“Putin sülhməramlılarıyla Qarabağa girdi ki, Cənubi Qafqazda müharibə olmasın...”

“Putin sülhməramlılarıyla Qarabağa girdi ki, Cənubi Qafqazda müharibə olmasın...” 
“Rusiya prezidenti Qarabağda sülhün bərpası və erməni icmasının Azərbaycan Konstitusiyası əsasında idarə olunmasının açıq tərəfdarıdır...”
 
“Öz işləridir... Biz nə rusların, nə də ukraynalıların tərəfində olmalıyıq...”
 
Ara-sıra mediada şərhlər verən siyasi analitik Tahir Cəfərli ölkəmizdə və dünyadakı olaylara fərqli baxışlarıyla seçilir. Onunla Moderator.az üçün söhbətimizdə Rusiya ilə, o cümlədən bu işğalçı ölkənin diktator lideri Vladimir Putinlə bağlı, eləcə də Kremlin  44 günlük savaşdan sonra Qarabağdakı ermənilər və Azərbaycan-Ermənistan sülh prosesinə yönəlik siyasəti haqda fərqli mövqeyi,  Rusiyanın Ukraynanı işğal etməsinə qeyri-adekvat münasibəti və s. barədə diskussiya apardıq... 

Tahir Cəfırli iddia edir ki, o nə Rusiyanın, nə də, Qərbin, Ukraynanın tərəfdarı deyil və ifadə etdiyi fikirlərdə dünyadakı geo-siyasi reallıqdan çıxış edir. Hər halda söhbətimizi oxucuların müzakirəsinə buraxırıq. Nəticəni özləri çıxarsınlar...
 
-Tahir müəllim, sizcə, ordusu Ukraynada bataqlığa düşmüş Rusiya diktatoru Putin bu saat birbaşa özü Qarabağ məsələsi ilə maraqlana bilirmi?
 
-Rusiya ordusu haqqında belə səthi fikir yürütməyin. Ukraynada Rusiya əslində NATO qoşunları ilə vuruşur. Bizə bəzi hallarda Rusiya qoşunlarının geri çəkilməsi kimi çatdırılan xəbərlər onun uduzmasından xəbər vermir. Əksinə, Rusiyanın  hərbi sənaye  kompleksləri  günbəgün işə düşür. Bu nə deməkdir? O deməkdir ki, Rusiya hərbi və siyasi cəhətdən  fövqəl-dövlətlərə meydan oxuyacaq bir dövlətə çevrilir...
 
Prezident Putin Qarabağa sülhməramlıları ilə girdi ki, Cənubi Qafqazda müharibə olmasın. O, yaxşı anlayır ki, Qərb Cənubi Qafqazda ona qarşı ikinci cəbhə aça bilərdi. Odur ki, Qarabağ həmişə onun diqqət dairəsindədir...  Prezident Putin Qarabağda sülhün bərpası və erməni icmasının Azərbaycan Konstitusiyası əsasında idarə olunmasının açıq tərəfdarıdır. Başqa cür ola da bilməz... 
 
Ukrayna da gedən hərbi toqquşmaları isə genişmiqyaslı müharibə elan etmək gülüncdür. Ukrayna NATO ölkələrinin silahlarıyla Rusiya silahlarının toqquşduğu hərbi poliqondur. Bu da ABŞ-ın sanksiyalarından irəli  gələn nəticədir. Məqsəd isə Aİ-nı həm iqtisadi, həm də hərbi cəhətdən  ABŞ qarşısında diz çökdürməkdir. Bu proses qurtaran kimi, Ukraynada müharibə bitəcək...
 
-Siz iki əsrə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamış, bizə qarşı olmazın  repressiyalar, soyqırımlar, sürgünlər, deportasiyalar və s. törətmiş, XX əsrin əvvəlində də, sonunda da torpaqlarımızı ermənilərə işğal etdirmiş Rusiya imperiyasını, onun Ukrayna xalqına qarşı soyqırım törədən hazırkı qaniçən, Beynəlxalq Cinayət Məhkəməsinin cani elan etdiyi diktatoru Putini, az qala, dünyada, o cümlədən Qafqazda sülhün carçısı kimi qələmə verirsiz. Bu fikirlərinizi necə əsaslandırıb Rusiya imperiyasına haqq qazandırırsız?
 
