Erməni xislətinə bürünən BQXK: Saxtakar, riyakar, cinayətkar, qaçaqmalçı, yoxsa hamısı?


Azərbaycan uzun illər beynəlxalq ictimaiyyətin, təşkilat və qurumların ikiüzlü yanaşması və ikili standartlardan əziyyət çəkib.
Beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyini dəstəkləsə də, beynəlxalq hüququ heçə sayan “beynəlxalq fiqurlar” bu işdə hər zaman qərəzli mövqe nümayiş etdiriblər.
Müvafiq prosesi hətta bu gün belə müşahidə etmək çox asandır. Çox uzağa getmədən bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı Qarabağa baxmaq kifayət edir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) dünyanın müxtəlif ərazilərində humanitar missiyaları icra edən beynəlxalq təşkilatdır. Ancaq yəqin ki, dünyanın heç yerində Azərbaycanda göstərdikləri “xidmətləri” göstərmirlər. Təşkilatın ölkəmizdəki fəaliyyəti bir sıra suallar doğurur. Məsələn, nəyə görə təşkilatın qədim Azərbaycan şəhəri Xankəndidə yerləşən ofisi Bakıdakı ofisə deyil, İrəvandakına tabedir?
Üstəlik, BQXK suallara cavab vermək fikrində belə deyil. Məsələn yuxarıda qeyd olunan müvafiq suala cavab olaraq bildirilib ki, “bu ofis İrəvana tabe deyil”. O ki qaldı logistik və inzibati tənzimləmələrə, “bizim aidiyyəti üzrə qərar verənlərlə olan ikitərəfli və konfidensial dialoqun bir hissəsidir. Buna görə də sözügedən mövzuda ictimai açıqlamalar verilmir”.
Təşkilatın cavabında bəlli olur ki, bu məsələdə deyiləcək çox söz sözləri yoxdur. Məsələni ötr-basdır etmək, sualdan yayınmaq cəhdi isə sadəcə acizliyin aşkar ifadəsidir. Görünür, BQXK rəsmiləri ən azı utanc hislərini saxlaya biliblər və ya həqiqəti etiraf etməkdən çəkiniblər.
Əslində isə həqiqət tamamilə aşkar şəkildə ortadadır: 2000-ci illərin əvvəllərində BQXK rəsmi Bakı ilə razılaşdırmadan və ümumiyyətlə Azərbaycanı məlumatlandırmadan Xankəndidəki quldur rejimi ilə saziş imzalayıb. Bu sazişin mətni indiyədək gizli saxlanılır və Azərbaycanın çoxsaylı tələblərinə baxmayaraq, Komitə “məxfi” bəhanəsi ilə mətni açıqlamır.
Bu kimi hallar qurumun özünü “bitərəf” və ya “müstəqil” qələmə verməsini mümkünsüz edir. Hərçənd BQXK-nın İsveçrənin qeyri-hökumət təşkilatı olduğunu nəzərə alsaq, onsuz da hansısa “müstəqil”likdən danışmaq gülünc olardı.
BQXK-nın Qərbin kəşfiyyat vasitəsi kimi fəaliyyət göstərdiyinə dair ciddi şübhələr var. Həm birinci, həm ikinci Qarabağ müharibələri zamanı komitənin əməkdaşları hərbi sirr sayıla biləcək məlumatlar topladığı məlum olub, bu məlumatların sonradan Fransa və Ermənistana ötürüldüyünə dair də məlumatlar var.
Vaxtilə BQXK-nın iki livanlı əməkdaşının hərbi sirr sayıla biləcək məlumatlar topladığı aydın olduqda onlar Azərbaycanda “persona non-qrata” – arzuolunmaz şəxs elan olunmuşdular. BQXK bu məsələyə də indiyədək arqumentli şəkildə aydınlıq gətirməyib.
44 günlük İkinci Qarabağ Müharibəsi günlərində BQXK ordumuzun Fizuli istiqamətində hücuma keçməsinə maneələr yaratmağa çalışmışdı. Eyni hal ordumuzun Laçın istiqamətində irəliləməsi zamanı da yaşanmışdı.
