Son günlər Rusiyanın Xankəndidəki separatçı əlaltıları aldıqları təlimatlar və göstərişlər əsasında hərəkətə gələrək mitinqlər təşkil edir, vay-şivən qaldıraraq gülünc tələblər irəli sürürlər. Azərbaycanın sərt bəyanatlarından və Türkiyənin mövqeyindən təlaş keçirən Moskva başa düşür ki, iki ildən sonra “sülhməramlı” kontingentini buradan yığışdırmalı olacaq. Elə məhz ona gərə də Qarabağda qalmaq üçün istifadə materialları hesab etdikləri separatçıları itələyib meydana salıblar...Azərbaycan, Ermənistan və Rusiyanın üçtərəfli
10 noyabr bəyanatının şərtlərinə əsasən sülhməramlı qüvvələr
2025-ci ildə Azərbaycanın ərazisini tərk etməlidir. Əslində, biz hələ o zaman bilirdik ki, ruslar öz “sülhməramlılarını” Qarabağa gətirəndə heç də beş ildən sonra gedəcəklərini planlaşdırmayıblar.
Ancaq Azərbaycan artıq indidən mesaj verir ki, bu müddət uzadılmayacaq.Avropa və ABŞ, qismən də Türkiyə uzun illər ərzində Qarabağ münaqişəsinə münasibətdə passiv mövqedə dayanmışdılar. Məhz bizim qələbəmizdən sonra onlar artıq fəal şəkildə məsələyə münasibət bildirir, nüfuz edirlər və nəticədə
Rusiya kənara itələnir.Kreml Azərbaycan və Ermənistanın ondan uzaqlaşmaq istədiyini anlayır və elə bu səbəbdən də bütün imkanları ilə Qarabağda ilişib qalmağa cəhd göstərir. Rusiyanın planı nədir? Əlbəttə, siyasi proseslərdən azacıq anlayışı olan hər kəs çox gözəl bilir ki, Rusiya özünü 200 il öncəki kimi aparmaq istəyir və onlar üçün dünya sanki dəyişməyib, donaraq yerində qalıb. Rusiya yaxın qonşuları ilə davranmağın müasir və sivil üsullarını hələ də qavramayıb. Bəli, belə məfkurə yiyəsi olan Rusiya Cənubi Qafqazdan getmək niyyətində deyil.
Təbii ki, indi yaşananlara yerindicə reaksiya verilməlidir. Amma biz kiminlə qarşılaşdığımızı və ona necə təsir edəcəyimizi də unutmayaq. Ermənistanın varlığının səbəbkarı olan Rusiya öz tarixinin bəlkə də ən zəif və böhranlı dönəmlərindən birini yaşayır. Lakin onu bu vəziyyətə salan elə özü, öz imperiyaçılıq təfəkkürüdür. Ukraynada müharibəyə başlamaqla
ciddi strateji xətaya yola verən Kreml hazırda bizim regionu tərk etməmək üçün istənilən təxribatı törətməyə hazırdır.
Rusiya bir imperiya kimi ərazisini sərhədləri boyunca tarixən genişləndirib. Digər imperiyalarınsa çoxunda belə olmayıb. Elə bu səbəbdən də Moskva düşünür ki, əgər o, geri çəkilsə dağılacaq və ona görə də buraları öz ixtiyarında əbədi saxlmaq fikrindədir. Bir vaxtlar
Ukrayna, Polşa, Finlandiya da Rusiya imperiyasının tərkibində idi. Lakin artıq klassik imperiyalar dövrü çoxdan geridə qalıb, hamı dominyonlarından əl çəkib.
Rusiya imperiyası necə genişlənibsə, bundan sonra həmin proseslə də geriyə - daralmağa doğru gedəcək. Kremlin bütün çabalarına, aqressiyasına, manevrlərinə və vurnuxmasına baxmayaraq, belə bir prosesin qarşısının alınması mümkünsüz görünür. Bunun səbəbi tarixin xarakteri ilə bağlıdır. Rusiya rəhbərliyinin strateji zəkası yoxdur, onlar dərk etmirlər ki, Sovet İttifaqı çoxsaylı millətləri bir arada saxlamaq üçün cəlbedici kommunist ideologiyasından istifadə edirdi. İndi Rusiyanın xalqları öz nəzarətində tutması üçün heç bir resursu yoxdur, hamı ondan gen durmaq istəyir. Hətta Rusiyaya yaxınlığı ilə tanınan Tacikistanın Prezidenti Emomali Rahmon da görüşlərin birində Rusiyanın özünü aprmaq tərzindən Vladimir Putinə ittihamla dolu şikayət etmişdi.
