, ancaq Qərbin Moskva ilə nüvə konfrontasiyasına getməməsi bəşəri təhlükələr prizmasından başadüşüləndir.
Ən çətin xətdə qalan Ukraynadır, indi əks-hücum əməliyyatları elə təşkil olunmalıdır ki, bu nüvə eskalasiyasına gətirib çıxarmasın. Hərçənd Kiyev Rusiyanın öz ərazisi hesab etdiyi torpaqlarını da geri qaytarmağa qətiyyət göstərir, lakin ortada nəticə yoxdur.
Rusiyanın da nüvə zərbələri ilə əlaqədar narahatlıqları var, çünki, belə bir ssenariyə gedəcəyi təqdirdə konkret hansı nəticələrlə qarşılaşacağını bilmir.
Yəni, Kremldə düşünürlər ki, Rusiyanın geniş nüvə seçimlərinə malik olmasına baxmayaraq, Moskvanın nüvə məcburiyyətini həyata keçirmək qabiliyyəti fəsadlarla üzləşə bilər.
Ona görə də, Rusiya cari vəziyyətdə Ukraynanın əks-hücum əməliyyatlarına qarşı başqa əlavə ekstremal tədbirlər görməyi məqsədəuyğun sayır.
Rusiyanın nüvə ehtiyatlılığı Qərbdə arxayınlıq yaratmır, əksinə Kremlin nüvə trayektoriyası üzrə var-gəl etməsi diqqətlə və həssaslıqla izlənilir.
Bilinən budur ki, Rusiyanın nüvə təhdidlərinin həqiqi olub-olmadığını müəyyən etmək üçün konkret bir yol yoxdur. Lakin Qərb ən azından Moskvanın nüvə şantajı texnikasının uğur qazanmasına imkan verməməyə cəhd edir.
Nəticə çıxarsaq, qeyd edə bilərik ki, Rusiyanın nüvə əməliyyatları planlarına əhəmiyyətli şəkildə əks-təsir göstərən məqamlar olsa da, Kremldən gələn təhdid masadan qalxmayıb.
Rusiya Ukraynanın kritik hərbi və mülki infrastrukturlarını hədəfə almaq üçün istifadə olunacaq silah arsenalını təkmilləşdirmək istəyəcək.
Ukrayna isə Krıma həlledici zərbələr endirə biləcək potensiallar axtarır, bunun hansı həddində Rusiyanın qırmızı xətlərini tapdalaması isə hələ də aydın deyil.
Aqşin Kərimov - DİA.AZ
Tarix: 2-07-2023, 12:38