-Bəli, tarixi keçmişimizə fikir versək, dediklərinizdə həqiqət vardır. Bununla belə, biz indiki reallıqdan çıxış etməliyik.  Reallıq isə budur : Qərbin imperialist siyasətinə qarşı çıxan bir dövlət başçısına(Putin nəzərdə tutulur-S.L.) Qərb stereotipləri ilə yanaşmaq gülüncdür. Bu saat Ukraynada bütün dünyanın taleyi həll olunur. Səbəbi NATO-nun Şərqə genişlənməsi və ABŞ-ın mono-fövqəl güc kimi qalması ilə bağlıdır. İstər Ukrayna, istərsə də Rusiya xalqlarının qırılmasına səbəb də elə budur. Eyni tarixi və genetik kökü olan iki qardaş xalq bir-birini qırır. Öz işləridir... Biz nə rusların, nə də ukraynalıların tərəfində olmalıyıq. Yadınıza salın ki, 20 Yanvarda Bakıda soyqırımı törətmiş generallardan biri Ukraynadan ordu birləşməsiylə gəlmiş Valeri Bünyadov idi.. İndi Allahın bəlasına gəliblər... Bunun Azərbaycana xeyri var, zərəri isə yoxdur. Tarixə fikir versəniz, görərsiniz ki, Bakı şəhərinin möhtəşəm binaları 1913-1918-ci illər arasında tikilmişdir. Bu, nəyi isbat edir. Avropa və Rusiya dağılmalıdır ki, Azərbaycan inkişaf etsin. Bu saat bu, baş verir və bu inkişafın qarşısını bir ölkə belə, ala bilməyəcək. Qoy bir-birini qırsınlar. Cəhənnəmə ki, qırsınlar. Azərbaycan vətəndaşı ancaq öz dövlətini düşünməlidir. Anlamalıdır ki, ancaq öz xalqımıza və millətimizə arxalanmalıyıq. Qarabağda qələbəmizi ancaq Azərbaycan vətəndaşları-azərbaycanlılar təmin etdi. Başqa ölkələrdən silah-sursat alsaq da, qələbəni bizə Azərbaycan Prezidentinin apardığı düzgün siyasəti və sərkərdəlik qabiliyyəti gətirdi. Qələbəmizi isə başqa ölkənin adına bağlamaq axmaqlıqdır... 
 
Rusiya isə inanmıram dağılsın. Əksinə, Ukrayna müharibəsinin sonunda dünyanı  ABŞ –ın mono- qütbülüyündən qurtarıb iki qütblüyə gətirib çıxaracaqdır...  
 
-Tahir müəllim, sizin bu fikirlə də heç cür razılaşmaq olmur ki, bu gün faktiki başqa ölkənin -Ukraynanın torpaqlarını işğal edən, orada qəsdən yaşayış binalarını, bazarları, marketləri bombalayıb dinc insanları qətlə yetirən, SES-ləri partladıb ekloloji fəlakət törədən Rusiya dövləti, ordusu olduğu halda, bu müharibəyə qarşı bitərəf mövqe tutaq. Müharibənin getdiyi 1 il 5 ay ərzində Rusiyada Ukrayna silahı ilə bir nəfər də mülki şəxs həlak olmayıb... Odur ki, Rusiya birmənalı olaraq işğalçı dövlətdir, Putin də ən əvvəl özü imperialist, diktator və beynəlxalq canidir. Düzdü, tarix boyu Qərb, ABŞ, Fransa, Britaniya da kifayət qədər işğallarla, soyqırımlarla yadda qalıb. Amma məgər bu amil Putinin Ukraynanı işğal etməsinə və Ukrayna xalqına qarşı soyqırım aparmasına haqq qazandırmalıdır?
 
(Davamı var)
 
Sultan Laçın

Tarix: 19-07-2023, 22:32
Xəbəri paylaş





Xəbər lenti