"Ukraynada uduzan Rusiyanın Cənubi Qafqazda reabilitasiyasına imkan vermək olmaz..." "Qarşıda növbəti Moskva, Brüssel, Qranada görüşləri gözlənilir. Ukraynada olduğu kimi, Qarabağ məsələsində də Qərbin Rusiyaya ünvanlı təzyiqinə nail olmaq lazımdır..." Son Brüssel görüşündə heç bir sənəd imzalanmadı, amma görüşdən sonrakı rezonanslar Azərbaycan qarşısında fərqli bir siyasi xətt açır. Rusiya Federasiyası XİN -in görüşdən sonrakı verdiyi bəyanat Putinin ötən il Valdayda etdiyi məlum çıxışın həm forma, həm də məzmunca təkrarı idi. Yəni Rusiyanın növbəti diplomatik təxribatı yenə də Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləməsinə qarşı idi və Kreml bu tanınmanı ermənilərin öz “günahı” kimi dəyərləndirib. Amma Cənubi Qafqazda ambisiyalı təsirini saxlamaq üçün Bakı ilə İrəvan arasında bağlanacaq sülh müqaviləsinin Moskvada imzalanmasını vurğulayaraq, ilkin mərhələdə Moskvada üçtərəfli görüşün keçirilməsi təklifini irəli sürüb. Artıq hər dəfə Qərbin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra Rusiyada tərəflərin görüşlərə çağırılması ("dəvət" demək olmur) sanki zərurət halını alıb.
Danışıqlar, yenə də danışıqlar, görüşlər.., hələ ki, real nəticə vermir. Əslində, nəticə olmaması ilk növbədə Rusiya üçün, sonra da ermənilər üçün bir nəticədir və bu hal onların maraqlarına uyğundur. Hər iki dövlət Azərbaycanı danışıqlar labirintinə salıb zamanı uzatmaqla məşğuldur. Yazının ilk cümləsində qeyd etdiyimiz kimi, son Brüssel görüşündən sonra Rusiyanın rəsmi mövqeyi və bu mövqedən ruhlanan Xankəndi separatçıların bəyanatları mövcud çətinliklərə baxmayaraq Azərbaycanla heç bir münasibət yaratmayacaqlarını bir daha açıq bildirmələri, bizim indiyədək apardığımız səbirli siyasi xəttimizə fərqli yanaşmanı tələb edir. Ağdam yolundan humanitar məqsədlərlə istifadəyə müsbət yanaşan Şarl Mişelə “get, öz işinlə məşğul ol” deyən Babayan, “artsaxlıları düşmən qapısına göndərir” deyən Qaramyan və digərləri dünyaya “humanitar fəlakət” haqqında nağıllar danışmaqda davam edəcəklər. Bizim rəsmi şəkildə hər dəfə bu nağılları təkzib etməyimizə ehtiyac yoxdur, əksinə, biz qarşı tərəflərə elə tələblər irəli sürməli, elə siyasi gedişlər etməliyik ki, onlar müdafiə mövqeyinə çəkilsinlər...
Bu məqsədlə Azərbaycan danışıqlar burulğanından çıxıb birbaşa Qarabağa yönəlik addımlarını atmalıdır. Erməni silahlı qüvvələrin Qarabağdan çıxarılması üçün konkret vaxt qoyub xəbərdarlıq etmək, Qarabağ ermənilərinin sənədlərinin dəyişdirilib Azərbaycan sənədinə keçməsini Laçın yolundan istifadə etmək üçün şərt kimi qəbul etdirmək, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayıb ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmış qaçqınlarımızın dogma yurdlarına qayıdışını həll etmək. Qoy, qarşı tərəflər bizim təşəbbüslərimizi müzakirə etməklə müdafiə olunsunlar, bizim onların kaprizləri ilə oynamaq vaxtımız tükənib...
Rusiya prezidenti Vladimir Putinin Qarabağdan hərbi kontingentini çıxarmamaq üçün vəziyyəti gərginləşdirmək istiqamətində kompleks təxribatlar hazırlaması gözləniləndir. Bu təxribatların başında şəxsən özünün tələbləri də yer ala bilər və müxtəlif informasiyalardan məlum olur ki, Putin artıq belə cəhdlər edib. Bəşəriyyət üçün təhdid və təhlükə mənbəyi hesab edilən bu adamın qarşısını yalnız Türkiyə-Azərbaycan koordinasiyalı siyasəti ala bilər. Bu gün Putinə ediləcək hər hansı bir kiçik güzəşt, Azərbaycan və bütün bölgə üçün gələcək təhlükələrin miqyasının böyüməsi ilə müşayiət olunacaq. Odur ki, Azərbaycan Qarabağla əlaqədar Putinin imperiya ambisiyalarını durdurmaq üçün zamanı uzatmadan şərtlərini, tələblərini, xəbərdarlıqlarını elan etməlidir. İlk addım hörmətli Ərdoğan tərəfindən atıldı, davamı gəlməlidir. 10 noyabr bəyanatına əsasən ilk növbədə erməni silahlı qüvvələri dərhal torpaqlarımızdan çıxarılmalı, əks halda hərbi güc tətbiqinin qaçılmaz olduğu Rusiya dövlətinin nəzərinə çatdırılmalıdır. Rusiya hərbiçilərinin gözü qarşısında erməni silahlı qüvvələrinin məhvinin real olduğunu dərk edən Kreml, simasını qorumaq məqsədilə bu şərtə əməl etməyə məcburdur. Biz israr etməliyik, vaxt təyin etməliyik. 2025-ci ilin noyabrınadək elə siyasi xətt seçilməlidir ki, Rusiya dünyaya deyə bilməsin ki, iki toplum arasında gərginliyin qanlı hadisələrlə müşayiət olunmasının real görünməsi səbəbindən Rusiya hələ bölgədə qalmaq məcburiyyətindədir...
Rusiya zamanı uzatmaq məqsədilə tərəfləri yenə "delimitasiya, demarkasiya, nəqliyyat infrastrukturunda maneələrin aradan qaldırılması" və s. ilə məşğul olmağa çağırıb, həmişəki kimi konkret hədəfdən yayındırmağa çalışacaq. Biz hətta bu istiqamətdə danışıqlar aparmaqla, paralel olaraq Qarabağda dövlət nəzarətimizin yaranmasının yol xəritəsini ortaya qoymalıyıq. Qarabağdaxili yolların - konkret olaraq Ağdam-Əsgəran-Xocalı-Şuşa yolunun və Tərtər-Ağdərə-Kəlbəcər yolunun tam açılması, ekoloji fəlakətin yaşandığı Sərsəng su anbarının nəzarətimizə keçməsi üçün siyasi tələbləri səsləndirib, ardınca realllaşmasına nail olmağı tezliklə həll etməliyik. Ukraynada uduzan Rusiyanın Cənubi Qafqazda reabilitasiyasına imkan vermək olmaz...
Qarşıda növbəti Moskva, Brüssel, Qranada görüşləri gözlənilir. Ukraynada olduğu kimi, Qarabağ məsələsində də Qərbin Rusiyaya ünvanlı təzyiqinə nail olmaq lazımdır. Amma, ən əsası özümüzün siyasi və hərbi gücü ilə Qarabağ məsələsində yekun nöqtənin 2025-ci ildən o yana qalmaması üçün zəruri olanları həyata keçirməliyik...
İlham İsmayıl
Tarix: 18-07-2023, 17:06