“NATO-nun Vilnüs sammitindəki şifrələr, vurğular şərti olaraq 2030 planına yönəlib...”


“Rusiya-Ukrayna savaşı Çinlə bağlı cəbhənin müəyyənləşməsi məqsədi ilə davam etdirilir. Və bu müharibə nəticəsində NATO Rusiyanı məğlub etməyəcək. Bu, Vilnüs sammitində qərar və yanaşmalardan da görünür...”
“Rusiyanın məğlub olması ən çox Çinin işinə yarayar, Çinin potensial gücünü artırar, onun Qərbə yolunu açar. Çünki Çinin Rusiya böyük sərhəd zonaları mövcuddur. Qərb də düşünür ki, Rusiyanı məğlub edəcəyimiz halda Çinin qarşısını kim alacaq...”

Bu fikirləri Moderator.az-a açıqlamasında NATO-nun Vilnüs sammitinin yekunlarından danışan politoloq Əziz Əlibəyli ifadə edib.  
 
“NATO-nun  növbəti sammitinin Vilnüsdə - Baltikyanı regionda, Rusiya ilə sərhəd ərazidə -həm də bu ölkənin II Cahan savaşında işğal etdiyi bir məkanda keçirilməsi çox əlamətdar və rəmzidir. Bu eyni zamanda ABŞ və NATO ölkələrinin Rusiyaya əzələ nümayişidir. Vilnüs sammitinin mahiyyətini belə oxumaq lazımdır: 2030-cu ilə doğru Avroatlantik  hərbi məkanının vahid komandanlıq altında birləşdirilməsi başa çatmalıdır”, -  deyə siyasi şərhçi növbəti NATO sammitini belə xarakterizə edib.
 
“2030-cu ildə həm də hərbi müstəvidə Çinlə münasibətlərin aydınlaşdırılması da gözlənilir. Və bu yolda Rusiya-Ukrayna müharibəsi önəmli keçidlərdən biridir. Sammitin qeyri-rəsmi hissəsinin fotolarını izlədikdə də oradakı atmosfer aydınlaşır. Zelenski ilə digərlərini müqayisə etdikdə məlum olur ki, hər kəs sərbəst söhbətlərlə, bir növ əylənməklə məşğuldur, o isə tənha görünür. Ukrayna liderinin sammitboyu diqqəti cəlb edən siması heç də xoş təəssürat yaratmır...
 
Vilnüs sammitinin həmin görüntüləri fonunda da düşünürəm ki, Rusiya-Ukrayna savaşı Çinlə bağlı cəbhənin müəyyənləşməsi məqsədi ilə davam etdirilir. Və bu müharibə nəticəsində NATO Rusiyanı məğlub etməyəcək. Bu, Vilnüs sammitində qərar və yanaşmalardan da görünür.  Bu mənada hesab edirəm ki, hazırda Rusiyanın məğlub olması ABŞ-ın, NATO-nun işinə yaramır. Rusiyanın məğlub olması ən çox Çinin işinə yarayar, Çinin potensial gücünü artırar, onun Avropaya doğru yolunu açar. Çünki Çinin Rusiya ilə böyük sərhəd zonaları mövcuddur. Qərb də düşünür ki, Rusiyanı məğlub edəcəyimiz halda Çinin qarşısını kim alacaq. Odur ki, aşağı-yuxarı bu savaş nəticəsində Rusiya-Ukrayna razılaşması olacaq... 
 
Bəlkə də heç 20 gün deyil, Ukrayna ordusu tərəfindən aparılan əsk-hücum nəticəsində işğal altındakı təxminən 27 min kvadrat kilometrlik ərazi azad olunub. Lakin Ukraynanın təxminən 45 minlik peşəkar ordusu əməliyyatlara qoşulmayıb. Yəni bu cür həlledici faktorlar var. Amma hiss olunur ki, nədənsə həmin həlledici faktorlar oyuna qatılmır. Və nəticə etibarilə proseslər bu savaşın qalibi və məğlubunun müəyyənləşdirilməsinə yox, Qərb-Rusiya anlaşmasına aparır. NATO-nun son sammiti üzərindən baxdıqda da görürük ki, burada şifrələr, vurğular şərti olaraq 2030 planına yönəlib. Və bilavasitə Türkiyə lideri Ərdoğanın gözlənilməz, şahmat dili ilə desək, qambit gedişi təxminən buna hesablanmış addımdır ki, hazırda NATO üzvü olaraq Türkiyəyə ehtiyac duyulur. Və zənnimcə, bu, əsla Rusiya faktoruyla bağlı deyil, yenə də gəlib Çin məsələsinə söykənir.  Onu da əlavə etmək lazımdır ki, son dönəmlərdə NATO Asiya siyasətinə yeni baxış gəlməsinə imkan verdi. Orada Yaponiyanın dirilməsi, hərbi zühuru prosesi gedir. Bu artıq rəsmiləşdirildi. İkinci zühur edən isə Avropada Almaniyadır. Görünür, onun da yenidən inşası gözlənilir. Bu iki məsələ də onu göstərir ki, dünyadakı bloklaşma Çin-Tayvan-ABŞ və Sakit Okean çətiri üzərindəki rəngləri daha da tündləşdirir”, - deyə politoloq vurğulayıb.
 
Sultan Laçın
Tarix: 13-07-2023, 22:25
Xəbəri paylaş





Xəbər lenti