İran Ermənistanı satdı? – Siyasət hiylədir, hələ qarşında Tehran varsa...

Tehran öz maraqları uğrunda İrəvanı qurban verə bilər, lakin biz hər gördüyümüzə və eşitdiyimizə inanmamalıyıq
Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin iclasında iştirak edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə toxunulub.
İclasda çıxış edən İranın xarici işlər naziri Tehranın Cənubi Qafqaz regionunda mübahisələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Onun sözlərinə görə, İlham Əliyevlə görüşdə əmin olub ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatın həyata keçirilməsinə sadiqdir.
Abdullahiyan əlavə edib ki, Azərbaycan kommunikasiya və nəqliyyat marşrutlarının açılmasını dəstəkləyir və bu, üçtərəfli bəyanatda öz əksini tapıb: “Bu regionun böyük tranzit potensialı var. İran bu məqsəd və potensialı reallaşdırmaq üçün əməkdaşlığı dəstəkləyir”.
Razılaşın ki, iranlı nazir, son vaxtlar ölkələrimiz arasındakı münasibətləri dostluq adlandırmaq çətin olduğunu nəzərə alsaq, kifayət qədər diqqətəlayiq bəyanatla çıxış edib.Və ümumiyyətlə, Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin mövcud olduğu bütün dövr ərzində, ölkəmiz müstəqillik əldə etdikdən sonra tərəflər arasında siyasi gərginlik yaranıb ki, bu da bəzən qaynama həddinə çatıb.
Tehran Azərbaycana qarşı daim aqressiv mövqe tutub ki, bu, xüsusilə 44 günlük müharibə zamanı və ondan sonra özünü büruzə verirdi. İran Ermənistan-Azərbaycan münaqişəsində birmənalı olaraq təcavüzkarın tərəfini tutub, eyni zamanda işğalın qurbanı olan Azərbaycana təzyiqləri artırıb.
Bundan əlavə, ötən il İran bir neçə ay ərzində Azərbaycanla sərhəddə iki hərbi təlim keçirib. Cavab olaraq Bakı eyni cür cavab verib. Bundan başqa, tərəflər dəfələrlə sərt bəyanatlar veriblər ki, bu da vəziyyəti yumşaltmağa kömək etməyib.
Bu gün isə rəsmi Tehranın ritorikasının necə dəyişdiyini görürük. Üstəlik, Abdullahiyanın simasında farsların təkcə dost deyil, həm də qardaş saydıqları ermənilər üçün kifayət qədər ağrılı məqama toxunulub. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdir.
Bildiyiniz kimi, erməni tərəfi qaranı ağ və əksinə adlandırmaq ənənəsinə sadiq qalaraq, hər dəfə Bakının müqavilənin bir bəndini yerinə yetirmədiyi barədə hay-küy qaldırır. Belə ki, İrəvan və separatçı qurumun nümayəndələri dünya ictimaiyyətini çaşdırmağa, özlərini “qaniçən” azərbaycanlıların qurbanı kimi göstərməyə çalışıblar və çalışırlar.
Bu bəyanatların sinizmi ona görə bir qədər də artır ki, silahlı birləşmələrin qalıqlarını hələ də geri çəkməyən və Zəngəzur dəhlizinin həyata keçirilməsinə hər vasitə ilə əngəl olmağa çalışan Ermənistan tərəfidir. Lakin Azərbaycan üçün birtərəfli qaydada Ermənistanı bu məqamlara əməl etməyə məcbur etmək çətin deyil. Və Laçın yolunun girişində sərhəd keçid məntəqəsinin quraşdırılması bu yolda yalnız ilk addımdır.
Və belə bir vəziyyətdə Ermənistanın ən yaxın müttəfiqi İran Azərbaycanın üçtərəfli saziş üzrə öhdəliklərini yerinə yetirdiyini bəyan edir, kommunikasiyaların açılması məsələsini önə çəkir. Şübhəsiz ki, bu, sürpriz oldu və erməni məntiqindən çıxış etsək, onun qardaşları ona “arxadan bıçaq” sapladı.
Burada “haylar” üçün çıxılmaz vəziyyət yaranır:
Birincisi, İrəvanın Tehranı “qərəzli” mövqedə və “xəyanətdə” ittiham etməyə cəsarəti və axmaqlığı çatacaqmı? Əgər belədirsə, onda onsuz da dərin uçuruma düşmüş Ermənistanı bu dəfə İrandan daha bir “soyqırımı” addımı gözləyə bilər;
İkincisi, öhdəliklərə sadiqlikdən Qərbdə də danışılır. Bu, o deməkdirmi ki, İran və Qərb eyni platformadan çıxış edir və bu məsələyə eyni yanaşır? Nonsensdir.
Deməli, “incimiş” İrəvan öz bəlalarının səbəbkarlarını kənarda axtarmamalıdır. Ermənistanın öz şıltaqlığı ilə İranı belə, yorğun vəziyyətə düşməsinin yeganə səbəbi özünün destruktiv mövqeyindədir.
Abdullahiyanın qeyd etdiyi kimi, “bu regionun böyük tranzit potensialı var” və deməli, İran hətta erməni qardaşları naminə öz iqtisadi maraqlarını qurban vermək niyyətində deyil.
Ancaq bu bəyanatı kimin verdiyini nəzərə alsaq, Azərbaycanda bütövlükdə heç bir xüsusi illüziya olmamalıdır. Söhbət tək bir şəxsdən yox, sabah yenidən ritorikasını dəyişə biləcək konkret ölkənin nümayəndəsindən gedir.
Bu yerdə qardaşı Şerlok Holmsa məsləhət verən Maykroft Holmsun sözlərini xatırlatmaq yerinə düşər: “Madam ki, kriminal aləmlə deyil, siyasətçilərlə təmasda olacaqsan, heç kimə, heç bir kəlmələrinə inanma”.
Qızıl sözlərdir. Söhbət əgər İran siyasətçilərindən gedirsə, o sözlərin dəyəri daha da artır. Necə deyərlər, süddən ağzı yanan (dəfələrlə), istər-istəməz suya də üfürməyə başlayacaq...
Tarix: 9-07-2023, 11:14
Xəbəri paylaş





Xəbər lenti