“Hazırda baş verənlər Rusiya sülhməramlılarının funksiyasını ələ salmaqdan başqa bir şey deyil”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir politoloq Aleksandr İskəndəryan tərəfindən səslənib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycana 9 noyabr bəyanatının əməl edilmədiyi ilə bağlı siqnal göndərib. Lakin İskəndəryanın fikrincə, həqiqəti siyasi reallıq müəyyən edir.
“Sənədlər o vaxta qədər yaşayır ki, onları qüvvədə saxlayan şərait olur. Ukrayna müharibəsi başlayandan sonra bu şərtlər artıq mövcud deyil. Rusiyanın resurs bazası başqa yerlərə yönəlib, onun Qarabağa vaxtı yoxdur”, - deyə İsgəndəryan vurğulayıb.
Aleksandr İskəndəryana görə, Azərbaycan Prezidenti İlham Əliyev bunu yaxşı başa düşür və əlinə keçən fürsəti dəyərləndirir.
“Əgər Azərbaycan özünü kifayət qədər güclü hiss edirsə, Rusiya isə kifayət qədər zəifləyibsə, o zaman vəziyyətdən asılı olaraq Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılması gec-tez baş verə bilər. Bu, 2025-ci ildə, daha əvvəl və daha sonra baş verə bilər. Azərbaycan çalışacaq ki, sülhməramlılar oradan yoxa çıxsın, çünki onlar üçün yeganə maneə sülhməramlılardır”, - deyə erməni politoloq bildirib.
Ekspertin fikrincə, Türkiyənin Cənubi Qafqazdakı mövqeyini 2020-ci il müharibəsi müəyyən edir.
“Ankara birmənalı olaraq Bakını dəstəklədi. Bu müharibədə türk müttəfiqi qalib gəldi, rus müttəfiqi isə uduzdu. Türkiyə bu payları itirmək fikrində deyil, ona görə də Azərbaycana dəstəyini davam etdirəcək”, - deyə İskəndəryan söyləyib.
Erməni politoloq Qərbin mövqeyinə də toxunub.
“Qərb regionda sülhün olmasına çalışır və problemin hansısa yolla həllini istəyir, lakin təfərrüatlar onun üçün o qədər də maraqlı deyil. Qarabağ ermənilərinin harada olacağı, hansı keçid məntəqəsindən keçəcəyi və digər məsələlər Qərb üçün ikinci dərəcəli əhəmiyyət kəsb edir”, - deyə Aleksandr İskəndəryan yekunlaşdırıb.
Tarix: 19-07-2023, 22:35