Ədliyyə Nazirliyinin partiya üzvlərinin zənglə dəqiqləşdirməsi o qədər məntiqsiz, hüquqsuzdur ki, adi sullara belə cavab verə bilməzlər:1) Konstitusiyaya görə hər bir şəxs partiya üzvü ola bilər, amma elə bir qanun yoxdur ki, hamının telefonu olmasını məcburi etsin – bəlkə kimsə telefon işlətmir, nazirliyin “məntiqinə” görə həmin şəxs partiya üzvü ola bilməz. Bu birbaşa hüquq pozuntusudur,
2) İstənilən şəxs hardan bilsin ki, zəng edən Ədliyyə Nazirliyindəndir, nədən zəng edənə doğru cavab verməlidir ki?! Bəlkə telefonla ondan başqaları şəxsi məlumatlar almaq istəyir,
3) Təqdim etdiyimiz say qədər bizdə imza və ərizələr var, yaxşı, indi nə önəmlidir, şəxsin imzası, ərizəsi, ya nazirliyin geyri-legitim zəngi,
4) 2500-ə yaxın şəxsin məlumatları bazada tapılmadığını deyiblər, yaxşı, bunlar kimlərdir, nədir uyğunsuzluq?! Bəlkə kimsə ərizə dolduranda hərf səhvi edib, bu onun siyasi partiyaya üzv olmasını niyə əngəlləməlidir ki?!
5) Onlarla, bir daha deyirəm, onlarla üzvlərimiz var ki, onlara heç bir zəng olmayıb, hətta REAL Gənclər Birliyinin idarə heyətinin üzvünə belə zəng olunmayıb – yaxşı, nazirlik zəng etmədiklərini hansı kateqoriyaya aid edib?! İlqar Məmmədova, Erkin Qədirliyə də zəng olmayıb, onları, görəsən, nazirlik üzv sayıb, ya yox?! Əgər üzvlük üçün ƏSAS kriteriyanı nazirlik zəng etməyi sayırsa, o zaman sədr və parlament təmsilçimiz də üzv kimi o siyahıya düşməyib,
6) Bəzi vicdansız media nümayəndələri 16 nəfər dünyasını dəyişmiş şəxslə bağlı axmaq başlıqlarla xəbərlər paylaşdılar, bəzi mənasız adamlar da bunu sosial şəbəkələrdə tirajladılar – biz 6 aydır intensiv üzvlük kampaniyası apardıq, regionlara 20-yə yaxın səfərlər etdik, təbii ki, 5118 nəfərdən 16-sı bu müddət ərzində dünyasını dəyişə bilər (Allah rəhmət eləsin), bunu düşük sensasiyaya çevirənlərin, ya da onlara belə xəbərləri sifariş edənlərin beyni olsaydı, bu məqamı nəzərə alardılar,
7) Nazirlik deyir ki, 986 nəfər onlara zəng edərkən üzv olmadığını deyib - şəxsən mənə bir neçə nəfər yazıb, zəng edib deyib ki, zəng gələndə fikir verməyiblər, təlaşa düşüblər, "yox" deyiblər, amma sonra fikirləşiblər ki, səhv ediblər - yaxşı, onlar öz səhvini necə düzəldə bilərlər, bunun mexanizmi yoxdur.
Qanunu tez və “çiy” qəbul edəndə, ictimai müzakirələrdə səslənən fikirlərə önəm verməyəndə belə olur, qəbul etdikləri qanun hüquqi boşluqlarla, məntiqsizliklərlə doludur. İstənilən yerli məhkəmə işə hüquqi çərçivədə baxsa bu qanunun boşluqlarını görəcək, onlar etməsə Avropa İnsan Hüquqları Məhkəməsi bu qanuna görə hüquqları məhdudlaşdırılan istənilən partiyanın iddiasını təmin edəcək və hökuməti qeydiyyat məsələsini həll etməyə, hətta təşkilata kompensasiya ödəməyə belə məcbur edəcək...
Natiq Cəfərli
Teref.az
Tarix: 19-07-2023, 13:40