Türkiyə NATO-nun genişlənməsini dəstəkləyir: “Bu, qlobal sabitlik üçündür”
Fahrettin Altun: “Ankara NATO-nun yeni təşəbbüslərində kritik tərəfdaş və etibarlı müttəfiq olmağa davam edəcək” “Türkiyə NATO-nun hansısa ölkəyə qarşı genişlənməsini dəstəkləmir, qlobal sabitliyi təmin etmək üçün dəstəkləyir”. AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun bildirib. Altun “Middle East Eye” jurnalı üçün yazdığı məqalədə Alyansın genişlənməsinin uzunmüddətli sülh və sabitliyin açarı olduğunu yazıb. “Türkiyə dünyanın müxtəlif yerlərində Alyansın ən mürəkkəb əməliyyatlarında iştirakdan heç vaxt yayınmayıb. Təhdidlər və yeni müharibə növləri ilə dolu getdikcə qeyri-sabit olan dünyada Türkiyə NATO-nun strateji oriyentasiyasını qoruyaraq yeni çağırışlarla fəal şəkildə üzləşir”, - deyə Altun yazıb. Onun sözlərinə görə, Ankara NATO-nun yeni təşəbbüslərində kritik tərəfdaş və etibarlı müttəfiq olmağa davam edəcək.