Jurnalistlər AŞPA-ya müraciət etdi


…problemlərin həllinə qədər Azərbaycanın üzvlüyünün dondurulmasını gündəmə gətirilməsini rica edirik”
Müstəqil media təmsilçiləri 22 İyul Milli Mətbuat Günü münasibətilə Avropa Şurası Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinə,
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristoffersenə müraciət ünvanlayıb. 
Meydan TV həmin müraciətin mətnini olduğu kimi dərc edir:
“Biz – bu müraciəti imzalayan azərbaycanlı jurnalistlər, 2022-ci ilin fevral ayında Azərbaycanda qüvvəyə minmiş “Media haqqında” Qanunun media və ifadə azadlığını məhdudlaşdıran məzmunda tətbiq edilməsindən narahatlığımızı ifadə edir, Avropa Şurası ailəsi üzvlərini belə mürtəce tənzimləmələrə qarşı dəstəyə dəvət edirik. 
“Media haqqında” Qanunun Azərbaycan Respublikası Konstitusiyasına, Avropa İnsan Hüquqları Konvensiyasının ifadə və media azadlığı hüququnu qoruyan müddəalarına uyğun olmaması ilə bağlı yerli ekspertlərin hələ qanun qəbul edilməzdən əvvəl açıqladıqları mövqe 2022-ci ilin iyun ayında Avropa Şurasının Venesiya Komissiyasının açıqladığı rəydə də təsdiqlənib. 
Komissiyanın gəldiyi qənaətə görə, qanun Avropa Şurası standartlarına qətiyyən cavab vermir,  Avropa Şurasına üzv olan hər hansı bir ölkədə belə məzmunlu qanunun tətbiqi yolverilməzdir.
Komissiya hesab edib ki, qanun hazırkı mətni ilə tətbiq edilməməli, əgər bu baş verməzsə, onun bir çox müddəaları mütləq dəyişdirilməlidir.
“Media haqqında” Qanunun Avropa Şurası standartlarına cavab verməməsi ilə bağlı qiymətləndərmə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü ilin iyun ayında Azərbaycanda səfərdə olan həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristoffersenin səfərinin yekunu ilə bağlı bəyanat və hesabatında bir daha təkrarlanıb, həmməruzəçilər media ilə bağlı mövcud qanunvericiliyin ümumilikdə mürtəce və məhdudlaşdırıcı məzmunda olduğunu ifadə ediblər. 
Bunun ardınca, Avropa Şurasının Nazirlər Komitəsi 2022-ci ilin dekabrında qəbul etdiyi qətnaməsində qanunun gecikmədən dəyişdirilməsini istəyib. 
Bizdə dərin təəssüf yaradır ki, qanunun mürtəce, ifadə və media azadlığını hədələyən məzmunu ilə bağlı ifadə edilmiş mövqelər, ortaya qoyulmuş rəylər indiyədək qətiyyən diqqətə alınmayıb, qanunun tam gücü ilə tətbiq edilməsinə başlanıb. Xüsusilə, Qanunun jurnalistika fəaliyyətini az qala lisenziyalı fəaliyyət növünə çevirən müddəalarının tətbiqi – dövlət tərəfindən media, jurnalistlərin vahid reyestrinin yaradılması, vahid vəsiqələrin verilməsi, reyestrə daxil edilənlərin fəaliyyətinin qanuni jurnalist fəaliyyəti hesab edilməsi, müstəqil media, azad jurnalistikanın fəaliyyətini olduqca neqativ təsirləndirməkdədir.
Reyestrlə bağlı informasiyalar qapalıdır, bununla belə, natamam bilgilərə görə, azı 50 medianın reyestrə daxil edilməsindən imtina olunub. Digər tərəfdən, çıxış yolunu məhkəmələrə şikayət etməkdə görən medialarla bağlı məhkəmələr də ədalətli qərar vermir. 
Qanunun Azərbaycan Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı media rəhbərləri və jurnalistlərin Konstitusiya Məhkəməsinə müraciətləri də baxılmamış qalıb. 
