Kremlin 2025 planı: Bakı Xankəndidə müqavimət göstərir, sonra isə...


Rusiya sülhməramlıların Qarabağda qalması və səlahiyyət müddətinin uzadılması istiqamətində səylərini artırıb. Söhbət Azərbaycan tərəfinə edilən hər hansı rəsmi müraciətdən və ya Ermənistanla pərdəarxası danışıqlardan getmir.  Son vaxtlar istər Ermənistan-Azərbaycan şərti dövlət sərhədində baş verən təxribatlar, diversiya cəhdləri, istərsə də sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə gərginliyin artması, separatçıların “aktivləşməsi” Kremlin belə bir niyyətinin olduğundan xəbər verir.  Məsələ ondadır ki, sülhməramlıların ərazidə qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış tərəflərdən heç biri əks mövqedə çıxış etməsə, müddət avtomatik 5 il uzadılır. Kreml məhz bu bəndin icrasını gerçəkləşdirmək, beləcə növbəti 5 il ərazidə, regionda qalmaq istəyir. Nəticəsiz Kişinyov və Vaşinqton görüşləri Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronun iştirakı ilə Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən beştərəfli qeyri-rəsmi görüş və ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə 27-29 iyun tarixində Vaşinqtonda keçirilən görüşlər böyük ölçüdə nəticəsiz bitdi.  Rusiya yaxşı bilir ki, Qərb formatında keçirilən görüşlərin uğurlu və nəticəli bitməsi Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsini sürətləndirə bilər. Yekun sülh müqaviləsinin imzalanması isə öz növbəsində Rusiya sülhməramlılarının Qarabağdan vaxtından öncə çıxması və Kremlin Cənubi Qafqaza təsir imkanlarının zəifləməsinə səbəb olacaq. Rusiyanın 2025 planı 10 Noyabr bəyanatına görə, Rusiya sülhməramlılarının səlahiyyət müddəti 2025-ci ildə bitəcək. Lakin Kreml bu vaxtı uzatmaq, növbəti 5 il daha Qarabağda qalmaq istəyir. Kreml yaxşı bilir ki, 2024 və 2025-ci illər Azərbaycanın siyasi həyatında aktivlik olacaq. Belə ki, Azərbaycanda 2024-cü ildə parlament, 2025-ci ildə isə prezident seçkiləri keçiriləcək.  Kreml Bakının başının seçki prosesinə qarışmasından da istifadə edərək növbəti 5 il ərzində regionda qalmaq, bunun üçün sülhməramlıların səlahiyyət müddətini uzatmaq istəyir. Bakının müqaviməti Mümkündür ki, Azərbaycan Rusiyanın 2025-ci il planından xəbərdardır və bu planın baş tutmaması üçün əlindən gələni edir.  İndiki məqamda rəsmi Bakı həm diplomatik sferada, həm də hərbi konstekstdə Kremldən çəkinmədiyini açıq-aşkar göstərir. Misal üçün Bakının Brüssel görüşlərinə diqqət ayırması, ABŞ-la təmasların qurulması Türkiyə-İsrail ilə strateji hərbi tərəfdaşlığı artırması buna dəlalət edir. Bundan başqa, rəsmi Bakının keçirdiyi sonuncu “Qisas-2” əməliyyatı və keçirilməsi ehtimal olan “Qisas-3” əməliyyatı da öz növbəsində Azərbaycanın hərbi baxımdan hazırlıqlı olduğunu göstərir.  Bakı ən qısa zamanda sülhün əldə edilməsini istəyir. Əks təqdirdə prosesin növbəti 5 il ərzində uzanmaq riski var.  Bundan başqa, rəsmi Bakı anlayır ki, Rusiya regionda gərginliyi artırsa da, Ukrayna müharibəsinə görə bütün imkanlarını Cənubi Qafqaza cəlb edə bilmir. Bakı Qarabağdakı prosesin tezliklə yekunlaşmasını və sülhmərmalıların qalma müddətinin uzadılmasının qarşısını almaq istəyir.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 7-07-2023, 17:10
Xəbəri paylaş





Xəbər lenti