Müstəqilliyi şübhə altında olan “humanitar” təşkilatın eyni zamanda məkrli planlar arxasınca qaçdığını da söyləmək mümkündür. Belə ki, 2018-ci ildə Gəncədə iki polisin qətli ilə nəticələnmiş iğtişaşlardan sonra həbs olunmuş şəxslərə baş çəkmiş BQXK əməkdaşları onlara aclıq elan etməyi və Fransa səfirliyinə müraciət etməyi məsləhət görmüşdülər.
Bunlar onu göstərir ki, BQXK öz üzərinə götürdüyü humanitar missiyaları riyakar planlar üçün alətə çevirir. Çünki hansısa ölkənin düşməninin girə bilmədiyi, orduların müdaxilə imkanlarının olmadığı, casuslar üçün əlçatmaz olan ərazilər, bəlkə də, BQXK üçün o qədər də uzaq görünmür. Ona görə də humanitar missiya adı altında təşkilat mandatından kənar fəaliyyətlərə yönələ və ya yönləndirilə bilir...
BQXK-nın riyakar planları, qanunsuz addımlarından bəhs etmişkən bir faktı da xüsusi ilə qeyd etmək olar ki,
BQXK-nin xəritələrində hələ də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti xüsusi olaraq göstərilir və Azərbaycan ərazisindən fərqləndirilir. Yəni, BQXK separatçılığa göz yumur, qapalı qapılar arxasında hətta ona dəstək də göstərir. Əks halda Xankəndidə “heç kimə tab olmayan BQXK ofisi”nin nə işi var?
Separatçılığa dəstək verən bir təşkilat necə olur ki, özünü humanitar təşkilat adlandıra bilir? Hər halda bunun adı riyakarlıqdır, özü də adi, iyrənc və ikrah doğuran riyakarlıq yox, riyakarlığın zirvəsi sayılan erməni riyakarlığı... BQXK-nın erməni xisləti daşıması isə artıq bu təşkilatın özünün düşünməli olduğu qəbahəti, ayıbıdır. Necə oldu ki, humanitar prinsipləri əsas götürməli olan təşkilat erməni xislətinə büründü, olmaya Anri Dünan bu təşkilatın təsis sənədini erməni dilində yazıb? Əks halda BQXK-nın yol verdiyi “nöqsanları”, alət olduğu saxtakarlıq və oyunları əsaslandırmaq olduqca müşkülə çevrilir...
BQXK-nın ermənilərə münasibəti ilə tamam fərqlidir. Hər halda İkinci Qarabağ müharibəsi başa çatandan sonra BQXK qısa vaxt ərzində 1700 nəfər erməni hərbçisinin cəsədini toplamağı bacardı, amma birinci müharibədə itkin düşmüş dörd min azərbaycanlı hərbçinin tapılması üçün bu günə qədər konkret bir addım atdıqlarını nə görən, nə də eşidən olmayıb.
Üstəlik, təşkilat hələ 1995-ci ildə 54 nəfər Azərbaycan vətəndaşının əsirlikdə saxlandığını müəyyənləşdirmişdi, onların məktublarını da təqdim etmişdi. Sonradan isə əsir həmvətənlərimiz kimi BQXK-nın şərəfli fəaliyyətindən də bir xəbər çıxmadı...
Sonda onu qeyd edək ki, tarixi Zəfərimizdən sonra BQXK-nın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayan erməni əhalisi üçün qaçaqmalçılıqla məşğul olduğu da sübuta yetirilib.
Nə qədər aciz mənzərədir, qiymət vermək elə də asan deyil. Ya ermənilər üçün saxtakar, riyakar, cinayətkar, qaçaqmalçı obrazına bürünürsən, ya da elə özün bu adlara sahibsən, sadəcə uzun illər ərzində uğurla maskalanmısan. Ya yanında bağlı qaldığın ermənilərlə həmxasiyyət olmusan, ya da onsuz da həmkarın olanların yanında özünü açıq-aşkar ifşa edəcək qədər yolunu azmısan...
Suallar çox, cavablar isə yoxdur. Eynilə BQXK-nın “qədim Azərbaycan şəhəri Xankəndidə yerləşən ofis nəyə görə Bakıdakı ofisə deyil, İrəvandakına tabedir?” sualına cavabı olmadığı kimi...
Oxu.az
Orxan Tağıyev



Tarix: 5-08-2023, 23:17
Xəbəri paylaş





Xəbər lenti