ABŞ-ın “siyası bazarlığı”: Azərbaycan öz maraqlarını heç kimə güzəştə getməyəcək

ABŞ-ın “siyası bazarlığı”: Azərbaycan öz maraqlarını heç kimə güzəştə getməyəcək 


ABŞ Senatının üzvü, erməni lobbisinin nümayəndələrindən biri Harri Piters Azərbaycana qarşı embarqoların tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayıb. 
Senata təqdim olunan sənəddə ermənilərə qarşı hücum hərəkətləri edilməyəcəyi aydınlaşana qədər ABŞ-ın Azərbaycana təhlükəsizlik yardımı göstərməsini qadağan etmək təklif olunur. Piters Azərbaycanın Qarabağda qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatı aparmasını “erməni xalqına qarşı zorakılıq” adlandırıb.
“Biz bu qanunu qəbul etməliyik ki, Amerika regionda “təcavüz”ünə son qoyana qədər Azərbaycana əlavə yardımın qarşısını alsın”,-deyə senator əlavə edib. 
Qeyd edək ki, Harri Piters Senatın Xarici Əlaqələr Komitəsinin sabiq sədri, Azərbaycana qarşı düşmən münasibəti ilə tanınan Bob Menendesə çox yaxın adam sayılır. Harri Piters sentyabrın 23-də, yəni Azərbaycanın keçirdiyi antiterror əməliyyatından dərhal sonra həyat yoldaşı erməni olan Bob Menendeslə birlikdə Ermənistana səfər edib. Həmin günlərdə artıq Bob Menendesə və onun xanımına qarşı rüşvət almaq ittihamı ilə cinayət işi açılmışdı.
Bu səfər göstərir ki, Senator Piters heç Menendesdən geri qalmır və onunla necə deyərlər, “eyni qabdan su içir”. Harri Pitersin əsas maliyyə qaynağı və siyasi dəstəyini erməni diasporu təşkil edir. Senator bu pulu və mandatı qazanmaq üçün erməni terroruna hər cür siyasi dəstək verməyə hazırdır. Onun ermənilərlə bağlı növbəti canfəşanlığı da şübhəsiz ki, seçkilərə hesablanıb. 
2024-cü ildə ABŞ-da həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Ermənipərəst mövqeyi ilə seçilən Demokratlar Partiyası hakimiyyətdəki üstünlüyünü qoruyub saxlamaq üçün bir il öncədən hərəkətə keçib. Harri Piters də gələn il yenidən Senata mandat qazanmaq üçün ermənilərin maliyyə yardımına və səslərinə ümid edir. Onun Ermənistanda olarkən Azərbaycanla şərti dövlət sərhədinə gələrək Laçın sərhəd-buraxılış məntəqəsindən keçən ermənilərin köç prosesini izləməsi də, İrəvanda verdiyi bəyanatlar da, ABŞ Senatına təqdim etdiyi qanun layihəsi də yalnız ermənilərdən seçki kampaniyasını maliyyələşdirmək üçün pul və səs qoparmağa xidmət edir.
Senator Piters Azərbaycan əleyhinə qanun layihəsini müzakirəyə çıxartmaqla yalnız ABŞ-da deyil, Ermənistanda və digər ölkələrdə yaşayan ermənilərə də qarmaq atır. Yəni Piters Azərbaycanı “zorakılıq”da, “təcavüz”də ittiham etməklə ermənilərin iddialarını beynəlxalq səviyyədə təmin edəcəyinə dair görüntü yaradır. Bununla daha çox mənfəət qazanmaq istəyir. Ancaq ABŞ-ın Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı piterslərin korporativ maraqlarından daha üstündür. Bu münasibətlər terrorçuluğa qarşı birgə mübarizəni, kibertəhlükəsizlik, kəşfiyyat, əks-kəşfiyyat, enerji təhlükəsizliyi və digər strateji əhəmiyyətli sahələrdə birgə əməkdaşlığı əhatə edir. 
Azərbaycana qarşı təhlükəsizlik sahəsində yardımın dayandırılması ABŞ-ın bu əməkdaşlıqdan imtina etməsi deməkdir. Rəsmi Vaşinqton qeyd edilən istiqamətlər üzrə Azərbaycanla kəşfiyyat informasiya mübadiləsi aparır və maliyyə dəstəyi ayırır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət kimi ABŞ-ın əsas strateji tərəfdaşlarından biridir . ABŞ-ın Azərbaycana qarşı Pitersin təklif etdiyi qadağalar tətbiq etməsi həm də Avropanın enerji təhlükəsizliyinə zərbə deməkdir. Ukraynada gedən müharibə və Cənubi Qafqazda geosiyasi rəqabətin artması fonunda ABŞ-ın Azərbaycana qarşı qadağalar tətbiq etməsi öz strateji maraqlarını bir qrup radikal erməni ilə senator Pitersin siyasi “bazarlığı”na qurban verməsi ilə nəticələnə bilər.
Hazırda Rusiyanın enerji asılılığından xilas olmağa çalışan Avropa ölkələri üçün Azərbaycanın ixrac etdiyi təbii qaz əsas alternativ variantlardan birinə çevrilib. Qış aylarının yaxınlaşdığı bir vaxtda Avropanın enerji təhlükəsiliyinə zərbə vurmaq Rusiyaya qarşı Qərb koalisiyasında çatların yaranmasına yol aça bilər. Yəni bu gün təhlükəsilik sahəsində yalnız Azərbaycanın ABŞ-a deyil, həm də ABŞ-ın Azərbaycana ehtiyacı var. Sanksiyalar və qadağalar isə Azərbaycanı öz mövqeyindən çəkindirməyəcək. Çünki Azərbaycan üçün ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı milli təhlükəsizliyin əsas prinsipini təşkil edir. 
Azadlığı Müdafiə Aktına “907-ci düzəliş” 1992-ci ildən bəri ABŞ-ın Azərbaycana hərbi yardımına məhdudiyyət yaradır. Buna baxmayaraq, Azərbaycan işğal altındakı ərazilərini tamamilə azad edərək Xankəndi də daxil olmaqla tarixi torpaqlarına nəzarəti de-yure təmin edib. Bütün bunlar göstərir ki, hər hansı yeni qadağa qəbul olunsa belə, Azərbaycan öz ərazisində separatizmin dirçəlməsinə və işğala imkan verməyəcək. 
Pitersin təklif etdiyi qanun layihəsinin qəbulu həm də Azərbaycan Ermənistan münasibətlərinin nizamlanmasına dair Vaşinqtonda aparılan sülh danışıqlarında bitərəflik prinsipini pozur. Bu isə dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə aparılan danışıqlara etimadsızlıq yaratmış olar. Nəticədə, Rusiya diplomatik təşəbbüsü öz əlinə ala bilər. Ona görə də həmin qanun layihəsinin qəbul olunacağı inandırıcı görünmür. 
Tarix: 3-10-2023, 09:18
Xəbəri paylaş





Xəbər lenti