Biz Rusiyanın
“yaxın xaric” adlandırdığı post-sovet ölkələrinə qarşı yürütdüyü siyasətin mahiyyətini nəzərə almalıyıq və bilməliyik ki, o, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin ikitərəfli qaydada həll edilməsinə əngəllər törədəcək. Moskva özünü zahirən sülhpərvər göstərməyə çalışsa da, əsl həqiqətdə onun əsrlər boyu apardığı siyasətin məğzi dəyişməyib.
Çünki Rusiya köhnə strateji plandan, düşüncədən uzaqlaşmayıb, yaxın qonşularına qarşı yeni münasibətlər sistemi hazırlamayıb, keçmişdən qalma ənənəvi zor, təxribat və təcavüz üsullarından əl çəkməyib. Kremldəki indiki rejimin davranışlarını izləyəndə onların çürümüş metodlarını yenidən işə salmaq istəklərini aydın görmək olar. Diqqət etsək, görərik ki, Rusiyanın Qarabağda və Ermənistanda yemlədiyi dılğırlar “lazımi məqamlarda” tez önə çıxarılırlar.
Ermənistan cəmiyyəti ağıllanıbmı?Görünən odur ki, İkinci Qarabağ müharibəsində ağır və rüsvayçı məğlubiyyətə uğramış ermənilərin ağılları tam başlarına gəlməyib. Bəllidir ki, Rusiya üçün Ermənistan xüsusi vasitədir, hərçənd ki, son dönəmlər bu ölkədə Kremlin siyasətinə etiraz edən kəsim peyda olub. Lakin bununla ümumi xarakter dəyişmir. Həmin etirazçıların çıxışlarından anlaşılır ki, Ermənistan özünə yeni hami, daha doğrusu isə yeni ağa axtarışındadır.
Ancaq unudurlar ki, məhz Rusiya ermənilərə saxta tarix yazıb, onlara dövlət düzəldib verib və sairə.
Ermənistanın bir ölkə kimi xilasının yeganə yolu özünü dəyişməsindən, xülyalarından qurtulmasından keçir, əks təqdirdə onlar üçün gələcək perspektiv qaranlıq görünür. Ermənistanda vəziyyətin kritikliyini hiss edənlər var, lakin bundan sağlam nəticə çıxarmaq mənasında cəmiyyət yekdillik nümayiş etdirmir. Yaranan ümumi təsəvvürə görə, ölkənin Baş naziri Nikol Paşinyan bunları dərk edir. Bəlkə də Paşinyan Rusiya ilə birgə yürüməyin, onu özünə müttəfiq hesab etməyin və eyni zamanda da Qarabağla bağlı mənasız israrların Ermənistana heç bir fayda gətirməyəcəyini yaxşı dərk edir. Amma o, daxili vəziyyətin gərinləşməsindən bərk narahatdır.
Ermənistanda Rusiyanın əldə saxladığı radikal millətçi korpusun liderləri əsas etibarilə Qarabağ erməniləridir və onların yenidən hakimiyyətə yiyələnmək üçün istifadə edə biləcəkləri yeganə kart Qarabağdır. Ölkənin iqtisadi durumu, dövlət təsisatlarının necə işləməsi, işsizlik və gənclərin ölkəni tərk etməsi kimi məsələlər bunları maraqlandırmır, yalnız boşboğazlıqla revanşist çıxışlar edirlər. İlk baxışda elə zənn oluna bilər ki, Koçaryan və Sarqsyan kimi adamların sözlərinə əvvəlki tək böyük önəm verilmir. Lakin unutmayaq ki, əgər hər hansı qurum yaxşı təşkilatlanıbsa, onun imkanları amorf və yayğın kütlənin qücündən dəfələrlə artıqdır.
Paşinyanın sözlərinə diqqət etsək aydın olar ki, o, Rusiyanın Ermənistan üzərində hökmə sahib olmasından məmnun deyil və istəyir ki, cəmiyyəti də tədricən buna hazırlasın. Bununla yanaşı, Paşinyan Rusiyadan öz hakimiyyəti üçün ciddi zərbə gələcəyindən də bərk çəkinir, çünki bilir ki, ölkənin içərisindəki
“gizli minalar” onun əleyhinə işə salına bilər və nəticədə silahlı qarşıdurma meydana gələr. Həqiqətən də Moskva ən kritik anda Ermənistanı qarışdırmaq üçün radikal addımlardan vaz keçməz.