Təəssüflər olsun ki, belə tənzimləmələrin tətbiq olunması, Azərbaycanı təməl hüquq və azadlıqların hakim olduğu Avropa ailəsinə yaxınlaşdırmır, onu ifadə, media azadlığının kövrək qalıqlarının da təhlükə altına düşdüyü ölkəyə çevirməkdədir.
Bütün bunların Avropa Şurasının da müşahidəçiliyi altında yaşanması təəssüf doğurur. Çünki Avropa Şurası da bir çox hallarda üzv ölkədə azadlıqların məhdudlaşdırılması ilə bağlı ciddi addımlar atmayıb. Əksinə, bir çox hallarda monitorinq altında olan ölkədə baş verənlər diqqətdən kənarda qalıb. Bu da Azərbaycan cəmiyyətində, mediada Avropa Şurası kimi bir qurumun fəaliyyəti ilə bağlı inanmsızlıq mühitinin yaranmasına səbəb olub. 
“Sərhədsiz Reportyorlar” təşkilatının media azadlığı reytinqində Azərbaycan 180 ölkə arasında 154-cü yerdədir. Bu qanunun qəbulu və icrası Azərbaycanda media mühitini bundan sonra daha da ağırlaşdıracaq və jurnalistlər üçün ciddi problemə çevirəcək. Onsuz da Azərbaycanda söz və ifadə azadlığına təzyiqlər artan xətt üzrə davam edib, hələ də həbsxanalarda jurnalistlər var. 
Məhdudlaşdırıcı “Media haqqında” Qanun icrasından sonra 2023-cü il martın 14-də Saatlı rayonunda suya görə keçirilən aksiyada, həmçinin iyunun 20-də Gədəbəyin  Söyüdlü kəndində qızıl yatağının yaratdığı ekoloji problemlə bağlı keçirilən aksiyalar zamanı müstəqil jurnalistlər çəkiliş aparmasına imkan verilməyib, onlar saxlanılıb, təzyiqə məruz qalıb, aksiya keçirilən kənddən uzaqlaşdırılıblar, yalnız hökumətə yaxın icazəli jurnalistlər əraziyə buraxılıb. Artıq bir sıra dövlət qurumları Media Reyestrindən keçməyən jurnalist və mediaların informasiya sorğularını da cavablandırmaqdan imtina edirlər. 
Biz, bu müraciəti imzalayan media təmsilçiləri, Azərbaycan hökumətinə Avropa Şurasına üzvlüklə bağlı öhdəliklərin qətiyyətlə xatırladılmasını, “Media haqqında” Qanunun ifadə və media azadlığına sağalmaz yaralar vurmadan dəyişdirilməsinin istənilməsini, əks halda bu problemlərin həllinə qədər Azərbaycanın üzvlüyünün dondurulmasını gündəmə gətirilməsini rica edirik.
Hörmətlə, Azərbaycanın müstəqil media təmsilçiləri: 
Şəmşad Ağa
Aynur Elgünəş
Alya Yaqublu
Əfqan Muxtarlı
Rövşən Hacıbəyli
Mustafa Hacıbəyli
Qənimət Zahid
Şahvələd Çobanoğlu 
Samirə Əhmədbəyli
Ülvi Həsənli
Natiq Cavadlı 
Aytac Tapdıq
Elməddin Şamilzadə
Aynurə Heydərova
Samirə Qasımlı
Şahnaz Bəylərqızı
Ülviyyə Əli
Sevgi İsmayılbəyli
Fatimə Mövlamlı
Fərid İsmayılov
Elnarə Qasımova
Anar Abdulla
Mina Əlyarlı
Hafiz Babalı
Sevda Səmədova
Samirə Əli
Elmar Əziz
Vüqar Qurdqanlı
Çingiz Sultansoy
Hüseyn İsmayılbəyli
Mehman Hüseynov
Sevinc Vaqifqızı 
Aynur İmranova
Fikrət Hüseynli 
Vüsalə Mikayıl
Nurlan Qəhrəmanlı
Ədil Hüseynli
Natiq Adilov
Tarix: 23-07-2023, 15:51
Xəbəri paylaş





Xəbər lenti