Qarabağ yoxdur, indi masada Ermənistandır - Tevanyan
Azərbaycanın bütün Ermənistanla bağlı ambisiyaları var, Ermənistan hakimiyyəti bunu gözəl bilir.
Axar.az xəbər verir ki, bu sözləri “Ana Ermənistan” hərəkatının koordinatoru Andranik Tevanyan deyib.
“Ermənistan dünyada heç kimin gözləmədiyi bir iş gördü. O, inanılmaz şəkildə uşağından imtina etdi (Ermənistanın Azərbaycanın Qarabağ və anklavlar da daxil olmaqla, ərazi bütövlüyünü tanıması nəzərdə tutulur – red.). Bütün bunlardan sonra Rusiyanın əli bağlıdı. Rusiyanın faktiki olaraq Ermənistan və Azərbaycanın müqaviməti ilə üzləşdiyi mənzərə ilə qarşılaşdıq. Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması faktiki olaraq 9 (10) noyabr sənədində olan bəndi aradan qaldırır - söhbət Laçın dəhlizindən gedir. Əgər Qarabağ Azərbaycana məxsusdursa, onda Laçın dəhlizi də Azərbaycana aiddir – Nikol Paşinyan və Azərbaycan belə hesab edir. Beynəlxalq ictimaiyyət bu qərara qarşı çıxmayacaq.
Qərb üçün əsas olan Rusiyanı bu regiondan qovmaqdır: ilk addım rus sülhməramlıların çıxarılması olacaq, sonra Rusiya hərbi bazaları problemi qaldırılacaq və bundan sonra Ermənistanın dövlətçilik problemi yaranacaq, çünki o zaman bizim təhlükəsizlik sahəsində heç bir imkanımız olmayacaq”, - Andranik Tevanyan bildirib.
Onun sözlərinə görə, bu gün Qarabağ danışıqlar mövzusu kimi mövcud deyil, Ermənistan hakimiyyəti bu mövzunu bağlayıb:
“Bu gün Ermənistan məsələsi müzakirə edilir. Danışıqlar prosesi sırf Ermənistanla bağlıdır və hazırda Ermənistan masa arxasında deyil, masaya qoyulub. Dövlət başçısı səviyyəsində Ermənistan-Qarabağ qarşıdurması irəliləyir: bu, məqsədli şəkildə edilir. Belə bir yalançı tezis yayılır ki, Qarabağı verməklə 29,8 min kv.km-nı (Ermənistanın ərazisi – red.) xilas edə bilərik. Bu günlərdə xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündə Azərbaycanın ümumiyyətlə istənilən xəritə ilə hər hansı sərhədləri demarkasiya və delimitasiyadan imtina etməsi faktı qeydə alınıb. Azərbaycanın bütün Ermənistana ambisiyaları var, Ermənistan hakimiyyəti bunu yaxşı bilir”.
Tarix: 1-08-2023, 09:42