Müdafiə Nazirliyinin daha iki generalı vəzifələrindən AZAD EDİLDİ
Müdafiə Nazirliyinin daha iki generalı vəzifələrindən azad edilib.
DİA.AZ bildirir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayev bir müddət əvvəl tutduğu vəzifəsindən azad olunub.
Rasim Babayev daha əvvəl Nazirliyin Təşkilat Səfərbərlik Baş İdarəsinin rəisi vəzifəsini icra edib. O, korpus komandiri, general-mayor Münasib Babayevin yaxın qohumudur. İddialara görə, generalın işdən azad olunmasına səbəb 142 nəfər zabitin ev məsələsi ilə bağlı şikayəti olub.
Bundan başqa Müdafiə Nazirliyinin İnspektorlar qrupunun üzvü general-mayor Qədir Nəsibov da tutduğu vəzifəsindən azad edilib.
İddialara görə, Qədir Nəsibov Nəcməddin Sadıkovla qohumluq əlaqələrindən istifadə edərək bu vəzifəyə təyin olunub.
Xatırladaq ki, Q.Nəsibov daha əvvəl Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində birinci müavin vəzifəsində işləyib. O, 2022-ci ilin iyun ayında həmin vəzifədən azad edilərək, İnspektorlar qrupunun üzvü kimi fəaliyyətini davam etdirib.
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov da bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb.
Rasim Babayev və Qədir Nəsibovun Elxan İbrahimovla birgə Badamdar qəsəbəsində hərbi hissənin ərazisini zəbt edərək, qeyri-qanuni şəkildə özəlləşdirilməsi xəbəri də generallarla bağlı iddialar arasındadır.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlasaq da, sorğumuza cavab verilməyib.