Güney Azərbaycanın yerli ənənələri olan bölgələrindən biri də Zəncandır. Bu bölgə məşhur əl işləri ilə də tanınır. Zəncan sənətkarlığı milli xüsusiyyətləri ilə seçilir. Buranın ən məşhur əl işi bıçaq istehsalıdır. “Zəncan bıçağı” ifadəsi Güney Azərbaycan və İranda məşhurdur. Hətta elə arasında belə bir deyim də var: “Təbriz uşağı, Zəncan bıçağı, bir də qanov (kanal-S.S.) qırağı zarafat götürməz”.Güney Azərbaycanın başqa bölgələri kimi, Zəncan da Tehran hakimiyyətinin diqqətinə kənar qalıb. Bu əyalətin əl işi nümunələrinin ölkə və dünya bazarına çıxarılmasında ciddi problem var. Heç şübhəsiz, İran hakimiyyətinin yürütdüyü siyasət səbəbindən tətbiq edilən sanksiyalar ölkəyə turistlərin səyahətinə də problem yaradıb. Bu da əl işi nümunələrinin satılmasını və bu səbəbdən də yerli əhalinin gəlir əldə etməsini əngəlləyir.
Zəncan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatı bildirib ki, şəhərin əsas əl işi nümunələrindən sayılan və İranla yanaşı başqa ölkələrdə də məşhurlaşan Zəncan bıçağı sənayesi yox olmaq üzrədir.
Bunun səbəblərindən biri də xaricdən ölkəyə bıçaq idxalının artmasıdır.
Hakimiyyətin uyğun qurumlarının bu sahədə çalışanlara güzəştlər etməməsi, onların fəaliyyətinə dəstək verməməsi və şərait yaratmaması da bıçaq istehsalçılarının azalmasına təsir göstərən başlıca amillərdəndir.
Təşkilatın məlumatına görə, bu sahənin dirçəldilməsi və yenidən canlandırılması məqsədi ilə əyalətdə “Zəncan bıçağı günü” qeyd etməyi planlaşdırılır: “Bununla belə, mövcud sahədə problemin həlli üçün hakimiyyətin dəstəyinə ehtiyac var”.
Bildirilib ki, hazırda Zəncanda 700 emalatxanada 1500-dən çox sənətçi Zəncan bıçağı istehsalı ilə məşğul olur. Bıçaq sənətkarları hələlik kifayət qədər olsa da, azalmaqdadır. Çünki bu peşəyə marağın yaradılmasına nə bazar, nə də şərait var.
İranda milli, etnik adət və ənənələrin, dillərin inkişafı ilə bağlı tədbirlərin keçirilməsinə qadağa qoyulmayıb. Ancaq Tehran rejimi dövlətin bu istiqamətdə qanunlarını pozmaqdan da çəkinmir.
İyulun əvvəlində Cənubi Azərbaycanın Zəncan əyalətində türklərin, azərbaycanlıların milli mədəniyyəti ilə bağlı festivalın keçirilməsi nəzərdə tutulmuşdu. İranın İslam Mədəniyyəti və İrşad Nazirliyi festivalı ləğv edib. İyulun 3-dən 6-dək “Respublika türk dillilərin ilk ənənə və adətləri festivalı” adı altında keçirilməli olan bu tədbirdə 11 teatr tamaşasının və 10 aşıq musiqisi əsərinin nümayişi planlaşdırılırdı. Ancaq 4 gün qalmış İranın panfarsist təhlükəsizlik qurumları tədbir ləğv edib.
Tədbirin təşkilatçılarından olan Əmir Sahami bildirib ki, katibliyə göndərilmiş 40 əsərdən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Quzey Xorasan əyalətlərindən 11 teatr tamaşası festivala vəsiqə qazanmışdı. Əsərlər 2 ifada “Ağ Qoyun, Qara Qoyun”, “Təkəm”, “Üz Yığma”, “Su dəbləri” anlamında olan “Ayin Ab”, “Saray”, “Kosa və Keçəl”, “Koroğlu və Cəfər Paşa”, “Təkəmçi Məhəmməd”, “Yenə yarpaqları tökülür” və “Gəraylı” tamaşalarından ibarət idi.
Festivala vəsiqə qazanmış qruplardan birinin rəhbəri tədbirin ləğvinə etiraz edib: “Festivala dəstək verəcəklərini vəd etmiş Zəncan əyaləti İslam Mədəniyyət və İrşad Baş İdarəsi, başqa qurumlar açılışa 4 gün qalmış bizə bildirdilər ki, festivala büdcə ayrılmadığı üçün tədbir ləğv edilir”. Onun sözlərinə görə, bütün hazırlıqlar görülmüş, hətta hotellər belə rezerv olunubmuş.
Maraqlıdır ki, bu tədbiri ləğv edən hakimiyyət Tehranda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərinin iştirakı ilə İranda yaşayan türklərin mədəniyyət və incəsənət festivalı keçirmək fikrindədir. Rejimin məqsədi yerli və xarici investorların diqqətini maksimum dərəcədə cəlb etməkdir. Rəsmi mənbələr bildirib ki, festivalda Ərdəbil, Urmiya, Zəncan və Təbriz şəhərlərinin hər birinə bir gün ayrılması sərmayələrin cəlb edilməsinə və ictimai iştirakçılığın artmasına əhəmiyyətli təsir göstərəcək.
İlk baxışdan xoşməramlı görünsə də, bu mədəni tədbiri keçirməkdə Tehranın başqa hiyləsi də yox deyil. Milli-mədəni fəalların tədbirini maliyyə bəhanəsi ilə ləğv edən hakimiyyət bu istiqamətdə təşəbbüsü ələ almağa çalışır. Ona görə də tədbiri Tehranda keçirir. Bununla həm də Azərbaycan, həm də dünya ictimaiyyətinin gözündə özünü humanist göstərməyə çalışır. Tehran belə milli-mədəni tədbiri keçirməklə həm də ölkədə riskli vəziyyətin olmadığını göstərməyə çalışır. Rejimin hədəfi Azərbaycan milli mədəni fəallarının etnik mahiyyətli tədbirlər keçirməsinin qarşısını almaqdır. O, belə tədbirləri özü keçirərək, vəziyyətə nəzarəti, milli şüar və mərasimlərin təşəbbüsünü ələ almağa çalışır. Qeyd edək ki, fars şovinist düşüncə sistemi hər zaman dara düşəndə türklərdən istifadə edir. Məsələn, Xamneyinin ali rəhbər olması bu qəbildəndir. Bununla ölkəyə “türklər rəhbərlik edir” fikrini cəmiyyətdə yaymağa çalışırlar. Halbuki Xamneyi hakimiyyətdə marionetdir. O, panfarsçı, İran mərkəzli fars düşüncə sisteminin əlində oyuncaqdır. Tehran rejimi onun idarəetmə bacarığından və başqa keyfiyyətlərindən panfarsizmi siyasi hakimiyyətdə saxlamaq üçün istifadə edir. Elə mövcud hakimiyyətin azərbaycanlıların milli-mədəni şüarlarını mənimsəmək cəhdi də buna oxşayır…
Sədrəddin Soltan - Pressklub.az
Tarix: 23-07-2023, 23:21