Düzdür, indi Rusiya iyirmi il bundan öncəki təsir gücünə malik deyil, amma hər halda, 1999-cu ildə parlamentdəki terror aktı yaddaşlardan yəqin ki, silinməyib. Nikol Paşinyan müəyyən siyasi təcrübəyə malik olsa da, dərin strateji dərrakəyə sahib deyil və bu baxımdan o, qısa taktiki gedişlərdən uzağa gedə bilmir. Ona görə də tez-tez fikrini dəyişir, dayanıqlı siyasətçi təsiri bağışlamır.Onun bu xüsusiyyəti rusları bəzi hallarda qane edir və yəqin ki, Kreml Ermənistan Baş nazirinin xarakterini və bu cür davranışlarını nəzərə alaraq, ona qarşı müvafiq psixoloji təsir metodlarından istifadə edir. Belə bir adamla işləmək Qərbdə tərəddüdlər yaradır. Ancaq Rusiya da elə məhz bunu istəyir. Əgər Paşinyan konkretlik, qətiyyət nümayiş etdirməsə, daha çətin vəziyyətə düşəcək.
Əlbəttə, biz müstəqil dövlət kimi qətiyyən Rusiyanın yürütdüyü siyasətə, onun iradəsinə tabe deyilik. Məhz buna görə də Rusiya Azərbaycana qarşı erməni separatçıları kartından istifadə etməklə təsir göstərməyə çalışır. İndi artıq otuz və ya iyirmi il əvvəlki dövr deyil ki, Kreml bizə nəyisə diqtə edə bilsin. Hazırda bizim Rusiya və Ermənistan qarşısında böyük və ciddi strateji üstünlüklərimiz var və artıq Qarabağın açarı birmənalı olaraq bizim əlimizdədir. Aşağıdakı arqumentlər də bunu tədiqləyir:
Birincisi, Azərbaycan Ermənistan üzərində zəfər çalıb və öz ərazisini işğaldan azad edib, Rusiyanın sülhməramlı kontingenti isə Qarabağa müvəqqəti yerləşib. Qırx dörd günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə möhkəmlənmək üçün bizə vaxt lazım idi və Azərbaycan bu vaxtdan məharətlə yararlanıb.
İkincisi, Azərbaycan Laçın rayonu ərazisində Xankəndinə gedən yolun üzərində sərhəd buraxılış məntəqəsi qurub və bu, bizim bölgəyə tam nəzarət etməyimiz baxımından atdığımız ən mühüm addımdır.
Üçüncüsü, beynəlxalq hüquq normalarına görə, Qarabağ Azərbaycanın tərkib hissəsidir və orada yaşayanlar Azərbaycan vətəndaşıdır. Onların ekstra hüquq və ələlxüsus da müstəqillik istəmələri birmənalı olaraq nonsensdir. Əgər kimsə Azərbaycan vətəndaşı olmaq istəmirsə, ölkəni tərk edə bilər.
Dördüncüsü, Rusiya bəyannamə şərtlərinə görə iki ildən sonra buradan getməlidir və “sülhməramlılar”ın qalması ermənilərin yox, Azərbaycanın iradəsindən asılıdır. Əgər erməni separatçıları silahlı qarşıdurma yaratsalar və Azərbaycana tabe olmaqdan imtina etsələr, müvafiq tədbirlərin görülməsi tam qanunauyğun olacaq.
Beşincisi, Ermənistanın dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib və Avropadakı danışıqların predmeti məhz iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Hərçənd ki, Paşinyanın sözdə bəyanatı ilə bunun rəsmi sənədlə təsdiqlənməsi arasında böyük fərq var, amma hər halda bu, beynəlxalq hüququn normalarına riayət olunması istiqamətində müsbət addım kimi dəyərləndirilməldir.
Separatçılar nəyi anlamalıdırlar? Qarabağda yaşayan ermənilər anlamalıdırlar ki, ”miatsum” (“Birləşmə”) sevdası bitib və xoşluqla Azərbaycana inteqrasiya olunmaqdan başqa heç bir çarələri və çıxış yolları yoxdur, digər alternativlər isə onların vəziyyətini yalnız ağırlaşdıracaq.Bəs Xankəndidəki tökülmüş və sınmış qondarma rejim nəyə ümid bəsləyir? Onlar nə düşünürlər? Bəlkə fikirləşirlər ki, rusların köməyi sayəsində 5-10 minlik qanunsuz silahlı dəstələri ilə hansısa hərbi əməliyyat keçirə bilərlər?Ermənistanı 44 günlük müharibədə ağır məğlubiyyətə uğradan Azərbaycan ordusuna qarşı belə avantüraya onları sövq edən və həvəsləndirən yalnız Rusiya ola bilər. Ancaq əvvəl-axır ordumuz bu qanunsuz dəstələri məhv etməlidir və vaxtı yetişəndə edəcək də!
Vaqif Nəsibov“AzPolitika.info”
Tarix: 22-07-2023, 10:56