Ermənistanın "humanitar yük" təxribatının arxasındakı SİRR

Ermənistanın "humanitar yük" təxribatının arxasındakı
“Ermənistanın tibbi evakuasiya və çatdırılma funksiyasını yerinə yetirən Laçın yolu məsələsi ilə bağlı siyasi manipulyasiya və spekulyasiya ilə məşğul olması qəbuledilməzdir”.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı, Türkiyə, ABŞ və İsveçrənin səfirləri ilə görüşündə bildirib.

Hikmət Haciyev "Twitter" hesabında Ermənistan tərəfinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın nəzarət-buraxılış məntəqəsi yaxınlığında son provakasiyasının beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

“Yalnız Laçın yolundan istifadə etməkdə israrla, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Xankəndindəki separatçıların marionet “rəhbərləri” yerli əhalini öz siyasi ambisiyalarının girovluğunda saxlayır”, - deyə Hikmət Haciyev yazıb.

Qeyd edək ki, iyulun 26-da 400 tonluq humanitar yardım daşıyan yük avtomobilləri İrəvandan çıxaraq Laçın keçid məntəqəsinə doğru hərəkət edib. Erməni tərəfi yüklərin məntəqədən ermənilərin məskunlaşdığı Azərbaycan ərazilərinə keçirilməsinə kömək edilməsi üçün rus sülhməramlılarına müraciət edib.

Lakin iyulun 15–də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Pezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son üçtərəfli görüşdə Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu üzərində humanitar yüklərin daşınması ilə bağlı razılıq əldə olunub. Bu razılıq BXQK-nin bəyanatında da təsdiq edilib.

Erməni KİV-nin məlumatlara görə, Azərbaycan humanitar karvanın Laçın keçid-buraxılış məntəqsindən Qarabağa keçməsinə icazə veməyib. Rus sülhməramlıların Azərbaycan rəsmiləri ilə danışlıqları da heç bir nəticə verməyib.

Bununla yanaşı, hərbi ekspert Ədalət Verdiyevin sosial şəbəkədə yaydığı məlumata görə, Azərbaycan Laçın sərhəd keçid məntəqəsinin yaxınlığında əlavə qüvvələr yerləşdirib.

Artıq bu hadisədən sonra Qərbdən Azərbaycan üzərində təzyiqlər müşahidə edilməkdədir.

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayindəsi Cozep Borrell Azərbaycanı Laçın yolunu açmağa tələb edib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin təklif etdiyi Ağdam-Xankəndi yolu Laçın dəhlizinə alternativ olaraq görülməməlidir.

“Laçın dəhlizi boyunca təhlükəsizliyə və hərəkət azadlığına tezliklə təminat vermək və böhranın daha da genişlənməsinə imkan verməmək Azərbaycanın vəzifəsidir” – deyə Borrell bildirib.

Maraqlıdır, erməni tərəfini DSX-nın Laçın nəzarət-buraxılış məntəqəsi yaxınlığında provokasiyaya əl atmağa kim sövq edib? Bu işin arxasında Rusiya və ya Fransa dayana bilər? Bu provokasiyanın arxasında əsasən hansı məqsəd dayanır?

Siam.az-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Rusiya və Fransa, o cümlədən Ermənistan bu cür təxribatların baş verməsində maraqlıdır:

“Hər üç ölkə Laçın yolunda nəzarət-keçid məntəqəsinin mövcudluğunu öz maraqları üçün problem hesab edir. Amma hesab edirəm ki, bu cür təxribatlara yol vermək nəinki Ermənistana, hətta Rusiya və Fransaya xeyr gətirəcəyi inandırıcı görünmür. Çünki Azərbaycan bölgədə son addımlarını beynəlxalq hüququn normalarına uyğun atır. Hər kəs bilməlidir ki, Laçın yolu Azərbaycan Respublikasının qanuni ərazisinə daxildir. Azərbaycanın Ermənistanla sərhəd ərazisində keçid-buraxılış məntəqəsi qurması onun hüququdur. Bu baxımdan ərazidə hansısa ciddi poblemin baş verəcəyini düşünmürəm.

O ki qaldı Avropa İttifaqının Azərbaycandan Laçın yolunun açılmasını tələb etməsinə, böyük ehtimalla Azərbaycanın dövlət rəhbərliyi beynəlxalq hüququn normaları və dövlətlərin suveren hüquqlarına əsasən arqumentlər gətirməklə Avropa İttifaqına lazımi cavab verəcək.

Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, Ermənistan bu addımı atmaqla son oynunu oynamış oldu. Yəqin ki, Azərbaycan da qəti və ciddi tədbir görməklə erməni tərəfinin bu məkrli siyasi oynunu tez bir zamanda pozacaq”.

Paşinyanın sülhün lehinə son çıxışları ilə erməni tərəfinin son provokasiyası arasında ziddiyyətlərin olub-olmaması ilə bağlı suala cavablandıran E.Xalidbəyli vurğulayıb ki, Ermənistanın özündə vahid mərkəzli hakimiyyət yoxdur:

“Bəli, Paşinyanın sülhün lehinə olan çıxışlarını konstruktiv hesab etmək olar. Lakin son provokasiyada Paşinyan hakimiyyətinin də xüsusi rolu ola bilər. Çünki Paşinyan hər vəchlə özünü və hakimiyyətini daxili təhlükələrdən qorumağa çalışır. Ola bilsin ki, Paşinyan bu hərəkəti ilə erməni xalqına demək istəyir ki, Azərbaycanla sülhün lehinə çıxışlar etməyimə baxmayaraq Ermənistanın maraqları üçün bu cür addımlara atmağa hazıram.

Əslində bu məsələdə çox müəmmalı versiyaları nəzərdən keçirmək olar. Amma xüsusi olaraq vurğulamaq lazımdır ki, Paşinyan radikal erməni millətçilərinin sui-qəsdindən çox qorxur.

Eyni zamanda, Paşinyan ölkəmizə qarşı belə təxribatlara yol verməklə sülh prosesinin uzadılmasına çalışa da bilər. Çünki Paşinyana zaman lazımdır ki, Azərbaycanla sülh müqaviləsini imzalamaq imkanı tapsın.

Digər tərəfdən, Nikol Paşinyanı özünə problem hesab edən müəyyən dairələr humanitar yardım adı altında belə bir provokasiya təşkil etməklə Paşinyan hakimiyyətinin nüfuzdan salınması üçün zəmin yarada bilərlər”.

Politoloq Paşinyanın avantürist siyasətçi olduğunu bildirib:

“Faktiki olaraq Paşinyan qətiyyən güvənilə bilən siyasətçi deyil. Paşinyan elə bir xarakterə malik siyasətçidir ki, sözdə dedikləri ilə atdığı addımlar arasında ziddiyyətlər var. Bu şəxsin əməldə müsbət addım atması müşahidə edilməyib. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Paşinyan son hadisəyə bənzər təxribatlara dəfələrlə yol verib”.

Yaxın zamanda ABŞ, Avropa İttifaqı və Rusiyandan Azərbaycan üzərində Laçın məsələsi ilə bağlı təzyiqlərin artması məsələsinə gəlincə, E.Xalidbəyli qeyd edib ki, Ermənistan müxtəlif vasitələrə əl atmaqla Azərbaycan üzərində beynəlxalq təzyiqin intensivləşməsinə çalışır:

“Ümumiyyətlə, müxtəlif siyasi güc mərkəzlərinin təzyiqləri beynəlxalq hüququn normaları çərçivəsində əsaslandırılmalıdır. Laçın yolunda nəzarət-keçid məntəqəsinin ləğv edilməsi üçün Azərbaycana təzyiqlərin artırılması absurddur. Bu müddət ərzində Qərb tərəfindən Azərbaycan üzərində ciddi təzyiqlərin olacağını gözləmirəm. Sadəcə ABŞ və Avopa ölkələrinin rəsmiləri bu məsələ ilə bağlı kəskin bəyanatlar səsləndirəcəklər.

Beynəlxalq hüquq baxımından Azərbaycana qarşı sərt sanksiyaların tətbiq ediləcəyi və ya hər hansı addımların atılacağı inandırıcı görünmür. Ona görə ki, Azərbaycan öz qanuni sərhəd ərazilərinin təhlükəsizliyini təmin edir.

Onu da əlavə edim ki, müxtəlif millətlərin öz ərazisindən başqa ölkənin ərazisinə keçməsi üçün dəhlizin verilməsi ilə bağlı örnəklər yoxdur. Azərbaycan da bu istiqamətdə addım atmaq məcburiyyətində deyil”.

Sonda E.Xalidbəyli nə Emənistan, nə də digər dövlətlərin Qarabağ ermənilərinin hüquqları məsələsinə müdaxilə edə biləcəyini deyib:

"Qanuni ərazimizdə məskunlaşan erməni sakinlərin hüquqları və təhlükəsizliyi Azərbaycan konstitusiyasına və qanunlarıa uyğun təmin olunacaq. Ölkəmizdə yaşayan digər etnik millətlərlə bərabər ermənilər də eyni hüquqlardan istifadə edəcək, eyni öhdəlikləri daşıyacaqlar.

Bir önəmli məqama da diqqət yetirmək lazımdır ki, Ermənistan, eləcə də bəzi güc mərkəzləri hazırki siyasi prosesinin sona doğru getdiyini başa düşür”.
Tarix: 27-07-2023, 22:32
Xəbəri paylaş





Xəbər lenti